BolgeXeber.Com » Ölkə » Tərtərdə faşizm üzərində Qələbənin 70 illiyi qeyd olundu - Fotolar

Tərtərdə faşizm üzərində Qələbənin 70 illiyi qeyd olundu - Fotolar

9-05-2015, 17:00
Oxunub: 5 287 1Tərtərdə faşizm üzərində Qələbənin 70 illiyi qeyd olundu - Fotolar941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubleyinə həsr olunmuş umumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu

Əvvəlcə tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri qoyaraq, həlak olanların xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qələbə bayramı münasibətilə veteranları təbrik etdi. Rayon rəhbəri bildirdi ki, bəşər tarixində ən amansız faciələrdən biri sayılan İkinci Dünya müharibəsinə son nöqtənin qoyulduğu gündən-9 may 1945-ci ildən 70 il keçir.

Böyük Vətən müharibəsi bəşər tarixində ən dəhşətli, ən qanlı, ən dağıdıcı müharibə olmuşdur. Bu müharibədə Sovet İttifaqının xalqları, antihitler koalisiyası-SSRİ, ABŞ, İngiltərə, Fransa alman faşizmi üzərində misilsiz qələbə çalmışdır. Bu qələbə böyük tarixi əhəmiyyətə malikdir. Əsrlər keçəcək, gələcək nəsillər bu qələbənin bəşəriyyət üçün, dünya üçün nə qədər əhəmiyyətli olduğunu daha da çox dərk edəcəklər.

Bütövlükdə 1418 gün davam edən Böyük Vətən müharibəsində o zamankı Sovet İttifaqının 20 milyondan çox insanı tələf olmuşdur.

Respublikamızdan cəbhəyə getmiş, döyüşlərdə hünər göstərmiş 130 nəfər ən yüksək ada-Sovet İttifaqı Qəhrəmanı adına, 10 minlərlə soydaşımız orden və medallara layiq görülmüşdür.

Böyük Vətən müharibəsi başlanarkən Azərbaycanda 416-cı Taqanroq, 223-cü Belqrad, 77-ci Simferepol diviziyaları təşkil olunmuşdur. Şəxsi heyətinin əksəriyyəti azərbaycanlılardan ibarət olan bu diviziyalar Qafqaz dağlarından döyüşə-döyüşə Almaniyaya qədər gedib çıxmış və qələbənin qazanılmasında öz töhfələrini vermişlər.

Faşizm üzərində tarixi qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Bakı nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün həlledici amillərdən biri olmuşdur.

Müharibə dövründə Sovet İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi.

Müharibə illərində ölkəmizi yer üzərindən silmək istəyən Hitleri Azərbaycanın maddi sərvətləri, xüsusilə Bakı nefti daha çox maraqlandırırdı.

Təsədüfi deyil ki, müharibə zamanı Hitlerə ad günü münasibətilə verilən tortun üstündə Bakının xəritəsi çəkilmişdir.

Azərbaycanın şanlı oğulları Mehdi Hüseyinzadənin, Həzi Aslanovun, Gəray Əsədovun, Aslan Vəzirovun, Qafur Məmmədovun, Hüseynbala Əliyevin, İsrafil Məmmədovun, Ziya Bünyadovun, Adil Quluyevin, Əhmədiyyə Cəbrayılovun və bir çox başqalarının qəhrəmanlıqları əsrlər boyu yaşayacaqdır. Bu gün onların hər birini böyük hörmət və ehtiramla xatırlayırıq. Onların keçdiyi şərəfli döyüş yolu hər bir azərbaycanlı üçün örnəkdir.

Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizin də 2417 nəfər oğlu və qızları alman faşizminə qarşı igidliklə döyüşmüşlər. Onlardan 1079 nəfəri müharibədə həlak olaraq əbədiyyətə qovuşmuşdur. Müharibə zamanı həmyerlilərimizdən İdris ibadov, Həbib Abbasov, Xalid Səfərov, Xosrov Əhmədov, İlyas Abdullayev, Musa Qaraşov, Həbib Qarayev, Kiçikağa Abbasov, İsmayıl Yunusov, Firudin Vəliyev və başqaları şərəfli döyüş yolu keçmişlər. Göstərdikləri igidliklərə görə onlar orden və medallarla təltif olunmuşlar.

O zaman arxa cəbhədə də insanlar qələbə üçün əllərindən gələni əsirgəmir, əsil əmək hünəri göstəriridilər. Müharibə illərində “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” çağırışına ilk səs verənlərdən biri də Tərtər rayonunun zəhmətkeşləri olmuşdur.

