BolgeXeber.Com » Ölkə » "Nurgün aqro" MMC fermerlərə ciddi ziyan vurur?

"Nurgün aqro" MMC fermerlərə ciddi ziyan vurur?

23-05-2015, 11:58
Oxunub: 6 361 "Nurgün aqro" MMC fermerlərə ciddi ziyan vurur?MMC-də çalışan işçilərin əmək hüquqları kobud şəkildə pozulur

Şirkət rəhbərliyi tərəfindən verilən vədlərin heç birinə əməl olunmayıb

Etiraf etmək lazımdır ki, bu gün dövlət səviyyəsində fermerlərə yetərincə yardım göstərilsə də, bəzi dövlət qurumları, eləcə də özəl şirkətlər kənd təsərrüfatı ilə məşğul olan insanları əlavə problemlərlə üz-üzə qoyurlar. Misal kimi, "Nurgün aqro" MMC-ni göstərmək olar. Əldə etdiyimiz bilgilərə görə, Salyan rayonunun Kürqaraqaşlı kəndinin sakinləri adıçəkilən şirkətin fəaliyyətindən narazılıq edirlər.

Məsələ ilə bağlı redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, "Nurgün aqro" inhisarçılıq və möhtəkirlik edərək əkin-biçinlə məşğul olan kənd sakinlərinə xeyli ziyan vurur: "Deyilənlərə görə, "Nurgün aqro" MMC yaradılarkən Kürqaraqaşlı kəndinin sakinləri bunu birmənalı qarşılamamışdılar. Çünki ərazidə örüş sahələri məhduddur. Üstəlik kəndlilərin böyük əksəriyyəti mal-qara saxlamaqla məşğuldurlar. Heyvanların otarılması üçün isə örüş yeri, geniş otlaq sahəsinin olması mütləqdir. Odur ki, şirkət yaradılarkən MMC-nin təmsilçiləri camaatı sakitləşdirmək üçün müxtülif yollarla baş vurmuşdular. Məsələn, bildirmişdi ki, "Nurgün aqro"nun fəaliyyətə başlamasından ilk öncə yem bitkiləri istehsal edən fermerlər bəhrələnəcək, yəni onlar üçün bazar açılacaq. İkincisi də, bunun hesabına yeni iş yerləri yaranacaq. Lakin MMC rəhbərliyi tərəfindən verilən vədlərin heç birinə əməl olunmadı". Məlumatlı şəxsin sözlərinə görə, "Nurgün aqro" fəaliyyətə başlayan kimi yerli bələdiyyə ilə sövdələşməyə gedib əhaliyə məxsus örüş yerlərini və digər kateqoriyadan olan torpaq sahələrini ələ keçirməyə müvəffəq oldu: "Kənd sakinləri bildirirlər ki, şirkətin yarıtmaz fəaliyyəti nəticəsində Kürətrafı ərazidə antisanitar vəziyyət yaranıb. Bundan başqa, camaatın şəxsi təsərrüfatda saxladığı heyvanların ümumi istifadədə olan əraziyə girişi məhdudlaşdırıldı. Deyilənlərə görə, "Nurgün aqro" şirkəti hər il yonca biçini vaxtı başqa alıcıları ərazidən məqsədli şəkildə uzaqlaşdırır. Şirkət rəhbərliyi bildirir ki, guya sifarişçi "Nurgün aqro"dur, yemi MMC özü alacaq. Şübhəsiz, burada əsas məqsəd məhsulları əhalidən ucuz qiymətə almaqdır".

Hazırda "Nurgün aqro"da 2 min başa yaxın iribuynuzlu heyvanın saxlandığını vurğulayan mənbə qeyd edir ki, indiyədək yem tədarükü ilə bağlı heç kimlə müqavilə bağlanmayıb: "Kürqaraqaşlı kəndinin sakinləri iddia edirlər ki, MMC qiyməti aşağı salmaq üçün müxtəlif bəhanələr gətirərək əhalinin tədarük etdiyi yem bitkilərini almır. Yerli əhali belə hesab edir ki, "Nurgün aqro" rəhbərliyi Avropa Oyunlarının başlanmağını gözləyir ki, yollar bağlansın, kəndlilərin 1 manata təklif etdiyi sıxılmış yonca taylarını dəyər-dəyməzinə alsınlar. Qeyd edim ki, ötən il əhalidən 1 manata alınan 150 min ədəd ot tayının 80 mini bu il fevral-mart aylarında 3 manat 50 qəpikdən müxtəlif işbazlara satılıb. "Nurgün aqro"nun yetki sahibləri indi gözə kül üfürmək, barələrində müsbət imic yaratmaq üçün başqa yollarla əldə edilən vəsaitlə sosial məsuliyyət layihəsi həyata keçirirlər. Belə ki, şirkət ərazidə uşaq bağçası tikintisinə başlayıb. Obyektin önündən tikintinin Heydər Əliyev Fondunun hesabına həyata keçrildiyi barədə reklam lövhəsi asılsa da, "Nurgün aqro" əhali arasında bunu öz işi kimi təqdim edir. Kənd sakinləri onu da bildirirlər ki, Salyandakı "Olimpiya" idman kompleksi də adıçəkilən MMC tərəfindən zəbt edilib. Belə ki, süd zavodunun və maldarlıq təsərrüfatının rəhbər işçiləri buradan yaşayış evi kimi istifadə edərək, asudə vaxtlarını kompleksin hovuzlarında və trenajor zallarında keçirirlər".

Əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, "Nurgün aqro" şirkətində çalışan işçilərin əmək hüquqları kobud şəkildə pozulur. Belə ki, məlumatlı şəxsin bildirdiyinə görə, MMC-də işləyənlərin əksəriyyəti ilə əmək müqaviləsi bağlanmayıb, onlara ödənilən əməkhaqqı vergi və məcburi sosial sığortaya cəlb edilmir: "Fermanın özündə çalışanların əksəriyətinə günəmuzd qaydada haqq ödənilir, onların adları heç bir sənəddə keçmir. Son 3 il ərzində şirkətin təkcə ferma və süd zavodunda 110-dan çox mühafizəçi 2-3 aydan artıq işləyə bilməyib. Çünki "Nurgün aqro" bəlkədə dünyada anoloqu olmayan 24 saat fasiləsiz iş rejimi tətbiq edir. Bu isə işçilərin haqlı etirazına səbəb olur". Mənbəyə əsasən, Salyan rayonu, Cəngən kənd sakini Niyaməddin Nağıyev bir müddət əvvəl "Nurgün aqro"-nun fəaliyyətindən şikayətlənərək, MMC tərəfindən hüquqlarının kobud surətdə tapdandığını vurğulayıb. Belə ki, Niyaməddin Nağıyevin iddiasına görə, bir neçə il öncə yerli bələdiyyədən ev tikmək məqsədi ilə 10 sot torpaq sahəsi alıb. Əlində ona ayrılan torpaq sahəsinə aid bələdiyyə qərarı da var. Evi tikib başa çatdırıb, 2 ildir ki, orada yaşayır. Lakin torpağın sənədini hələ də qaydasına sala bilmir: "10 sot torpaq sahəsinə görə 1200 manata razılaşdıq. İlkin olaraq onlara çatası olan büdcə köçürməsinin 600 manatını istədilər, mən də verdim. Dedilər ki, 600 manatın qəbzini verəcəyik, yerdə qalan 600 manat bizlik deyil, yuxarılara çatacaq. Sənədləşməyə lazım olacaq qalığı ödəyəndən sonra biz də sənədlərini qaydaya salarıq. O vaxtdan 4 il keçib. Bələdiyyəyə ödədiyim pulun qəbzini ala bilmirəm. 1 il əvvəl eşitdim ki, bələdiyyə üzvləri öz adlarına icarəyə götürdükləri 2 hektar əkin sahəsinə təkrar müştəri axtarırlar ki, icarəyə versinlər. Mən də həmin yerə görə təklif olunan 800 manatı ödədim ki, əkin sahəsindən 3 il istifadə edə bilim. İcarə haqqından əlavə 700 manat xərc çəkib sahədə yonca əkmişəm. İndi xəbər yollayıblar ki, başqa yağlı müştəri çıxıb, sahəni "Nurgün Aqro"ya satırıq. Sənə başqa yerdən torpaq tapıb verərik. Belə də özbaşınalıq olar?.." Mənbə qeyd edir ki, "Nurgün aqro" məhz bu cür əməlləri reallaşdırmaqdan ötrü əksər bələdiyyə sədrləri ilə sıcaq münasibət qurur və sonda kənd sakilərinə ziyan dəysə də, MMC rəhbərliyi və bələdiyyə bu işdən xeyli gəlir əldə edir: "Odur ki, Kənd Təsərrüfatı Nazirliyi və digər müvafiq qurumlar "Nurgün aqro" şirkətinin fəaliyyətini geniş şəkildə araşdırmalıdırlar. Çünki MMC asan yolla daha çox mənfəət əldə etmək üçün bəzi neqativ hallara qol qoyur…"gundelik-baku

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.