BolgeXeber.Com » Ölkə » “Sahil” TM-də icarədarların hüquqları tapdanır

“Sahil” TM-də icarədarların hüquqları tapdanır

17-06-2015, 11:24
Oxunub: 1 593 “Sahil” TM-də icarədarların hüquqları tapdanırİradə Abdullayevanın şikayət etməsini Natiq və Fariz tam etinasızlıqla qarşılayıblar

Qəzetimizin ötən saylarından birində dərc olunmuş “Sahil” Ticarət Mərkəzinin sahiblərindən haqsızlıq” sərlövhəli tənqidi materialda, redaksiyamıza ərizə ilə müraciət etmiş vətəndaş İradə Abdullayevanın şikayəti ilə bağlı açıqlamalar təqdim olunmuşdu. Şikayətçinin bildirdiynə görə, o, ötən ilin mart ayında “Sahil” TM-nin 3-cü mərtəbəsində baş vermiş məlum yanğın hadisəsi nəticəsində, burada ticarətlə məşğul olan bir çox digər vətəndaşlar kimi, külli-miqdarda maddi ziyan çəkmişdir. Həmin vaxt yayımlanan məlumatlara görə, Ticarət Mərkəzinin 1500 kv.m ərazisi yanğına məruz qalmışdı. Təbii ki, belə olan halda TM-də fəaliyyət göstərən sahibkarlara da külli-miqdarda ziyanın dəyəcəyi qaçınılmaz idi. Lakin əsas məsələ, dəymiş ziyanın kim tərəfindən ödəniləcəyi ilə bağlı yaranan sualın cavablandırılmasında idi. Elə 2014-cü ilin əvvəllərindən “Sahil” TM-nin 3-cü mərtəbəsində yerləşən və 24 kv.m sahəsi olan 108 saylı mağazada icarə müqaviləsi əsasında kommersiya fəaliyyəti ilə məşğul olan İradə Abdullayeva da iddia edir ki, həmin vaxt mağazanın sahibləri olan Natiq və Fariz adlı şəxslər yanğından dəyən maddi ziyana görə tələb olunan kompensasiyanı ödəməyi öz öhdələrinə götürüblər. Bunun müqabilində isə onlar icarədarlardan xahiş ediblər ki, baş vermiş olayla bağlı heç bir instansiyaya müraciət etməsinlər. Lakin hadisədən artıq bir ildən artıq müddət keçsə də, İradə Abdullayeva məhz dükan sahiblərinin yol verdikləri səhlənkarlıq nəticəsində baş vermiş yanğında ona dəymiş ziyana görə kompensasiya ala bilmir. Dəymiş maddi ziyanın məbləği isə kifayət qədər böyük rəqəmlə ifadə olunur. Belə ki, 2014-cü ilin yanvar ayında bu məqsədlə bankdan kredit almış İradə xanım, işlədiyi dükana 60 min manat dəyərində mal vurmuşdur. Artıq qeyd olunduğu kimi, o zaman yanğının baş vermə səbəbləri yayımlanan məlumatlarda da açıqlanmamışdı. Bu isə, məhz dükan sahiblərinin baş vermiş olayla bağlı heç bir instansiyaya müraciət etməmələri barədə zərərçəkmişlərdən etdikləri xahişə bir qədər də müəmmalı xarakter verir. Bununla belə, yanğından keçən müddət uzandıqca, Natiq və Farizin icarədarlara qarşı münasibətləri də dəyişir. İradə Abdullayevanın sözlərinə görə, Natiqlə olan son telefon danışıqları zamanı dükan sahibi onunla olduqca kobud danışmış, hətta təhqirə belə yol vermişdir.Digər tərəfdən isə dükan sahibləri sözügedən materialın qəzetimizdə dərc olunmasına da özlərinə məxsus tərzdə reaksiya veriblər. Ziyançəkmiş icarədar bu xüsusda bildirir ki, onun mətbuata və dövlət qurumlarına müraciəti Natiq və Fariz tərəfindən istehza ilə qarşılanmışdır. Materialda biz haqlı olaraq belə bir məqamı vurğulamışdıq ki, zaman ötdükcə, olay və onun ətrafında yaşananlar öz aktuallığını itirib. Buna görə də, dükan sahibləri icarədarlara qarşı rəftarlarında özlərini artıq daha sərbəst hiss edirlər. Lakin, düşünmək olardı ki, İradə Abdullayevanın aidiyyatı olan qurumlara, o cümlədən Fövqəladə Hallar Nazirliyinə məsələyə aydınlıq gətirilməsi xahişi ilə müraciət etməsi, dükan sahiblərində məsuliyyət hissinin oyanmasını stimullaşdırar. Amma şikayətçinin sözlərinə görə, bu müraciət tam əks effektə səbəb olub. Belə ki, Natiq və Fariz şikayətçinin bu xüsusda xəbərdarlığına tam etinasızlıq nümayiş etdiriblər. Hadisələrin gedişindən belə qənaətə gəlmək olur ki, müvafiq dövlət strukturlarının, bəlkə də hətta məhkəmə orqanlarının müdaxiləsi olmadan “Sahil” Ticarət Mərkəzində baş vermiş yanğından ziyan çəkmiş vətəndaşlar, tələb etdikləri kompensasiyanı hələ uzun müddət ala bilməyəcəklər...bizimdovr.az



Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.