BolgeXeber.Com » Ölkə » Bakı Şəhər Baytarlıq İdarəsində məsuliyyətsizlik davam edir

Bakı Şəhər Baytarlıq İdarəsində məsuliyyətsizlik davam edir

25-06-2015, 11:16
Oxunub: 4 431 Bakı Şəhər Baytarlıq İdarəsində məsuliyyətsizlik davam edirSiyalə Rüstəmova baytarlıq sisteminin axırına çıxıb

Bu gün ölkə başçısının kənd təsərrüfatına göstərdiyi diqqət və qayğıya baxmayaraq, bu sahədə çatışmazlıqlar mövcuddur. Demək olar ki, dövlət büdcəsindən bu sahəyə kifayət qədər vəsait ayrılır. Lakin ayrılan vəsaitin hansı istiqamətlərə sərf olunduğu məlum deyil. Dövlət kənd təsərrüfatı sektorunun inkişaf etməsində və fermerlərin rahat şəkildə fəaliyyət göstərməsində maraqlıdır.
Dövlətin göstərdiyi qayğıya baxmayaraq, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Siyalə Rüstəmova və qurumun yerli idarələrində rəhbər vəzifə tutan şəxslər işlərinə qarşı laqeyd münasibət sərgiləyirlər. Demək olar ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti, eləcə də onun yerli idarələri bir sıra qanun pozuntusuna, özbaşınalıqlara yol verir. Sözügedən qurumun işçiləri üzərlərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirmirlər. Səlahiyyətləri daxilində görüləcək işlərə məsuliyyətsiz yanaşırlar. Təəssüf ki, bu kimi hallar da vətəndaşlara ziyan vurur. Bu gün paytaxtın əksər yerlərində sallaqxanalar fəaliyyət göstərir. Əksəriyyəti xəstəlik mənbəyidir. Antisanitar şəraitdə vətəndaşlara xidmət edirlər. Çoxunda xüsusi su-kanalizasiya sistemi belə yoxdur. Qeyri-peşəkar insanlar tərəfindən işlədilir. Qəssab tibbi müayinədən keçməli və sanitar geyim geyinməli olduğu təqdirdə, bunların heç birini görmək mümkün deyil.
Dünya praktikasına nəzər saldıqda isə görə bilərik ki, dünyada ət və ət məhsullarının satışı açıq havada insanların, xüsusilə də uşaqların gözü önündə deyil, xüsusi yerlərdə həyata keçirilir. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin sallaqxanalara nəzarəti həyata keçirməli olduğu halda, bunu görmürük.
Ölkəyə daxil olan və ölkədən çıxarılan heyvan və heyvan mənşəli bütün məhsullara həmin qurum nəzarət etməlidir. Heyvan baytarlıq nəzarəti altında kəsilibsə, həm sənədlərə, həm də heyvan cəmdəklərinə, budlarına möhür vurulmalıdır. Adıçəkilən qurumun ölkənin bir sıra bölgələrində şöbələri, laboratoriyalarının və təchizat bazalarının fəaliyyət göstərməsinə baxmayaraq, heç bir işlə məşğul olmur. Sözügedən qurum lazımi səviyyədə məsuliyyət göstərmir.
Respublikada ət məhsullarının satışı acınacaqlı durumdadır. İstər xarici ölkələrdən idxal olunan, istərsə də ölkəmizdə istehsal olunan ət və ət məhsulları baytar-sanitar müayinəsindən keçmədən dükanlara verilir. Yalançı möhürlərlə vətəndaşları aldadırlar. Müəyyən şərtlər qarşılığında idarənin əməkdaşları heç bir yoxlama aparmadan möhür vurub gedirlər. Vətəndaşlar da yalançı möhürlərin toruna düşürlər. Hesab edirlər ki, ət yoxlanışdan keçib və möhür vurulubsa, demək heç bir problem yoxdur. əldə etdiyimiz məlumata görə, regionlarda mal-qara arasında xəstəlikər sürətlə yayılır. Bu da onu göstərir ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin yerlərdəki əməkdaşları işinin öhdəsindən gələ bilmir. Heyvanlar arasında yayılan xəstəliklərə qarşı dezinfeksiya işləri aparılmır. Nəticədə də xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalmasına səbəb olub. Bunun birbaşa səbəbkarı isə heç şübhəsiz ki, Siyalə Rüstəmovadır. Çünki o bu sahəyə istənilən səviyyədə nəzarət edə bilmir. Ona görə də bu şəxsin fəaliyyəti nəzərdən keçirilməli və kadr dəyişikliyinə gedilməlidir. gundelik-baku.com