BolgeXeber.Com » Ölkə » Xətai rayonundan daha bir şikayət - Yaşıllıqların məhvinə kimlər göz yumur?

Xətai rayonundan daha bir şikayət - Yaşıllıqların məhvinə kimlər göz yumur?

18-07-2015, 12:49
Oxunub: 4 054 Xətai rayonundan daha bir şikayət - Yaşıllıqların məhvinə kimlər göz yumur?Əhmədli qəsəbəsi, Məhəmməd Hadi 41 ünvanında yerləşən binanın sakinləri baş verəcək ağac qətliamını nəzərə alaraq indidən həyəcan təbili çalırlar

Yəqin ki, əksəriyyətimiz bu gün paytaxtın müxtəlif rayonlarında baş verən ağac qətliamlarının şahidi oluruq. Çünki çox vaxt bu kimi xəbərləri bizlərə oxucularımız göndərirlər ki, həmin qanunsuz kəsilən ağacların gündəmə gətirilməsində, işıqlandırılmasında yardımçı olaq. Bizlər də, bu məsələni bacardığımız qədər gündəmə gətirməyə çalışmışıq.Ona görə ki, ağaclar, yaşıllıqlar biz insanlar üçün çox vacibdirlər. Bu kimi durumların qarşısının alınması istiqamətində zaman-zaman müəyyən tədbirlər görülsə də, çox təəssüflər olsun ki, sözügedən mövcud problem hələ də aktualdır. Ağaclar həmişə insanın qoruyucusu və keşikçisi olub. Amma son bir neçə müddətdə ağacların insanlar tərəfindən qırılması onsuz da təmiz olmayan ekologiyamıza biraz da mənfi təsir edir. Amma görünən odur ki, bu durumu yalnız sadə vətəndaşlar dərk edirlər. Çünki əksər məmurlar, ağacların kəsilməsi ilə yalnız pul qazanmağı düşünürlər. Ümumiyyətlə, bu gün Bakıda yaşıllıqların məhv edilməsi adi hala çevrilib. Ağacın kəsilməsi bir cərimə ilə yekunlaşırsa, böyük bina tikən iş adamı üçün bu elə də faciəvi deyil. Əsl faciəni o ağacı əkib illərdir böyüdən insan çəkir. Yəqin artıq bütün oxucularımız bilir ki, bu gün ağac kəsimlərində ən öndə gedəni Xətai rayonudur. Bu rayonda artıq demək olar ki, yaşllıq qalmayıb. Amma Xəzər, Qaradağ, Nəsimi rayonları da, bu işdə Xətai rayonundan geri qalmırlar. Bu məsələni yenidən gündəmə gətirməyimizin səbəbi bu gün yenə Xətai rayonundan redaksiyamıza daxil olan şikayətlə bağlıdır. Belə ki, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi 41 ünvanında yerləşən binanın sakinləri baş verəcək ağac qətliamını nəzərə alaraq indidən həyəcan təbili çalırlar. Sakinlər yazırlar ki, həyətlərində böyük bir yaşıllıq ərazi artıq hasarlanıb. Orada hansısa bina tikiləcəyi barədə məlumatlar var. Məktubda deyilir ki, kəsilmə təhlükəsi olan ağacları binanın sakinləri əkiblər və uzun illərdir də onları qoruyurlar, qayğısına qalırlar: "Yaşıllıqları məhv etmək yox, əksinə, qorumaq və çoxaltmaq hər kəsin borcudur. Xüsusən də bu qədər insan və avtomobil sıxlığı olan meqapolisdə, oksigenə, yaşıllığa ən çox ehtiyac duyulan bir yerdə bir ağacı belə kəsmək, bəlkə də, cinayətdir. Binamız "Əhmədli" metrostansiyasının və böyük avtomobil yolunun tam kənarındadır. Bu ərazidə tək yaşıllıq, bəlkə də, yalnız bizim binanın önündəkidir. Orada da tikinti aparılacaqsa, oradakı bütün ağaclar kəsiləcək, yaşıllıq tamamilə məhv ediləcək. 30-40, 50 illik ağacları necə kəsmək olar? Üstəlik yeni binanın tikiləcəyi yer bizim yaşadığımız binaya çox yaxındır. Yaşayış yerinə bu qədər yaxın məsafədə tikinti aparmaq da qanunsuzdur və bizim bütün hüquqlarımızın pozulması deməkdir. Biz, 41 saylı binanın sakinləri ərazimizdəki yaşıllıqların məhv edilməsinə və evin önündə başqa bir binanın tikilməsinə qəti şəkildə etiraz edirik və bunun baş verməməsi üçün sizin saytınız vasitəsilə Bakı Şəhər İcra Hakimiyyətindən, Xətai Rayon İcra Hakimiyyətindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, bütün aidiyyatı qurumlardan tədbirlər görmələrini xahiş edirik". Əldə etdiyimiz məlumatlara görə, həmin ərazi Qarabağ əlillərinə bina tikilməsi üçün ayrılıb. Sakinlər həmin ərazidə bina tikilməsinə etiraz etdiklərinə görə, əlillər məhkəmə iddiası da qaldırıblar. Məhkəmə işi Bakı Şəhər İcra Hakimiyyətinə yönləndirib. Çünki həmin ərazi BŞİH-in başçısı Hacıbala Abutalıbov tərəfindən ayrılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məsələ ilə bağlı açıqlamasında bildirib ki, mövcud problemlə bağlı artıq onlara şikayət daxil olub. Nazirliyin müvafiq departamentinin əməkdaşları həmin ərazidə araşdırma aparırlar. Bu isə o deməkdir ki, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi 41 ünvanında yerləşən binanın sakinləri hələ bir müddət də gözləməli olacaqlar. Sonda isə onu da diqqətinizə çatdıraq ki, Xətai rayonunda demək olar ki, heç bir yaşıllıq ərazi qalmayıb. Sakinlər bu durumdan dəfələrlə şikayətçi olsalar da, təəssüflər olsun ki, şikayətlərinə heç baxan da yoxdur. Bir sözlə, artıq Xətai rayonunda ağac kəsimləri bizləri heç də təəccübləndirmir. Sadəcə təəccübləndiyimiz məqam bu ağac kəsimləriniyə niyə və hansı səbəbdən göz yumulmasıdır.