BolgeXeber.Com » Ölkə » Şəkidə çökən səhiyyə sistemi Oqtay Şirəliyev buna müdaxilə etməlidir

Şəkidə çökən səhiyyə sistemi Oqtay Şirəliyev buna müdaxilə etməlidir

9-05-2015, 16:29
Oxunub: 2 963 Şəkidə çökən səhiyyə sistemi Oqtay Şirəliyev buna müdaxilə etməlidirBaş həkim Mərkəzi Xəstəxanada, poliklinkalarda və kənd xəstəxanalarında adı olub özü olmayan “ölü can”lar saxlayır

Yeni aldığımız məlumatlara görə Şəki Rayon Mərkəzi Xəstəxanasında əhaliyə göstərilən tibbi xidmətlərin olduqca aşağı səviyyədə olması rayon ictimaiyyətini son vaxtlar ən çox narahat edən məqamlardan birinə çevrilmişdir. Redaksiyamıza təqdim edilən çoxsaylı məlumatlarda bildirilir ki, yerli sakinlərin xüsusi narazılığını doğuran amillərdən biri xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlərin olmasıdır.

Məlumatlı mənbələr bildirirlər ki, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Daxil olan məlumatda göstərilir ki, uzun illərdir ki, Şəkinin tibb ocaqlarına ayrılan dərman və tibbi pereparatların heç 20 faizi də tibb ocaqlarına verilmir. Hər il Şəkiyə dövlət tərəfindən ayrılan təqribən 1 milyon manatlıq dərman pereparatlarının demək olar ki, 90 faizi baş həkimə və ona yaxın olan şəxslərə məxsus apteklərdə satılır. Mənbə bildirir ki, məlum apteklərdə yoxlama aparılsa, onlarda külli miqdarda qeydiyyatda olmayan dərmanlar tapılacaq.

Həmin dərmanların məhz dövlətin Şəki səhiyyəsinə ayırdığı dərmanlar olduğu bildirilir. Eyni vəziyyət Şəki Rayon Mərkəzi Xəstəxanasına ayrılan ərzaqla bağlı da müşahidə olunduğu göstərilir. Bildirilir ki, ərzaq üçün ayrılan pulların böyük hissəsi saxta sənədlər əsasında nəğdləşdirilərək mənimsənilir. Bundan başqa məlumatlarda xüsusi olaraq xəstəxananın doğum şöbəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Şikayətçilər bildirirlər ki, şöbənin müdiri Ruziyyə Hüseynova doğuş üçün konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə buraxılmır. Qiymətlər isə belədir ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər. Təbii doğuş isə 300-400 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. Şöbə müdiri isə deyir ki, yığdığı pulların bir hissəsini xəstəxananın baş həkimi Məcid Əliyevə çatır. Bütün bunlara rəğmən isə doğum şöbəsində bura gələnlərə göstərilən tibbi xidmətin səviyyəsi ümumilikdə xəstəxanada olduğundan qətiyyən fərqlənmir. Yəni bu xidmətlər arzuolunandan xeyli aşağıdır. Hətta bəzi mənbələrin iddialarına görə qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirmək istəyən hamilə qadınlar üzərində cərrahi əmaliyyatlar da burada qeyri-peşəkar həkimlər tərəfindən aparılır. Ola bilsin ki, məhz bu amillər son vaxtlar şöbədə ana və uşaq ölümü hallarının da artmasına səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, Şəki Rayon Mərkəzi Xəstəxanasında yer almış neqativ hallar artıq xeyli müddətdir ki, ölkə mətbuatının da diqqət mərkəzindədir. Buna səbəb isə rayondan mətbuata davamlı olaraq şikayət məktubları və ərizələrin ünvanlanmasıdır. Bir müddət bundan əvvəl bu xüsusda təqdim olunan açıqlamalarda bildirilirdi ki, baş həkim Məcid Əliyev şəhər xəstəxanalarında, poliklinikalarda tibb bacısı olmaq istəyənlərdən 3 min manat pul alır. Kənd sahə xəstəxanalarında tibb bacısı olmaq həvəsinə düşənlər isə 1500 manatlarından keçməlidirlər. Həmçinin məlumatlara görə baş həkim Mərkəzi Xəstəxanada, poliklinkalarda və kənd xəstəxanalarında adı olub özü olmayan “ölü can”lar saxlayır.

Qeyd edək ki, Şəki rayon səhiyyə sistemi Şəki şəhərində 6 xəstəxanadan, 7 poliklinikadan, kəndlərdə isə 15 kənd tibb məntəqəsi və 3 sahə xəstəxanasından ibarətdir. Daha sonra daxil olan məlumatda göstərilir ki, Məcid Əliyev bir çox kənd sahə xəstəxanalarına öz yaxın adamlarını tibb məntəqə rəisi təyin etdirməklə onların əli ilə ayrılan vəsaitlərin silinməsində və bir çox şəxslərin adlarının həmin tibb ocaqlarında getməsinə şərait yaradıb. Həmçinin açıqlamalarda baş həkimin əsas qazanc mənbəyinin Doğum evi, Birləşmiş uşaq xəstəxanası, Mərkəzi Poliklinika və onun 1, 2 saylı uşaq şöbələri, Təcili tibbi yardım stansiyası və Təxirəsalınmaz tibbi yardım regional məntəqəsi olduğu göstərilir...