BolgeXeber.Com » Ölkə » Hacı İbrahim Nehrəmli əmlaklarını satışa çıxardı

Hacı İbrahim Nehrəmli əmlaklarını satışa çıxardı

19-05-2015, 09:33
Oxunub: 4 911 Hacı İbrahim Nehrəmli əmlaklarını satışa çıxardı“Avesta”nın rəsmi əmlakı – dəyəri yox imiş...

Mifik «Xəzər adaları» layihəsi ilə son illərdə gündəmdə olan Hacı İbrahim Nehrəmlinin başı üzərində qara buludlar daha da sıxlaşıb. Son 1 həftə ərzində H.İbrahimin saxlanması haqqında 2 dəfə xəbər yayıldı. Hələ ki, «Avesta» konserninin sahibinin tutulması və ya həbs xəbəri rəsmi təsdiq olunmayıb. Ancaq onun DİN-in BMCQMİ-də araşdırılan cinayət işi üzrə istintaqda dindirildiyi təsdiqlənir. Mətbuatın bu barədə yaydığı məlumatlara görə, Hacı İbahim on milyonlarla krediti «havaya sovurduğuna görə» istintaqa cəlb edilib. Hacı İbrahim özü isə «cəmi 78 milyon kredit borcu olduğunu» bəyan edib.

Hadisələrin sürətlə inkişaf etdiyi ərəfədə Analitik.az-a daxil olan məlumatlarda Hacı İbrahimin əmlaklarını satışa çıxarması bildirilir. Satışa çıxarılan əmlaklar arasında daşınmaz obyektlər, bahalı avtomobillər var. Krediti qaytarmayacağı təqdirdə, həbs təhlükəsi ilə üz-üzə olduğu «Avesta» rəhbərinə anladılandan sonra, yaxın adamları vasitəsilə hərəkətə keçdiyi bildirilir.


Yeri gəlmişkən, məlum olur ki, «Avesta» adlanan «holdinq», «konsern» də quru addan başqa bir şey deyilmiş. 150 milyardlıq layihəyə girişən «holdinq»in rəsmi əmlakı – dəyəri yoxdur. «Avesta» yazısının üstündə yazıldığı binanın da satışa çıxarılması barədə məlumat yayılıb. «Gənclik» metrosu yaxınlığında, T.Əliyev küçəsində yerləşən «Avesta» binasının isə sənədlərinin satış üçün hazır olmadığı məlum olub.

Son günlər «Avesta», ümumiyyətlə, fəaliyyətini dayandırıb. Tikinti işləri ilə az-çox məşğul olan, «konsernə» daxil olan şirkətlər də iflic vəziyyətindədir. Rəsmən işçi kimi sənədləşdirilmiş 5-10 nəfər də şirkətin bağlanacağı günü gözləyir. Yeri gəlmişkən, maraqlısı odur ki, «150 milyardlıq» layihəni həyata keçirən şirkətin rəsmi işçilərinin sayı barədə məlumat verilmir. Keçən həftənin sonundan «Avesta»da həyat dayanıb. Binaya isə real alıcının tapılacağına ümid yoxdur.