BolgeXeber.Com » Ölkə » Deputat AZAL-dan narazıdır: Necə bilet alsınlar?

Deputat AZAL-dan narazıdır: Necə bilet alsınlar?

14-07-2015, 15:00
Oxunub: 906 Deputat AZAL-dan narazıdır: Necə bilet alsınlar?“Biz gözləyirik ki, prezident göstəriş versin, ondan sonra qüsurlarımızı düzəldək”

Ötən gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı ölkəmizdə aviabiletlərin qiymətinin süni şəkildə artırılmasından söz açıb.

Ölkə başçısı iclas zamanı bildirib ki, aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır: “Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır?”

Prezident bildirib ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır: “Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”

Millət vəkili Elmira Axundova AzVision.az-a açıqlamasında ölkə başçısının fikirlərini dəstəklədiyini bildirib.
Deputat qeyd edib ki, bəzi istiqamətlərə qiymətlər bahadır: “Düşünürəm ki, AZAL dünyanın ən rahat və təhlükəsiz xidmətlərindən biridir. Mən və ailəm xaricə gedərkən əsasən AZAL-a üstünlük veririk.

Hesab edirəm ki, adi insanların da büdcəsini nəzərə alıb qiymətləri tənzimləməlidirlər. Əgər bir insanın aylıq gəliri 400-500 manatdırsa o, bir biletə 600-700 manat necə versin? Hər kəsin istirahət etmək haqqı var. Əgər hər hansı aviaşirkət biletləri 200-300 manata satırsa, bu zaman AZAL 600 manata bilet verirsə, bu düzgün siyasət deyil. Çünki bizim insanlar o qədər də varlı deyillər.

Bu baxımdan insanlar yay aylarında daha çox istirahətə üz tutduqları üçün AZAL və digər aviaşirkətlər qiymətlərə güzəştlər etməlidirlər”.

E.Axundova əlavə edib ki, president İlham Əliyev ölkəmizdə baş verən bütün hadisələrə həssas yanaşır:
“Prezidentimiz bir daha sübut edir ki, o hər kəsin prezidentidir. Ancaq mən istərdim ki, turizm şirkətlərimiz, otellərimiz, avia şirkətlərimiz irad tutulmamışdan öncə baş verən nöqsanların qarşısını alsınlar.
Təəssüf ki, biz gözləyirik ki, göstəriş verilsin, sonra qüsurlarımızı düzəldək”.

Millət vəkili regionlarda yerləşən istirahət mərkəzlərinin qiymətlərinin də baha olmasından danışıb. O, bildirib ki, Qubada istənilən oteldəki bir günlük qiymət 30-40 manatdır. Bu da bir həftəyə 210-280 manata çatır: “Qəbul edək ki, istirahətə getmək istəyənlər ailə üzvləri ilə birlikdə gedir. Bu da ona 1000 manatdan baha başa gəlir. Bu qiymətə də hər kəsin imkanı çatmır. Bəzi otellərimizdəki qiymətlər Türkiyə və digər ölkələrdəki istirahət mərkəzlərinə baxanda olduqca bahadır. Onu da qəbul edək ki, ifrastruktur bizdə bir o qədər də inkişaf etməyib, turist axını o qədər də çox deyil. Ona görə də turizm məkanları onlara müraciət edənlərdən pulu elə alır ki, digərlərinin də əvəzi çıxır. Əslində turizm şirkətləri fikirləşməlidirlər ki, onlar yaxşı mənada nə yeniliklər etsinlər ki, turist cəlb etsinlər.

Qəbul edək ki, bu gün Şahdağ Qış-Yay Turizm Kompleksi bahadır. Ancaq buna baxmayaraq, sözügedən istirahət mərkəzində qışda yer olmur. Çünki o yeganə istirahət mərkəzidir ki, qışda ora müraciət edənlərin sayı çoxdur. Otellərə nəzarət ciddi olmalıdır”.
Bolgexeber.com