BolgeXeber.Com » Ölkə » "Azərsu" Bakı sakinlərinə niyə divan tutur? - ŞİKAYƏT VAR

"Azərsu" Bakı sakinlərinə niyə divan tutur? - ŞİKAYƏT VAR

20-07-2015, 10:50
Oxunub: 3 667 "Azərsu" Bakı sakinlərinə niyə divan tutur? - ŞİKAYƏT VAR"Axşamdan-axşama 1-2 saat güclə su verirlər, səhərlər olanda isə 5-10 dəqiqəlik verilir. Belə zülüm olmaz ki, bunlar camaata edirlər”

Nizami rayonu Elşən Süleymanov 59 ünvanından AFN.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Qeyd edilən ünvanın sakinləri bildirirlər ki, artıq iki aya yaxındır suları gəlmir. “Çənlibel” MTK-ya məxsus olan həmin binaya əvvəllər su normal verilib. Lakin Avropa Oyunları öncəsindən başlayaraq ciddi problemlər yaranır.

Belə ki, əvvəlkinə nisbətən indi gündə 1 saat, o da çox zəif təzyiqlə su verilir: “Binanın öz anbarı var. Amma anbara su normal verilmir və kufayət qədər ehtiyat yığılmır deyə biz problemlə üzləşirik. Əvvəllər suyumuz daimi idi, indi isə axşamlar uzağı 2 saat gəlir kəsilir. Bizə dedilər ki, su Atletlər kəndinə verilir. Artıq 15 gündür oyunlar bitib, yenə də vəziyyət düzəlmir. Nizami rayon su idarəsindən gah deyirlər xətdə su yoxdu, gah deyirlər sizə su verilən anbarda (binanın anbarında deyil, bizə su gətirən xəttin su götürdüyü anbarda, hansı ki, maşın bazarının yanında yerləşir) problem var. İdarədən deyirlər bu işə baş mühəndis Cəlal müəllim baxır. O da telefona cavab vermir, verəndə də deyir düzələcək. Artıq iki aya yaxındır, düzəlmir ki, düzəlmir”.
Sakinlərin dəfələrlə müraciətindən sonar idarənin rəhbərliyi gəlib vəziyyətlə yerində tanış olub, ciddi bir problem olmadığını, tezliklə düzələcəyini deyib gedib. Artıq yarım aydan çoxdur ki, ondan da bir xəbər yoxdur deyir sakinlər. Həmçinin qeyd edirlər ki, gündə 2 saat 2 dəfə normal təzyiqlə verilsə anbar dolar, amma bunu etməyə nədənsə maraq göstərmirlər: “Baş mühəndis Cəlal özünü elə aparır ki, elə bil idarənin müdiridir. Sakinlərdən biri “Azərsu”yun qaynar xəttinə zəng etmişdi, həmin gün tökülüb gəldilər, su da normal verildi, amma səhəri gündən yenə eyni vəziyyətdir. Belə çıxır ki, öz əllərindədir, istəsələr normal verərlər. Bu, xalqı dövlətdən narazı salmaq cəhdindən başqa bir şey deyil”.
“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirildi ki, məsələni araşdırıb mövqe açıqlayacaqlar. Bir neçə gün ərzindən qurumdan xəbər çıxmasa da, qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

P.S. Müraciət redaksiyaya bir neçə gün əvvəl daxil olub. Bu gün isə sakinlər növbəti dəfə müraciət edərək yeni faktlar aşkarladıqlarını bildirdilər: “Araşdırmışıq, məlum olub ki, anbarlara nəzarət şöbəsi bizim anbarın qidalandığı əsas anbara gələn xəttin suyunu başqa yerə verir. Hətta deyilənə görə, pulla satır o xəttin suyunu. Bizə isə bir nəfər çıxıb demir ki, filan qədər verin sizə də verək. Vallah, istəsələr verərik, cəhənnəm olsun hər şey, yayın günündə əziyyət çəkirik. Axşamdan-axşama 1-2 saat güclə su verirlər, səhərlər olanda isə 5-10 dəqiqəlik verilir. Belə zülüm olmaz ki, bunlar camaata edirlər”.
Bolgexeber.com