BolgeXeber.Com » Ölkə » Binəqədidə falçı əhalini aldatmaqla məşğuldur

Binəqədidə falçı əhalini aldatmaqla məşğuldur

30-04-2015, 11:16
Oxunub: 4 365 Binəqədidə falçı əhalini aldatmaqla məşğuldurQəzetimizin 08 aprel 2015-ci il tarixli sayında “Binəqədidə falçı Adilin oyunbazlığı” sərlövhəli tənqidi material dərc olunmuşdu. Növbəti dəfə millətimizi cəhalətə sürükləyən falçılığın ifşasına həsr etdiyimiz bu materialda paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində mistik atributların pərdəsi altında dələduzluqla məşğul olan daha bir fırıldaqçının əməllərindən bəhs edilirdi. Bu xüsusda aldığımız məlumatda bildirilirdi ki, Adil adlı bu falçı vətəndaşları öz evində qəbul edir. Bir “seans”ın qiyməti isə 15-20 manat civarındadır. Amma bu məbləğ sadəcə Adilin qəbuluna düşmək üçün yetərlidir. Yəni “bəxt açılması”, “cadunun batil olunması” kimi əməllər daha başa gəlir. Məsələn, müşkülə düşmüş insanların baxtlarının açılması onlara 100 manata və yaxud da daha baha başa gələ bilər. Mövzuya dair dərc etdiyimiz ötən materiallarda biz dəfələrlə qeyd etmişdik ki, bu gün cəmiyyətimizdə bəzi insanlar müəyyən müşküllərinin həlli xüsusunda öz ümidlərini fırıldaqçı ekstrasenslərin, şarlatan falçıların “köməyinə” bağlamaqla bir tərəfdən olan-qalan ruzilərinin də kəsilməsinə yol açırlar, digər tərəfdən də dost-tanışın, qohum-əqrəbanın gülüş hədəfinə çevrilirlər. Amma bir məqamı da qeyd etməmək olmaz ki, bəzən insanların bu yalanlara uymasında kütləvi informasiya vasitələrinin də rolu olur. Xatırlayırsınızsa, qəzetimizin ötən saylarında biz müxtəlif kütləvi informasiya vasitələrində, xüsusilə də bəzi televiziya kanallarında müəyyən falçıların ekstra qabiliyyətləri, reallaşmış öncəgörmələri və hətta bir çox hallarda hadisələrin gələcək inkişafına guya ki, müdaxilə etmək imkanlarının geniş təbliğ olunması barədə bir neçə tənqidi material dərc etmişdik. Materiallarda qeyd olunmuşdu ki, bu cür tərtib olunmuş təbliğat kampaniyası mahiyyət etibarı ilə yüksək qazanclı falçılığın reklamından başqa bir şey deyildir. Çox şükürlər olsun ki, son vaxtlar bu tip “marketinq” fəaliyyəti ilə getdikcə daha az rastlaşırıq. Lakin bu da ümumi vəziyyətin kəskin dəyişməsinə səbəb olmur. Artıq reklam marketinqinin gücünü görən bəzi falçılar bu yönümdə fəaliyyəti elektron informasiya vasitələri olmadan belə, özləri həyata keçirməyə çalışırlar. Həm də reklam üçün seçdikləri məkanların insanların qəlblərinə daha yaxın, ümid bağlarının daha sıx olduğu yerlər olmasına xüsusi diqqət edirlər. Digər tərəfdən də biz dərc etdiyimiz materiallarda təqdirəlayiq hal kimi son vaxtlar cəmiyyətimizin bu cəhalət tör-töküntülərindən təmizlənməsi istiqamətində ölkənin hüquq-mühafizə orqanları tərəfindən çox mühüm addımların atılmasını qeyd etmişdik. Bu baxımdan ötən il İlham Mirzəyevin həbs olunması bu şeytani biznesə vurulmuş ən güclü zərbələrdən biri kimi qiymətləndirilə bilər. Bir müddət bundan əvvəl isə yenə də Binəqədi rayonunda fəaliyyət göstərən “Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, özünü “Həzrət Sabir” kimi təqdim edən 48 yaşlı Sabir Abbasov həbs edildi. Məlum olduğu kimi bu şəxslər də digər “həmkarları” kimi öz qulluq mövqeylərindən və vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olurdular. Lakin göründüyü kimi bu şəxslərin aqibəti onların yolunu gedən digər fırıldaqçılar üçün hələ də yetərli ibrət olmayıb. Elə Binəqədidə falçı Adilin törətdiyi əməllər də bunu bir daha sübut edir. Belə məlum olur ki, Binəqədi RPİ-nin rəhbərliyi bu yönümdə həyata keçirdiyi tədbirləri qətiyyən səngitməməlidir. Əks halda Adil və onun kimiləri bu millətin bəxtini elə “bağlayarlar” ki, sonradan yarana biləcək fəsadları artıq heç bir vasitə ilə aradan qaldırmaq olmaz...