İTTİHAM: "3 sot torpağa görə məndən 10 min manat pul istədi"
22-04-2015, 19:40
Oxunub: 4 899
Etiraf etmək lazımdır ki, dövlət idarə və müəssisələrində məsul vəzifələri tutan bəzi şəxslər əllərində olan səlahiyyətdən başqa məqsədlər üçün istifadə edirlər. Əksər hallarda belə şəxslər kimlərinsə işini aşırmağı öz üzərinə götürür. Ya kimisə işə düzəltmək adı altında, yaxud başqa məsələlərdən ötrü pul alırlar.
Lakin heç də həmişə verdikləri vədə əməl etmirlər. Belə olan halda vətəndaşlar dələduzluq faktı ilə üz-üzə qalırlar. Dünən redaksiyamıza müraciət edən paytaxt sakini İzanov Bahadur Əlqüşad oğlu Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB) 88 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi Şirinov Arzuman Səttar oğlu tərəfindən aldadıldığını bildirdi. Şikayətçi deyir ki, bir müddət əvvəl Sabunçu rayonunun Savalan yaşayış massivində torpaq sahəsi almaq qərarına gəlib. Bu məqsədlə tanışı Arzuman Şirinova müraciət edib: "Onun belə işlərlə məşğul olduğunu bilirdim. Torpaq almaq istədiyimi deyəndə, mənə Savalanda torpaq satıldığını dedi. Torpağın sahibi isə Əhmədov Bulud adında şəxs idi. Biz onunla "Qara Qarayev" metrostansiyasının yaxınlığındakı çayxanalardan birində görüşdük. Arzuman da yanımda idi. 3 sot torpağa görə məndən 10 min manat pul istədi. Qiymətdə razılaşdıq və Bulud Əhmədova pulun 3 min manatını indi, yerdə qalan hissəsini isə sonra verəcəyimi dedim. Pulu torpağın sahibinə verəndə MKİS rəisinin müavini 1000 manatı özünə götürdü. Dedi ki, mənə təcili pul lazımdır, yerdə qalan hissəni verəndə üstünə qoyub qaytararam. Aradan bir müddət keçəndən sonra söhbətimiz baş tutmadı. Maddi problemlər olduğu üçün pulun qalan hissəsini düzəldə bilmədim. Belə olan halda Bulud Əhmədovdan ödədiyim pulu geri tələb etdim. O isə pulu torpağı satandan sonra qaytaracağını dedi. Pulun 2 min manatı onda, 1000 manatı isə Arzuman Şirinovdadır. Bir ildən çoxdur ki, məni süründürürlər. Mənzil-Kommunal İstismar Sahəsində rəis müavini vəzifəsini daşıyan şəxs qardaşına arxayındır. Özünün dediyinə görə, qardaşı hansısa icra hakimiyyətində memarlıq şöbəsinin müdiri işləyir. Çıxılmaz vəziyyətdə qalmışam. Mənə deyir ki, hara istəyirsən get şikayət elə". Şikayəti araşdırmaq üçün torpağın sahibi Bulud Əhmədovla əlaqə saxladıq. O faktı təsdiqləyərək bildirdi ki, torpaq alqı-satqısına görə Bahadur adlı şəxsdən 2 min manat alıb: "Aramızda anlaşma oldu və torpağı ümumilikdə 10 min manata razılaşdıq. Bahadur ilkin olaraq 3 min manat verdi. Həmin məqamda Arzuman pulun bir hissəsini özünə götürdü. Mən buna qarışa bilməzdim. Sonradan elə oldu ki, qarşı tərəf torpağı almaq fikrindən vaz keçdi. Mən onun pulunu yeməmişəm, belə niyyətim də yoxdur. Torpağı satan kimi onun pulunu özünə qaytaracam". Məsələdə əsas ittiham hədəfi olan 88 saylı MKİS-in mühəndisinə də zəng vurduq. A.Şirinov bildirdi ki, Birinci Avropa Oyunları ilə əlaqədar olaraq başı çox qarışıqdır: "Hər gün tədbirdə oluruq. Çox danışa bilmirəm. Torpaq satılsın vətəndaşın pulunu qaytaracam". MKİS-in rəis müavini bu sözləri deyəndən sonra dəstəyi asdı. Başa düşə bilmədik ki, o hansı torpaq satışından danışır. Axı onun torpağa heç bir aidiyyəti yoxdur. Sözügedən torpaq sahəsi satılacağı halda Bahadur müəllimə 2 min manat qaytarılacaq. Yerdə qalan 1000 manatı isə rəis müavini verməlidir. Bir də bizə çox maraqlıdır, görəsən Arzuman müəllim "Jek" rəisinin müavinidir, yoxsa "makler"? Şikayətçi isə deyir ki, əgər problem yaxın vaxtlarda həllini tapmasa, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yazılı surətdə müaciət edəcək. Növbəti saylarımızda mövzunu daha da genişləndirəcəyik.
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes