BolgeXeber.Com » Ölkə » Bakıda “qəbir yeri bazarı” – Konkret qiymətləri Cavanşir Tağıyev müəyyənləşdirir

Bakıda “qəbir yeri bazarı” – Konkret qiymətləri Cavanşir Tağıyev müəyyənləşdirir

23-04-2015, 12:07
Oxunub: 4 269 Bakıda “qəbir yeri bazarı” – Konkret qiymətləri Cavanşir Tağıyev müəyyənləşdirirBir qədər paytaxtdan kənarda yerləşən Biləcəri qəbiristanlığında 1 kvadratmetrin qiyməti 400-500 manat arasında dəyişir

Məlum olduğu kimi bu gün respublikamızın müxtəlif rayonlarından paytaxt Bakıya daimi yaşamağa gələn vətəndaşlarımızın sayında dinamik bir artım müşahidə olunmaqdadır. Maraqlıdır ki, dövlət tərəfindən həyata keçirilən regionların iqtisadi inkişaf proqramları sayəsində şəhər və rayon sakinlərinin məişət şəraitləri arasındakı fərqin getdikcə aradan qalxması da bu axının qarşısını almağa kifayət etmir. Hətta informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və bölgələrimizdə tətbiqi nəticəsində gənc nəslin informasiya mübadiləsi baxımından əldə etmiş olduqları yeni imkanlar da böyük şəhərlərin cazibə qüvvəsini üstələyə bilmir. Digər tərəfdən isə şəhərlərə kütləvi axın prosesi – urbanizasiya, bu şəhərlərin özlərində müxtəlif problemlərin yaranması ilə müşahidə olunur. O cümlədən günü-gündən artan əhali sıxlığı iri şəhərlərdə su, qaz, elektrik enerjisi təchizatından tutmuş, yollarda yaranan tıxaclara qədər bir sıra problemlərin yaranmasına səbəb olur.

Qəzetimizin ötən saylarında dərc olunmuş materiallarda biz həmçinin şəhər əhalisinin kəskin şəkildə artmasını müşayiət edən təzahürlərdən biri kimi, Bakıda getdikcə daha aşkar hiss olunan qəbiristanlıq problemi barədə söz açmışdıq. Lakin belə bir məqamı da inkar etmək olmaz ki, problem adlandırdığımız məvhumun özü də əslində nisbi xarakter daşıyır. Bu xüsusda dərc etdiyimiz materiallarda biz xüsusilə Bakı və ətraf qəsəbələrdə yerləşən qəbiristanlıq müdirlərinin mövcud şəraitdən şəxsi mənafeyləri naminə məharətlə istifadə etmələri məsələsinə də toxunmuşduq. Məlumdur ki, insan sıxlığı yüksəldikcə bütün istehlak mallarına tələbat da artır. Lakin insanların tələbatı təkcə istehsal sahələrində yaradılan nemətlərlə təmin olunmur. Bu baxımdan cənazənin dəfninə dair müəyyən olunmuş islam qaydaları son illər iri şəhərlərdə cəmləşməyə meyilli olan əhalinin qəbir yerlərinə tələbatını da xeyli yüksəldib. Bu tələbat isə öz növbəsində qəbiristanlıq spekulyasiyalarına şərait yaradıb. Daha dəqiq desək, bu gün qəbiristanlıqlarda spekulyasiya obyektinə çevrilən, məzar üçün nəzərdə tutulmuş, təxminən 2,5 kvm-lik torpaq sahəsidir. Ümumiyyətlə, etiraf etmək lazımdır ki, Bakıda son illərdə oturuşmuş bir “qəbir yeri bazarı” formalaşıb.

Müxəlif mənbələrin iddialarına görə isə bu bazarda istər qiymətlərin müəyyənləşdirilməsi, istərsə də bazarın idarə olunması Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev tərəfindən həyata keçirilir. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, paytaxtın və ətraf qəsəbələrin qəbirstanlıq ərazilərində torpaq “satışı” ilə məşğul olan şəxslər, konkret qiymətlərin təklif olunmasında məhz Cavanşir Tağıyevə istinad edirlər. Bakının müxtəlif yerlərindəki qəbiristanlıqlarda isə müxtəlif qiymətlər mövcuddur. Məsələn, Bakıda 200 manatdan 8000 manata qədər qəbir yeri satılır. Bir qədər paytaxtdan kənarda yerləşən Biləcəri qəbiristanlığında 1 kvadratmetrin qiyməti 400-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında 2000-3000 manat civarında və daha yuxarıdır. Bu arada isə Cavanşir Tağıyev mətbuata verdiyi açıqlamalarda israr edir ki, guya qəbir yerləri vətəndaşlara pulsuz verilir. Digər tərəfdən də Əhaliyə Vətəndaşlıq Xidməti Tresti hər il mərasim xidmətlərinin, eləcə də mərmərin, daşın-qumun-sementin qiymətini qaldırır, ölü sahiblərini çətin durumda qoyur.

P.S. Yaxşı deyiblər ki, ot kökü üstə bitər. Redaksiyamıza daxil olan məlumatlarda Cavanşir Tağıyevin oğlu Tural Tağıyevin də işlədiyi Sumqayıt Gömrük İdarəsində yol verdiyi müxtəlif qanun pozuntularına dair açıqlamalar təqdim olunur. Qeyd edək ki, Tural Tağıyev Sumqayıt Gömrük İdarəsində rəis müavini vəzifəsini tutur. Amma bu barədə artıq növbəti saylarımızda… bizimdovr.az