BolgeXeber.Com » Ölkə » “Magnit” mağazalar şəbəkəsi “reket” qaydaları ilə işləyir?

“Magnit” mağazalar şəbəkəsi “reket” qaydaları ilə işləyir?

11-05-2015, 15:01
Oxunub: 4 440 “Magnit” mağazalar şəbəkəsi “reket” qaydaları ilə işləyir?Mağazadan kreditlə 700 manatlıq noutbook alan jurnalistə 19700 manatlıq borc öhdəliyinin cəriməsi yazılıb

“Magnit” mağazalar şəbəkəsində vətəndaşları açıq-aşkar soyurlar. İndiyədək “Magnit”dəki maliyyə fırıldaqları və onun keyfiyyətsiz məhsullar satması ilə bağlı redaksiyamıza xeyli şikayət daxil olub. “Magnit”in özbaşınalığı ilə “Yeni Müsavat”ın redaktoru Elşad Məmmədli də üzləşib.

Belə ki, Elşad Məmmədli ötən il sentyabr ayında “Magnit”dən (Sumqayıt filialından) ümumi dəyəri 700 manat olan “Acer” markalı noutbuk alıb. O deyir ki, kredit müqaviləsi 1 il müddətinə bağlanıb: “Hər ay noutbuk üçün 59 manat kredit ödəmək öhdəliyim var. Noutbuku özləri evə gətirdilər, məlum oldu ki, mal deffektdir, mikrofonu, dinamiki işləmirdi. Dərhal qaytarıb özlərinə verdim. Onlar mənə noutbuku təmir edib qaytarmaq istəyirdilər. 10 gün mübarizə aparandan sonra yeni noutbuk verdilər. Bu dəfə də həmin noutbuk koda düşmüş vəziyyətdə idi, yenə qaytarıb ofislərinə apardım, proqram yüklətdim. Bu zaman mənə dedilər ki, cihazı hansı gün yeniləyiblərsə, həmin tarixdən ödəniş etməyə başlayacam. Amma bu yalan imiş, oktyabrda ödənişin vaxtı çatan kimi ödənişin üzərinə cərimə yazmağa başlayıblar. Nəhayət, noyabr ayında ilk ödəniş etdim. Daha sonra dekabr ayında 2 aylıq birdən (dekabr-yanvar ayları üçün) ödəniş etdim. Fevral ayında növbəti ödənişi etdim. Mart ayında yaranmış maliyyə çətinliyimlə əlaqədar ödəniş edə bilmədim. Nəhayət, aprel ayında iki aylıq (mart-aprel) birdən ödəniş etdim. Bir neçə gün öncə mənə özünü “Magnit”in problemli kreditlər şöbəsindən zəng gəldi və bildirildi ki, yaranan borcumu bağlamaq üçün onlara yaxınlaşım. Mənə o adam zəng edib küçədə görüşdü, dedi ki, sən nə ödəniş edəcəksən mənə ver, özüm gedib ofisdə həll edəcəm. Ona dedim ki, qalıq borcum və qarşıdakı iki ayın (iyun-iyul) da ödənişi üçün də birlikdə 200 manat da ödəyəcəm. Birlikdə “Magnit”in Sumqayıt filialına getdik. Bu zaman mənə bəlli oldu ki, ödəyəcəyim 200 manatın 197 manatını cəriməyə yönəldəcəklər. Hansı ki, mənim gecikmələrim olsa da, indiyədək kompüterin 700 manat borcunun 345 manatını ödəmişəm. Üst-üstə də 2 ay üçün kredit gecikməm var. Müqavilədə isə nəzərdə tutulur ki, mən hər gecikməyə görə ödəməli olduğum aylıq məbləğin 1 faizi civarında cərimə ödəməliyəm. Maksimal hesablasaq, mənim iki ay üçün 120 manat gecikmiş borcum varsa, bunun da 1 faizi 12 manat edir. Hətta cərimənin də cəriməsini hesablasaq, ümumi cəriməm 20 manatdan artıq edə bilməzdi. Faktiki olaraq mənə yazılan 197 manat cərimə 19700 manatın 1 faizi edir. Belə çıxır ki, “Magnit” mağazalar şəbəkəsi 700 manatlıq ümumi dəyəri olan və bugünədək 345 manatı ödənilən, 355 manat borcun müqabilində (nəzərə alsaq ki, hələ qarşıda ödəniş etmək üçün 4 ay vaxtım qalır) hansısa absurd meyarlarla cərimə sayğacı qoşaraq 197 manat cərimə tətbiq edib. Elementar riyazi hesablama ilə 197 manat 19700 manatın 1 faizi edir. Yəni “Magnit” 345 manatı ödənmiş 700 manatlıq malın müqabilində məndən 19700 manatın 1 faizini tələb edir. Bu, faktiki olaraq “reket” üsuludur. Mən gecikməsi olan məbləğin 1 faizini və bundan sonra qalan 355 manatı hətta vaxtından əvvəl ödəməyə hazıram, faktiki olaraq da şənbə günü bunun 200 manatını ödəməyə getmişdim. Amma orada məndən 197 manat cərimə tutacaqlarını deyəndə, ortada böyük bir fırıldaq olduğu aşkarlandı. Ortaya çıxan 197 manatlıq fırıldağa görə “Magnit”i məhkəməyə verəcəm. “Magnit”də mən bu məsələ haqda danışarkən bəlli oldu ki, xeyli sayda vətəndaşı da belə “yükləyiblər”. Bir yaşlı qadını hər ay etməli olduğu 12 manatlıq ödənişi bir ay gecikdirdiyinə görə 17 manat cərimə etmişdilər. “Magnit” faktiki olaraq insanları soymaqla məşğuldur. Bu, bank olmayan kredit təşkilatları haqda qanunvericiliyə, eyni zamanda vergi, maliyyə əməliyyatları haqda əsasnaməyə ziddir”.
BOLGEXEBER.COM