BolgeXeber.Com » Ölkə » “Binə” və “Sədərək” ağır günlərini yaşayır, mağazalar boşalır...

“Binə” və “Sədərək” ağır günlərini yaşayır, mağazalar boşalır...

20-07-2015, 10:02
Oxunub: 1 056 “Binə” və “Sədərək” ağır günlərini yaşayır, mağazalar boşalır...Satıcıların əsas problem yer pullları, başqa sözlə, icarə haqları ilə bağlıdır

“Yarmarkada alver ölüb, ziyanla işləyirik. Mağazaların çoxu bağlanıb. Amma mənim kimi banklara kredit ödəyənlər ziyanla da olsa işləməyə məcburdur”.

Bunu virtualaz.org saytının əməkdaşlarına “Binə” ticarət mərkəzində ayaqqabı satışı ilə məşğul olan Arif deyir.

Satıcının sözlərinə görə, günlərlə heç 5-10 manat da qazana bilmir: “Dünən alver olmadı. Bu gün yenə iki ayaqqabı satmışam. Bazara gələn yoxdur”.

“Binə” və “Sədərək” ağır günlərini yaşayır,

“Binə” ticarət mərkəzində əvvəlki sıxlıqdan, alış-verişdən əsər qalmayıb. Yarmarkanın çıxışındakı mağazaların əksəriyyəti boşaldılıb. 3-cü sıradan başlayaraq sonuncu sıralaradək hər 3 mağazadan biri işləmir. İşləyən mağazalarda isə “50 faiz endirim”, “Şok endirim” kimi reklamlar vurulub.

Hətta kafe və yeməkxanalar da işləmir. Bazarda 5-10 alıcı gözə dəyir.

Virtualaz.org saytı paytaxtın ən iri ticarət mərkəzlərindəki bu vəziyyətin səbəblərini öyrənməyə çalışıb.

Satıcı Nigar Quliyeva deyir ki, Avropa Oyunlarından sonra alverin güclənəcəyini gözləyirlərmiş. Amma əksinə olub, indi bazar gündən-günə boşalır: “Avropa Oyunlarında bazar tamam çökmüşdü. Deyirdik, yəqin bu aydan alver yaxşı olar. Amma günlərlə heç nə sata bilmirik. Yalnız xırdavata, bir də ev əşyalarına görə bazara gəlirlər”.

Yaxınlıqdakı mağazanın sahibi də sözə qarışır: “Dollar bahalaşdı, biz ziyana düşdük. Türkiyədən, Rusiyadan mal alıb gətiririk. Deyirlər ki, ucuz verin. Çindən ucuz mal gətirənlərin alveri gedir. Bahalı paltar axtaranlar daha bu yarmarkaya gəlmirlər”.

“Binə” ticarət mərkəzində kosmetika və aksessuarlar satışı ilə məşğul olan mağazaların çoxu işləmir.

Samir adlı satıcı deyir ki, yarmarkada kosmetika və aksessuar satışı əsasən dindar şəxslərin əlində cəmləşib: “Ramazan gələndən onlar da mağazalarını bağlayıblar. Toylar da dayanıb deyə alver zəifdir. Çox istidir, nəfəs almaq mümkün deyil. Mən də oruc tutmuşam. Hər gələn alıcının suallarını cavablandırmaq olmur. Çoxu almır, elə-belə maraqlanır. Bazar yalnız məktəb açılanda, yəni sentyabrda canlanacaq”.

“Binə” və “Sədərək” ağır günlərini yaşayır,

Satıcıların əsas problem yer pullları, başqa sözlə, icarə haqları ilə bağlıdır.

Solmaz adlı satıcı deyir ki, yer pullarının azaldılması üçün bazar rəhbərliyinə müraciət edib: “Yalnız mən deyiləm, çoxu şikayət edib. Amma güzəşt etmirlər. Ayda 2500 manat ödəyirəm. 4 banka kredit borcum var. Bankdan kredit götürüb mal almışdım. Dollar bahalaşdı, gətirdiyim mallar üstümdə qaldı. Mən ancaq bankın borcuna görə işləyirəm”.

“Binə” ticarət mərkəzində əsasən geyim malları satanlar şikayətçidirlər.

Satıcı İmran deyir ki, kreditini ödəmək üçün çimərlik paltarlarının satışı ilə məşğul olmağa başlayıb: “Şəhərdə bu şortikin qiyməti 25 manatdır. Mən 10 manata satıarm, yenə də bahadır deyib almırlar. Elə bilirlər ki, “Binə”də, “Sədərək”də satılırsa, baha almağa dəyməz”.

