BolgeXeber.Com » Ölkə » “Şapka Mamed” Beynəlxalaq Banka rəhbər gətirilir - Elman Rüstəmovun təqdimatı ilə

“Şapka Mamed” Beynəlxalaq Banka rəhbər gətirilir - Elman Rüstəmovun təqdimatı ilə

11-07-2015, 18:35
Oxunub: 4 025 “Şapka Mamed” Beynəlxalaq Banka rəhbər gətirilir - Elman Rüstəmovun təqdimatı ilə“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə “Aqrarkredit”in rəhbəri Məmməd Musayev gətirilir

Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, yaxın günlərdə Beynəlxalq Bankın Müşahidə Şurasının yığıncağı keçiriləcək. Həmin yığıncaqda Məmməd Musayev İdarə Heyətinin rəhbərliyinə gətirilməsi məsələsi həllini tapacaq.

Məlumatda deyilir ki, Məmməd Musayev Beynəlxalq Bankın rəhbərliyinə xüsusi planlarla gəlir. Bu sırada bankın özəlləşdirilməsi əsas yer tutur.

Qeyd edək ki, Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Qazax rayonunda anadan olub. 1972-ci ildə orta məktəbi, 1976-cı ildə isə D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunu (İndiki İqtisad Universiteti) fərqlənmə ilə bitirib.

Məmməd Musayev uzun illər ölkənin bank sistemində müxtəlif vəzifələr tutub.Belə ki, 1976-1984-cü illərdə Dövlət Bankının (Mərkəzi Bank) Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışıb. 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi olub. 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin sədri, 2001-ci ildən isə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədridir, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür.

2009-cu ildən Azərbaycan Sahibkar Konfederasiyasının (ASK) prezidenti olan Məmməd Musayev iş adamları arasında “şapka Mamed” ayaması ilə tanınır. “Şapka Mamed”in çox böyük maliyyə imkanları var. ASK prezidenti böyük bir maliyyə imperiyasının başında dayanıb. Onun patronajlığı altında bir neçə iri bank fəaliyyət göstərir. Bunlardan “Turan Bank”ın, “Azər-Türk Bank”ın, “Başak-İnam” sığorta şirkətinin adlarını çəkmək olar.

M.Musayevin tikinti şirkətlərinin də olduğu bildirilir. «Maliyyəçi» MMC-nin direktoru Temraz Orucovla quda olan Məmməd MusayevİN Bakının Yasamal rayonu ərazisində bir neçə hündürmərtəbəli yaşayış binası inşa ediKləri bildirilir. «Mothercare»nin metronun «Elmlər Akademiyası» stansiyasının yaxınlığında yerləşdiyi binanı Məmməd Musayev tikdirib. Həmin binada «Başak-İnam» sığortanın baş ofisi də fəaliyyət göstərir. Bundan başqa, «Şuraabad» Quşçuluq Fabriki də ona məxsusdur.

Onu da qeyd edək ki, M. Musayev Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovla yaxın dostdular. M.Musayevin ASK prezidenti postuna gətirilməsi də Elman Rüstəmovun xidməti hesab olunur. Həmçinin bu iki şəxsi ortaq biznes, nəhəng layihələr birləşdirir. Bakıda M. Musayev tərəfindən tikilən bir çox hündürmərtəbəli yaşayış binalrının maliyyəsini Elman Rüstəmovun buraxdığına dair məlumatlar var.

Bu baxımdan “Şapka Mamed”in “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə namizədliyini də E.Rüstəmovun sürdüyünü ehrtimal etmək olar.