BolgeXeber.Com » Ölkə » Apteklərdə dərmanlar vahid qiymətə satılmır

Apteklərdə dərmanlar vahid qiymətə satılmır

1-07-2015, 09:55
Oxunub: 4 767 Apteklərdə dərmanlar vahid qiymətə satılmırƏczaçı: “Dərmanların baha və ya ucuz satılmasının bizim üçün fərqi yoxdur”


İyunun 3-də baş nazir Artur Rasizadə dərmanlara vahid qiymət qoyulması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, dərmanlar Azərbaycanın bütün apteklərində vahid qiymətə satılacaq və dərman qutularının üzərində onların qiyməti göstəriləcək. Hesablama üçün 10 ölkədəki qiymətlər nəzərə alınıb. Bu ölkələr Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniyadır.

Bu yeniliyin tətbiqi zamanı Türkiyənin, Avropa ölkələrinin və bir çox başqa ölkələrin təcrübəsi əsas götürülüb. Bazis qiymətinin üzərinə topdan və pərakəndə satış qiyməti əlavə ediləcək. Dərmanın dəyəri artdıqca satış üçün qiymətə əlavə olunan faiz azalacaq. Məsələn, bazis qiyməti 10 manat olan dərman topdan satışda 13 manat 98 qəpik, apteklərdə isə 16 manat 78 qəpiyə satılmalıdır.

10 manatlıq dərmanın satış qiyməti bazis qiymətindən 67 faiz artıq olacaq. Ancaq dərmanın maya dəyəri artdıqca üzərinə gələn faiz azalır. Məsələn, bazis qiyməti 50 manat olan dərman 60 faiz artıq məbləğlə satışa çıxarılacaq. Maya dəyəri 100 manat olan dərmanda isə bu göstərici 50 faiz təşkil edəcək.

Bəs hazırda apteklərdə bu sərəncama əməl edilirmi, yoxsa yenə də eyni dərmanlar müxtəlif qiymətə satılır?

Suallarımıza cavab tapa bilmək üçün metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən bir neçə aptekə baş çəkdik. Apteklərdən gündəlik həyatda daha çox istifadə edilən bir neçə ağrıkəsicinin qiymətini soruşduq.

Ağrıkəsici olan “Spazmaqol” dərmanının qiymətini eyni ərazidə yerləşən üç fərqli aptekdən soruşduq. Dərmanın qiyməti apteklərin hər birində fərqli idi. Belə ki, dərman 70-80 qəpik və 1 manata satılırdı. Digər ağrıkəsici olan “Aksenford” isə 30-40 qəpik arasında satılırdı. “Stramon” isə bir aptekdə 5, digərlərində isə 10 və 20 qəpiyə satılırdı.

Aptek işçilərindən dərmanlara qoyulan vahid qiymət sisteminə münasibətlərini öyrəndik. Əczaçı Elmira Əliyeva verilən sərəncamı müsbət qarşıladığını dedi: “Dərman elə bir şeydir ki, kasıb-varlı baxmadan hər kəs almağa məcbur olur. Bəzən xəstələr ucuz dərman tapmaq üçün günlərlə aptek gəzməli olurlar. Buna artıq ehtiyac qalmaması çox yaxşıdır”.

Digər aptek işçisi Rəşid Mustafayev isə hələ ki bunun tətbiq edilmədiyini bildirdi: “Dərmanların baha və ya ucuz satılmasının bizim üçün fərqi yoxdur. Biz aylıq maaşımızı alırıq. Çox vaxt dərman almağa gələn yaşlı insanlar elə bilirlər ki, biz dərmanın qiymətini özümüzdən qoyuruq. Burada dərmanların qiyməti maksimumdan yuxarı satıla bilməz. Məsələn, ”Spazmaqol" dərmanının maksimum qiyməti 1 manatdır. Yəni 1 manatdan ucuz satıla bilər, amma baha yox".

Alıcı İsmayıl Quliyev bu qaydanın tətbiqini təqdir etdi: “Ümid edək ki, bu qərar da kağız üzərində qalmayacaq. Hələ ki adi ağrıkəsici dərmanların qiyməti bir aptekdə ucuz, digərində nisbətən bahadır”.

Apardığımız müşahidələr onu göstərdi ki, apteklərdə bütün dərmanlar vahid qiymətə satılmır. musavat.com