Müharibənin ilk üç ayı ərzində rayonumuzdan ölkənin müdafiə fonduna 9688 nəfər 81,805 manat nəğd pul, 11 baş qaramal, 157 baş qoyun-keçi, 12120 manatlıq dövlət zayomu və başqa qiymətli əşyalar vermişlər.

1942-ci ilin payızında Tambov vilayətinin kolxozçularının vətənpərvərlik təşəbbüsü respublikamızda da geniş yayıldı. “Azərbaycan kolxozçusu” tank kaloniyasının yaradılması təşəbbüsünə qoşulanlardan biri də Tərtər rayonu olmuşdur. 1942-ci ilin dekabr ayının 31-nə olan bir məlumatda göstərilir ki, tank kaloniyası yaradılması məqsədi ilə Tərtər rayonunun kolxozçuları nəqd yolu ilə 2 milyon 20 min manat toplamış və Dövlət Bankına keçirmişlər.

Hazırda rayonumuzda 11 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır. Onlardan 2 nəfəri I, 3 nəfəri isə II qrup əlildir. Veteranlarımızın hər biri bizim üçün çox əziz insan, əsil həyat məktəbi, canlı tarixdirlər. 70 illik tarixi yol keçmiş bu qələbə bayramının şərəfini uca tutmaq, hər bir veterana diqqət və qayğı göstərmək, onları anmaq hər birimizin müqəddəs borcudur.

Respublikamızın Prezidenti cənab İlham Əliyev tərəfindən alman faşizmi üzərində Qələbənin 70 illik yubleyi ilə əlaqədar 1941-1945-ci illər böyük vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 8,3 milyon manat birdəfəlik maddi yardım edilməsi barədə Sərəncam imzalanmışdır. Sərəncama əsasən Böyük Vətən müharibəsi iştirakçılarına 800 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, ikinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqlar yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, ikinci dünya müharibəsi dövründə “Leninqrad şəhərinin müdafiəsinə görə” müvafiq medal və döyüş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leniqrad mühasirəsinin iştirakçılarına 400 manat məbləğində birdəfəlik maddi yardım edilmişdir.

Bu gün müstəqil Azərbaycan dövləti regionda, eləcə də bütün dünyada insanlara xoşbəxtlik, sevinc, səadət gətirən sülhün bərqarar olmasına çalışır. Çox təəssüf ki, xain, nankor, bədnam qonşularımız olan ermənilər tərəfindən ərazi iddiaları nəticəsində yeni bir qanlı müharibəyə cəlb olunsaq da biz Dağlıq Qarabağ münaqişəsinin də qan tökülmədən, danışıqlar yolu ilə həllini istəyirik. Çünki müdrik xalqımız yaxşı bilr ki, müharibə heç bir millətə, heç bir xalqa yaxşı heç nə verməmişdir. Ulu öndərimiz Heydər Əliyevin sözlərini yada salmaq yerinə düşərdi: “Biz inanırıq ki, İkinci Dünya müharibəsinin tarixi də göstərir ki, zora söykənən siyasət, işğala və təcavüzə əsaslanan, başqa xalqlara nifrət və düşmənçilik təbliğ edən ideologiya gec-tez məhvə məhkumdur”

Ermənilər bilməlidirlər ki, torpaqdan pay olmaz. Əks halda yəqin ki, ermənilərin də aqibəti qəsbkarların kədərli aqibəti kimi gec-tez məhvə məhkum olacaqdır.

Sonra müharibə və əmək veteranları şurasının rayon şöbəsinin sədri İman Almuradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tərtər Rayon Şöbəsinin rəisi, polkovnik Rafiq Qədirov, Qarabağ müharibəsi veteranı, Azərbaycan Vətən Müharibəsi Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov çıxış etdilər.

Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tərtər Rayon Şöbəsinin rəisi, polkovnik Rafiq Qədirovla birlikdə veteranlara yubley medalları və qiymətli hədiyyələr təqdim etdi. Tədbir veteranların şərəfinə verilən ziyafət süfrəsi ilə başa çatdı.
BOLGEXEBER.COM
Tərtərdə faşizm üzərində Qələbənin 70 illiyi qeyd olundu - Fotolar
Tərtərdə faşizm üzərində Qələbənin 70 illiyi qeyd olundu - Fotolar
Tərtərdə faşizm üzərində Qələbənin 70 illiyi qeyd olundu - Fotolar