BolgeXeber.Com » Ölkə » Şəki Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlər hara xərclənir?

Şəki Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlər hara xərclənir?

22-06-2015, 09:07
Oxunub: 5 944 Şəki Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlər hara xərclənir?Şöbə müdiri rayonun ən imkanlı şəxsləri sırasında qərarlaşıb

Mirvari Zeynalovanın əsas gəlir yeri kitabxanaların, mədəniyyət evlərinin və klubların cari təmiridir
Şəki şəhəri zəngin turizm imkanlarına malik olsa da, nədənsə son dövrlər rayonda yerləşən tarixi memarlıq abidələrinin mühafizəsi lazımi səviyyədə təşkil olunmayıb. Bunun məsuliyyəti isə birbaşa Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalovanın üzərinə düşür. Çünki o, rəhbərlik etdiyi qurumu özünün tətbiq etdiyi "qayda"larla idarə etdiyindən Şəkinin turizmi irəli getmək əvəzinə yerində sayır.
Məlumat üçün bildirək ki, Şəki Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 1 qalereya, 39 mədəniyyət evi, 2 istirahət parkı, 32 kənd klubu, 66 kitabxana fəaliyyət göstərir. Bundan başqa, Kiş Tarixi-Memarlıq Qoruğu, "Yuxarı baş" Dövlət Tarix-Memarlıq Qoruğu, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Şəki rayon tarix-diyarşünaslıq muzeyi, M.F.Axundzadənin ev-muzeyi, Şəki Xalq Tətbiqi Sənəti Muzeyi, Şəki şəhər Heydər Əliyev Mərkəzi, Rəşid bəy Əfəndiyevin ev-muzeyi, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzi, Şəki şəhər uşaq incəsənət məktəbi, Şəki şəhər 2 saylı uşaq musiqi məktəbi, Şəki şəhər 3 saylı uşaq musiqi məktəbi, Turan qəsəbə uşaq musiqi məktəbi və Turizm İnformasiya Mərkəzi də Mirvari Zeynalovanın rəhbərlik etdiyi qurumun tabeliyindədir.
Mədəniyyət və turizm şöbəsinin müdirinə gəlincə, qeyd edək ki, 1966-cı il dekabr ayının 8-də Şəki şəhərində anadan olmuş Mirvari Zeynalova 1981-85-ci illərdə Şəki Musiqi Texnikumunda təhsil alıb. O, 1985-ci ildən Şəki Musiqi Texnikumunda müəllim, 1990-cı ildən FBK-nın (fənn birləşmə komissiyası) sədri, 2000-ci ildən şöbə müdiri, 2009-cu ildən 2013-cü ilin aprel ayınadək tədris işləri üzrə direktor müavini işləyib. 19.04.2013-cü il tarixdə isə Şəki Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Bu arada, əldə etdiyimiz bilgilərə görə, Şəki kəndlərindəki 66 kitabxanada, 39 mədəniyyət evində və 32 klubda bir çox işçilər var ki, onların sadəcə adları işdə gedir. İşçilərin adlarına alınan əməkhaqqları isə şöbə rəhbərliyinə çatır. Bu və digər məqamlarla bağlı redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, Mirvari Zeynalovanın əsas gəlir yeri kitabxanaların, mədəniyyət evlərinin və klubların cari təmiridir: "Deyilənlərə görə, Şəki Mədəniyyət və Turizm Şöbəsinin nöqsanlı fəaliyyəti qurumun nəzdində fəaliyyət göstərən musiqi məktəblərində, klublarda və digər analoji müəssisələrdə çoxsaylı neqativ halların yer almasına səbəb olur. Bundan başqa, rayonda fəaliyyət göstərən bütün mədəniyyət ocaqları, eləcə də turizm müəssisələri istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinin qəbulunda olur, onunla görüş keçirirlər. Onu da qeyd edim ki, Şəki Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən müəssisələrin ştat cədvəlinə salınmış "ölü can"ların sayı real işçilərin sayından daha çoxdur. Bu isə hər ay büdcədən əməkhaqqı formasında külli-miqdarda vəsaitin tamam başqa istiqamətə yönəlməsinə şərait yaradır".
Məlumatlı şəxsin sözlərinə görə, Mirvari Zeynalovanın rəhbərlik etdiyi qurumun nəzdində fəaliyyət göstərən musiqi məktəblərində çalışan bir çox müəllimlərin adlarına yazılan artıq dərs saatları və məşğələlərin əməkhaqları da mənimsənilir: "Deyilənlərə görə, Şəkinin kəndlərində yerləşən bir çox mədəniyyət obyektləri əslində formal qurum, yəni yalnız sənəd üzərində fəaliyyət göstərirlər. Belə ki, kitabxana, mədəniyyət evləri və klublarda bir çox işçilərin sadəcə adları maaş cədvəlində qeyd olunub. İşçilərin adlarına yazılan əməkhaqqları isə yenə də şöbənin rəhbərliyinə çatır. Ən xoşagəlməz məqam isə ondadır ki, bölgədə turizmin və mədəniyyətin inkişafı məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış büdcə vəsaitləri də təyinatdankənar xərclərə sərf olunur. Yəni həmin vəsaitin böyük bir hissəsi şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Şəki Mədəniyyət və Turizm Şöbəsinin müdirinin ixtiyarına keçir. Belə ki, kitabxanaların, klubların, mədəniyyət evlərinin cari təmirinə ayrılan vəsaitlərin sənəd üzərində adıçəkilən müəssisələrin təmirinə xərcləndiyi göstərilsə də, rayon sakinləri həmin vəsaitlərin böyük bir hissəsinin mənimsənildiyini iddia edirlər". Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, son vaxtlar Şəkidə olan mədəni-tarixi abidələrin bərpa və təmir işləri üçün ayrılan dövlət vəsaitlərinin də sonrakı taleyi qaranlıq qalır: "Əslində, həmin vəsaitlər də yoxa çıxarılmaya məruz qalır. Deyilənlərə görə, Şəki Mədəniyyət və Turizm Şöbəsinin müdiri bu məqsədlə təmir-tikinti idarəsi adı altında qeydiyyatdan keçmiş, əslində isə heç bir maddi-texniki bazası olmayan müəyyən şirkətlərlə iş birliyinə girərək, nağdlaşma üsulu ilə dövlət vəsaitlərinin üyüdülmüsinü yol verir. Məhz elə bu kimi səbəblər üzündən Mirvari Zeynalova bu gün Şəkinin ən imkanlı şəxsləri sırasında qərarlaşıb. Belə ki, onun rayonun mərkəzində bir neçə qızıl dükanı var. Bundan başqa, məşhur "Çələbi xan restoranı", eləcə də Bəxtiyar Vahabzadə adına parkda istirahət mərkəzləri, idman klubları da Şəki Mədəniyyət və Turizm Şöbəsinin müdirinə məxsusdur. Əgər aidiyyəti qurumlar qeyd olunan faktları ciddi şəkildə araşdırsalar, o zaman bir çox mətləblər gün üzünə çıxa bilər…"
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. gundelik-baku.com