BolgeXeber.Com » Ölkə » Bulvarda qiymətlər yay gəlməmiş qalxıb-FOTOLAR

Bulvarda qiymətlər yay gəlməmiş qalxıb-FOTOLAR

19-05-2015, 10:14
Oxunub: 12 542 Bulvarda qiymətlər yay gəlməmiş qalxıb-FOTOLARAvropa Oyunları ərəfəsində burada xidmət səviyyəsi qənaətbəxş deyil

Avropa Oyunları ərəfəsində ölkəmizə gələcək qonaqların üz tutacağı məkanlardan biri də yəqin ki, bulvar olacaq. Bəs bulvardakı ab-hava, xidmət səviyyəsi necədi? Gələcək qonaqların istirahəti, əylənməsi istənilən səviyyədə təmin ediləcəkmi? Bütün bunları öyrənmək üçün Dəniz kənarı Milli Parka üz tutduq.

Qeyd edək ki, havaların istiləşməyə başlaması ilə bulvarda bir canlanma vardı. Hətta ərazidə idman edən insanlarla da rastlaşdıq. Oyunların başlamasına hələ bir müddət qalsa da, bulvarda əcnəbi qonaqlar da gözə dəyirdi. Hətta öz uşaqlarını müxtəlif atraksionlarda əyləndirən xarici qonaqlarla da rastlaşdıq.

Xidmət səviyyəsinə gəlincə, əcnəbi qonaqların daha çox olduğu çayxanalardan birini seçib, çay sifariş edib oturduq. Çay dəsgahları 15-30 manat arasında dəyişirdi. Qənd və limonlu sadə çay isə 2 manata, yalnız bir növ mürəbbəli çay 5-8 manat arası, şokoladlı çay isə 7 manata idi. Ancaq xidmət səviyyəsinin bir çox çay evlərində o qədər də yüksək səviyyədə olmadığını müşahidə etdik.
Bulvarda qiymətlər yay gəlməmiş qalxıb-FOTOLAR
Belə ki, həmin məkanlarda çay sifariş edib ən azı 10 dəqiqə gözləməli olursan. Ofisiantların ləng işləməsi, gətirdikləri çayın açıq rəngli olması və ya tam dəmlənməməsi, bəzən çayniklərin qapaqlarının həmin çaynikə uyğun gəlməməsi, buna görə də qapağı tərsinə qoymaları xidmət səviyyəsinin aşağı olmasından xəbər verirdi. Onu da müşahidə elədik ki, çay evlərində işləyən ofisiantlar xarici dil bilmirlər. Gələn turistlər isə onları ya seçdikləri menyunun (mürəbbə, şokolad) şəklini göstərməklə başa salır, ya da azəricə bir iki söz deyərək sifariş verirdilər.

Atraksionlara gəlincə isə əvvəllər 5 dəqiqəsi 3 manat olan atraksionlar havaların isinməsi və bulvara üz tutanların sayının artması ilə dəqiqəni azaldıb qiyməti cüzi də olsa artırmışdılar. Belə ki, əksər atraksionların artıq 5 dəqiqəsi deyil, 3 dəqiqəsi 3 manat idi. Uşaqların tullanaraq əylənməsi üçün olan atraksionun qiyməti 5 dəqiqə üçün 4 manat, körpə uşaqlar üçün setkada kiçik topların içərisində oynamaq 5 dəqiqəsi 1 manat, vikinq adlanan atraksionun 3 dəqiqəsi isə 2 manat idi. Atraksionların hamısı da demək olar ki, işlək vəziyyətdə idi və uşaqlarla dolub-daşırdı...

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Bakı Oyunları ərəfəsində bulvarda bir çox yeniliklərin, xidmətlərin olacağını dedi: “Biz bilirik ki, yay oyunları zamanı şəhər sakinlərinin və gələn qonaqların böyük hissəsi bulvar ərazisinə üz tutacaq. Ona görə də ciddi hazırlaşmışıq. Nəzərə almaq lazımdır ki, bulvar ərazisində üç idman meydançası var. Bunlar Bakı İdman Sarayı, ”Kristal Hall" konsert idman kompleksi və Su Oyunları İdman Sarayıdır. Xatırladım ki, Su Oyunları Sarayı yenicə istifadəyə verilib. Ona görə də bulvar ərazisində həm idmançıların, həm də onlarla gələn heyətin, turistlərin, jurnalistlərin sayı kifayət qədər çoxalacaq. Onların rahatlığı üçün idarə çalışacaq ki, bulvarın hər yerində internetə qoşulmaq üçün VF şəbəkəsi olsun".
Bulvarda qiymətlər yay gəlməmiş qalxıb-FOTOLAR
N. Məcidov ərazidə fəaliyyət göstərən işçilərin artıq xarici dil kurslarına göndərildiklərini də dedi: “Paytaxtımıza gələn qonaqların post-terminallara böyük tələbatı olacaq. Biz çalışacağıq ki, bütün obyektlərdə, ticarət mərkəzlərində post-terminallar işlək vəziyyətdə olsun. Bu istiqamətdə artıq işlər aparılır. Bizim kifayət qədər xarici dildə danışan işçimizin olmasına baxmayaraq daha 32 nəfəri hazırda dil kursuna göndərmişik. Onlar bizim mühafizə xidmətinin əməkdaşlarıdır. Bu da ona görədir ki, mühafizə xidmətinin əməkdaşları xüsusi uniformada bulvar ərazisində gəzəcəklər.

Gələn qonaqlar da nəsə soruşmaq üçün əsasən onlara yaxınlaşacaqlar. Ümumiyyətlə, hər bir obyektdə ən azı, bir nəfər də olsa xarici dil bilən olacaq. Bütün idarələr və obyektlər gücləndirilmiş iş rejimində işləyəcək. Qatarlarımız üç marşrut üzrə işləyirdi. Onlar qalmaq şərti ilə yeni marşrutlar açılacaq ki, turistlər istədikləri kimi bulvarın bir başından o biri başına qədər müəyyən yerlərdə dayanacaqlarda dayanmaq şərti ilə hərəkət etsinlər. Gəmilərimiz də daha çox işləyəcək. Səhər daha tez işə başlayacaq, gecə isə fəaliyyətlərini gec dayandıracaq. Digər lazımi tədbirlər də görülür”.musavat.com
Bulvarda qiymətlər yay gəlməmiş qalxıb-FOTOLAR
Bulvarda qiymətlər yay gəlməmiş qalxıb-FOTOLAR
musavat.com