BolgeXeber.Com » Ölkə » Bakıdakı “söküntü kralları”nın böyük fırıldağı

Bakıdakı “söküntü kralları”nın böyük fırıldağı

19-05-2015, 10:45
Oxunub: 3 616 Bakıdakı “söküntü kralları”nın böyük fırıldağıAvropa Oyunlarından sonra devalvasiyaya görə əhali söküləcək evlərin hər kvadratmetrinə daha artıq kompensasiya tələb edə bilər; bu işdə maraqlı olanlar gələcəkdə üzləşəcəkləri problemin qarşısını almaq üçün hərəkətə keçiblər

Fevral ayında manatın devalvasiyasından sonra mənzil bazarında da bir müddət çaşqınlıq yarandı. Çünki belə xəbərlər vardı ki, hökumət tezliklə dolların sıçrayışlı sürətinin qarşısını alacaq və hətta manat əvvəlki kursunu bərpa edəcək. Amma bir neçə gün sonra aydın oldu ki, neftin qiyməti ilə bağlı olaraq manat hələ uzun müddət “qara zolaq”da olacaq.

Bankların bu devalvasiyada etibarsızlığı, xüsusilə əmanətçiləri düşünməyə və daha etibarlı olan əmlak bazarına üz tutmağa vadar etdi.

Bundan sonra mənzil bazarında nisbətən canlanma yarandı. Əmanətlərin kütləvi şəkildə bankdan çıxarıldığını görən Mərkəzi Bank əmanətlərə görə faizləri artırmalı oldu. Bu proses mənzil bazarına nisbətən təsir etdi və yenə də müəyyən durğunluq yarandı və bu proses davam edir...

Əslində fevraldan keçən müddət ərzində əmlak bazarında ciddi dəyişiklik də yoxdur. Məsələn, əvvəl 100 min dollara satılması nəzərdə tutulan mənzil 78-80 min manata satılırdısa, devalvasiyadan sonra bazara 100-105 min manata təklif edilir. Mənzil bazarında yaranmış vəziyyətə gələn ay startı veriləcək Avropa Oyunlarının da təsiri var. Belə ki, bir qisim iddia edir ki, Avropa Oyunlarından sonra mənzillərin qiyməti daha da enəcək. Bunu iddia edənlər deyirlər ki, növbəti aylarda mənzillərin manatla qiyməti nisbətən bahalaşsa belə, dollarla ifadəsi kifayət qədər aşağı düşə bilər. O da iddia olunur ki, tikinti şirkətlərinin bir çoxu kredit sistemi ilə işləyir və onların banklara ödəməli olduqları müəyyən məbləğlər var. Növbəti dövrlərdə satışların aşağı düşməsi səbəbindən banklarla tikinti şirkətləri arasında ciddi problemlər yarana bilər. Məhz bu səbəbdən də mümkündür ki, yeni mənzillərə təklif olunan qiymətlər ciddi şəkildə aşağı salınsın.

Bu işlərdən kifayət qədər məlumatlı olan şəxs isə “Yeni Müsavat”a olduqca maraqlı xəbər verib. O bildirib ki, qiymətlərin enəcəyi barədə məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır: “Burada çox uzaqgedən məqsədlər var. Məlumdur ki, Olimpiya Oyunlarına görə Bakıda bir çox iri layihələr dayandırılıb. Buraya şəhərin müxtəlif yerlərində söküntü və köçürmə işləri də daxildir. Avropa Oyunlarından sonra yarımçıq qalmış, eləcə də planlaşdırılmış yeni bir neçə söküntü rayonlarından ( ”Sovetski", “Xutor”, “Şanxay”, Bayıl yamacları və s.) əhalini köçürülməsinə başlanılacaq. Fevral ayında manatın devalvasiyasından sonra mənzil bazarında bahalaşma müşahidə edilməyə başlamışdı. Bu, həm tikinti materialları bazarındakı qiymət artımı, eləcə də mənzil satışının dollarla aparılması ilə əlaqədar idi. Lakin bu qiymət artımı tempi bu işdə maraqlı olan müəyyən dairələri narahat etməyə bilməzdi və onlar gələcəkdə üzləşəcəkləri problemin qarşısını belə şayiələr dövriyyəyə buraxmaqla qiymətləri aşağı salmağa çalışırlar".

Mənbəmiz iddia edir ki, bu şayiələrin dövriyyəyə buraxılmasında hökumətdəki “söküntü kralları”nın (onların bu söküntülərdən milyonlar qazandığı və dəbdəbəli həyat sürdükləri Bayraq Meydanın rəhbərinin həbsindən sonra bir daha təsdiqləndi) ciddi marağı var: “Belə ki, mənzil bazarında qiymətlər qalxdıqca, əhali söküləcək evlərin hər kvadratmetrinə görə daha artıq kompensasiya tələb etməkdə haqlı olacaq. Qiymətlərin aşağı salınması isə onların işinə yarayır və onlar bu istiqamətdə sistemli iş aparırlar. Hazırda Bakıda mənzil tikintisi müxtəlif səbəblərdən səngiyib. Bu o deməkdir ki, tələb təklifi üstələyəcəyinə görə yaxın gələcəkdə mənzil bazarında qiymətlər sürətlə qalxacaq. Qiymət artımını şərtləndirən digər amil isə nağd pulun banklarda saxlanmasına etibarın az olmasıdır. Azərbaycanda banklara qoyulan əmanətlərin hansı valyutada olmasından asılı olmayaraq, dəyərdən düşməyəcəyinə və batmayacağına zəmanət yoxdur".