“Binə” və “Sədərək” ağır günlərini yaşayır,

“Sədərək” ticarət mərkəzində isə nisbətən alver gedir. Amma bu bazarda da vəziyyət ürəkaçan deyil. Yarmarkanın girəcəyindəki mağazaların, yeməkxanaların əsksəriyyəti boşaldılıb. Satıcılar əsasən alverin zəifləməsindən şikayətçidir.“Binə” və “Sədərək” ağır günlərini yaşayır, mağazalar boşalır...

Uşaq oyuncaqları satan Əhməd deyir ki, rayonlardan gələnlərin hesabına alver gedir: “Daha əvvəlki kimi satış olmur. Buna görə də bahalı mallar satan mağazalar boşaldılıb. Gün ərzində heç 30-40 manat da alver olmur. Oyuncaq alanların çoxu 2-3 manatlıq Çin malı alır”.

Qadın aksessuarlarının topdansatışı ilə məşğul olan Cəmil isə söyləyir ki, bütün malları Çindən gətirirlər: “Siz Binə”yə baxmayın, “Sədərək”də həmişə yaxşı alver olub. Ən ucuz xırdavat “Sədərək”də satılıb. İndi alver yaxşı getmədiyindən endirim edə bilmirik. Əhalidə də pul yoxdur. Bazarda axtarsan hər 5 nəfərdən biri bankdan kredit götürüb”.

Uşaq geyimlərinin satışı ilə məşğul olan Nizami isə 40 kvadratmetrlik mağazaya 3000 manat aylıq ödədiyini deyir: “Bankdan kredit götürüb maşın almışam. Hər gün avtobusla gedib-gəlmək mümkün olmurdu, həm də malları daşımaq üçün maşın lazım idi. İndi krediti vaxtında ödəyə bilmirəm. Dollar bahalaşdı, alver öldü. Bir tərəfdən yer haqqı, bir tərəfdən isə kredit - çıxılmaz vəziyyətdə qalmışam. Mağazanı təhvil verib piştaxta götürmək istəyirəm”.

Həm “Binə”, həm də “Sədərək” ticarət mərkəzində xəz və dəri geyimlərinin satışı azalıb.

Dəri satışı ilə məşğul olan satıcı bildirir ki, mövsüm olmadığından alver dayanıb: “Qışda da alver az oldu. Dollara görə. Amma keçən yay alver gedirdi. Amma bu yayda heç kim bahalı mal almaq istəmir. Endirim eləsək də manatın dəyərdən düşməsi ticarətə çox təsir edib”.

Bunlar satıcıların dedikləri və bizim gördüklərimizdir.

Amma “Sədərək” ticarət mərkəzində çalışan sahibkarların adından mətbuata ünvanlanan müraciəti də yada salmaq istərdik.

“Qeyd etməyi lazım bilirik ki, “Sədərək” ticarət mərkəzi nəinki ölkəmizin, eləcə də yaxın Şimali Qafqazın ən böyük və yaraşıqlı ticarət mərkəzlərindən biridir. Əhatə etdiyi ərazidə kifayət qədər ekoloji tarazlıq mövcuddur. Ətraf yaşıllıq içindədir. İçməli və suvarma suları çəkilib. Tikililər müasir kondisioner və havalandırma sistemi ilə təmin edilib. Kanalizasiya sistemi var. Ticarət mərkəzinin ərazisində ibadət etmək üçün böyük, yaraşıqlı məscid fəaliyyət göstərir” - deyə həmin müraciətdə bildirilirdi.

İş adamları qeyd edirdi ki, “Sədərək” ticarət mərkəzində alıcıların və satıcıların rahatlığı üçün istənilən nümunəvi şərait yaradılıb: “İcarə haqlarının bahalığından da giley-güzar eləyən yoxdur. “Sədərək” ticarət mərkəzində işlər əvvəllər olduğu kimi öz axarı ilə davam etməkdədir”.

Bu müraciət jurnalist Əvəz Zeynallının “Sədərək” ticarət mərkəzinin fəaliyyəti ilə bağlı söylədiyi fikirlərə etiraz olaraq yazılıb. Biz də redaksiyamıza da ünvanlanan həmin müraciəti təqdim etdik ki, mənzərə tam aydın olsun.

Bir tərəfdə gördüyümüz alıcısı olmayan boş bazar, bağlanan dükanlar və narazı satıcılar, digər tərəfdə isə razılıq edən sahibkarlar... Nəticə çıxarmaq çətin deyil.
Bolgexeber.com