BolgeXeber.Com » Ölkə » Rektorlar və vəzifəli məmurlar deputat olmayacaq

Rektorlar və vəzifəli məmurlar deputat olmayacaq

5-05-2015, 10:26
Oxunub: 3 130 Rektorlar və vəzifəli məmurlar deputat olmayacaqAyrı-ayrı dövlət qurumlarına rəhbərlik edənlər seçim etməli olacaqlar; ölkə rəhbərliyinin bununla bağlı prinsipial qərar verdiyi iddia olunur

Milli Məclisin yeni tərkibində rektor deputatlar təmsil olunmayacaq. Bu barədə “Yeni Müsavat”a adının çəkilməsini istəməyən məlumatlı mənbə bildirib. Mənbəmizin sözlərinə görə, artıq rektorlara bu barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, 125 deputat arasında müxtəlif dövlət və özəl ali təhsil ocaqlarının rektorları var. Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Naxçıvan Universitetinin rektoru İsa Həbibbəyli, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev mandat daşıyırlar.

Xatırladaq ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov rektor deputatların mandatdan məhrum edilmələri üçün müvafiq qurumlara dəfələrlə çağırış etmişdi. Hesab olunur ki, İlyas müəllimin müraciəti hüquqa əsaslanmaqla yanaşı, eyni zamanda müəyyən dairələrlə razılaşdırılmış da ola bilərdi.

Rektorlar və vəzifəli məmurlar deputat olmayacaqDigər bir məlumata görə, mandat daşıyan, eyni zamanda ayrı-ayrı dövlət qurumlarına rəhbərlik edənlər də iki yoldan birini seçməli olacaqlar. Məsələn, ARDNŞ prezidenti Rövnəq Abdullayev, yaxud “Dövlət Dəmir Yolları” QSC-nin rəisi Cavid Qurbanov da Milli Məclisdə təmsil olunur. Onların növbəti parlamentin tərkibində olmayacaqları iddia olunur. Bildirildiyinə görə, ölkə rəhbərliyi rəhbər vəzifə tutanların mandat daşımayacağı barədə prinsipial qərarını açıqlayıb.

Ancaq bəzi istisnaların ola biləcəyi də ehtimal edilir. Parlament tərkibində üstün yerlərdən birini tutan iş adamı və biznesmen deputatların da yeni tərkibə düşməsi çətin olacaq. Onların gənc, intellektual kadrlarla əvəzlənəcəyi gələn xəbərlər sırasındadır. Ümumiyyətlə, 2015 seçkilərindən sonra Milli Məclisin tərkibinin kifayət qədər yenilənəcəyi iddia olunur.

Ancaq məlumatlı mənbəmiz bunu da bildirdi ki, hələ heç kim parlamentə düşüb-düşməyəcəyini dəqiq bilmir. Seçkilərə aylar qalsa da, bu gün diqqət Avropa Oyunlarına yönəldiyindən ölkənin siyasi gündəminin əsas hadisəsinə yalnız iyul ayından sonra ciddi diqqət veriləcək və hazırlıqlar başlanacaq.
BOLGEXEBER.COM