BolgeXeber.Com » Ölkə » "8-ci kilometr bazarı"na kriminal nəzarət edir? - İDDİA

"8-ci kilometr bazarı"na kriminal nəzarət edir? - İDDİA

19-06-2015, 11:34
Oxunub: 4 812 "8-ci kilometr bazarı"na kriminal nəzarət edir? - İDDİAƏhali arasında "Vosmoy bazarı" kimi tanınan "8-ci kilometr bazarı" paytaxtın ən natəmiz bazarlarından biri hesab edilir

Səs-küy bir yana qalsın, burda mövcud olan anti-sanitariya şəraiti görənlərin ürəyini ağzına gətirir. Bu haqda ayrı-ayrı media orqanlarında dəfələrlə tənqidi yazılar getsə də, əlaqədar dövlət qurumları indiyə kimi heç bir tədbir görməyiblər. Bu barədə "Gündəlik Bakı" qəzeti yazır...

Elə bu səbəbdən bazarda hər keçən gün vəziyyət daha da ağırlaşır. Bildirək ki, bazarın yerləşdiyi ərazi həm də gün ərzində bir neçə saat davam edən tıxacla diqqəti çəkir. Burda işləyən, həmçinin alış-verişə gələn insanların avtomobillərini yolun kənarında qadağan olunmuş hissədə saxlaması nəqliyyat vasitələrinin hərəkətində müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Buna rəğmən, nə bazar rəhbərliyi, nə də digər müvafiq qurumların nümayəndələri önləyici iş görürlər. Son vaxtlar isə "8-ci kilometr bazarı"nın yerləşdiyi ərazi cinayətkar dəstələrin, habelə kriminal "razborka"lara meylli olan şəxslərin belə demək mümkünsə, məskəninə çevrilib. Bir neçə gün əvvəl bazarın qarşısında növbəti cinayət hadisəsi baş verib. Bazarın qarşısında gecə saat 02 radələrində səs-küy düşüb. Səs-küyə çıxan camaat yaşlı bir kişinin sərxoş halda söyüş söydüyünü görüblər. Məsələni araşdırmaq istəyərkən isə kişi insanları da söyməyə başlayıb.

Bu səbəbdən əslən rus əsilli olan 45 yaşlı kişini döyüblər. Ağır bədən xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsində araşdırma aparılır. Xatırladaq ki, bundan əvvəl də sözügedən ticarət obyektinin ərazisində bu cür hadisələr baş verib. Bazarda işləyən şəxslərin arasında dəfələrlə dava düşüb. Bir sıra hallarda həmin mübahisələrin yekununda qan tökülüb. Məsələn, bir neçə il öncə "8-ci kilometr bazarı"nda qanlı olay qeydə alınıb. Gürcüstanın Marneuli rayon sakini, 21 yaşlı Rövşən Bayramov mübahisə zamanı həmyaşıdı Murad İsmayılova bıçaqla ciddi xəsarət yetirib. Yaralı ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rövşən Bayramov yaxalanıb. O, istintaqa ilkin ifadəsində törətdiyi əməli etiraf edib. Bəzi hallarda isə bazarda törədilən cinayət hadisələri ictimaiyyətdən gizlədilir. Bazar rəhbərliyi belə məsələlərin ictimailəşməməsinə çalışır. Bizə çatan məlumatlarda bildirilir ki, hava qaralandan sonra "8-ci kilometr bazarı"nın yaxınlığı sözün əsl mənasında cəhənnəmə çevrilir: "Bu ərazidə işıqlandırma demək olar ki, yox dərəcəsindədir. Bazar bağlanandan sonra narkotik maddələrin aludəçiləri, oğrular və kriminal aləmlə əlaqəsi olan digər şəxslər bura yığışırlar. Əraziyə polis nəzarəti aşağı səviyyədədir. Bu səbəbdən həmin şəxslər burda istədiklərini edirlər. Ya camaatın qarşısını kəsib onlardan pul istəyirlər, ya da nalayiq ifadələr işlədirlər. Yaxınlıqdakı binalarda yaşayan sakinlər bu tip mənzərələri izləməkdən beziblər. Vətəndaşlar dəfələrlə 24-cü Polis Bölməsinin rəhbərliyindən bazarın yerləşdiyi hissəyə nəzarəti gücləndirmələrini xahiş edib, amma sakinlərin müraciəti nəzərə alınmayıb. Burda hər gün bir xoşagəlməz hadisə qeydə alınır. Həm bazarın işçiləri, həm də digər insanlar dava-dalaş salıb asayişi pozurlar". Məlumat üçün vurğulayaq ki, "8-ci kilometr bazarı"nın yerləşdiyi sahə 24-cü Polis Bölməsinin əməkdaşlarının xidmət apardıqları əraziyə daxildir. Maraqlıdır, görəsən bölmə rəhbərliyi tez-tez cinayət hadisələrinin qeydə alındığı bazara nəzarəti niyə gücləndirmir? Görünür, belə məsələlər bölmənin rəisi və işçilərinin marağında deyil. Hesab edirik ki, bazara post patrul xidmətinin əməkdaşları təhkim olunsa, məqsədəuyğun olardı.