BolgeXeber.Com » Ölkə » Eldar Əzizov kimsəsiz qadına bir otaq qıymır

Eldar Əzizov kimsəsiz qadına bir otaq qıymır

23-07-2015, 13:04
Oxunub: 3 253 Eldar Əzizov kimsəsiz qadına bir otaq qıymırÖmrünün 29 ilini Sumqayıtın “Azərkimya” müəssisəsində çalışmış qadını İcra Hakimiyyəti bir otaqla təmin etmir

Bu gün, ölkəmizin bütün sahələrdə, xüsusən də iqtisadi baxımdan sürətlə inkişaf etdiyi bir dövrdə bir Azərbaycan vətəndaşının mənzil əvəzi olaraq 5 kv.m-lik sahədə, üstəlik yaşayış sahəsində də deyil, yataqxananın hamamında yaşamağa məcbur qaldığına inanırsınızmı? Mən də inanmaq istəməzdim. Amma görünür Sumqayıt şəhərinin rəhbərliyi öz sakinlərinə bunu da rəva görür. Hən də bu sakin ömrünün 29 ilini doğma şəhərinin aparıcı müəssisələrindən birində (o dövr üçün) vicdanla çalışmağa həsr etmiş zəhmətkeş bir insan, artıq ömrünün ixtiyar çağlarına yetişmiş 50 yaşında bir qadındır. Redaksiyamıza daxil olmuş şikayət ərizəsində Sumqayıt şəhər sakini Axundova Xatirə Abdulməcid qızının öz həyat şəraiti barədə yazdıqlarını oxuduqca, təqdim edilən fotoşəkillərdə əks olunmuş mənzərəni seyr etdikcə inanın ki, insanın tükləri biz-biz olur. Yəni 29 illik xidmətin, əməyin mükafatı bumu olmalıdır? Yoxsa, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi bizim dövlətimizi bu qədər yoxsul, bu qədər imkansız kimi təqdim etməyə çalışır? O zaman görəsən kimə?
Məmur etinasızlığının sosial rifah səviyyəsinin ən son pilləsinə yuvarlayıb saldığı Xatirə Axundova qəzetimiz vasitəsilə ölkə rəhbərliyinə ünvanladığı müraciətində yazır ki, o, 1988-ci ildən Sumqayıt şəhəri, 2-ci mikrorayon, bina 28-də yerləşən 13 saylı yataqxananın mənzil 11 “b” kimi qeydiyyata alınmış sahəsində yaşayır: “Yaşadığım yataqxana əvvəllər “Azərkimya” İstehsalat Birliyinə məxsus idi. Zavod bağlandıqdan sonra həmin yataqxana Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyinə keçmişdir. Mən 29 ilə yaxın həmin zavodda işləmişəm. 1988-ci ildən mən həmin yataqxanada yaşayıram. Əgər buna yaşamaq demək mümükünsə. Mənim yaşayış yerim olmadığı üçün, o vaxtlar 5 kvadrat metrlik hamamı düzəldib mənə yaşamaq üçün vermişdilər. Düz 1988-ci ildən mən orada yaşamağa məhkum olmuşam. Hal-hazırda orada yaşamaq mümkün deyil. Yuxarı mərtəbədən gələn kanalizasiya suları evə axır. Həm suyun şırıltısı, həm də nəmişlik yaşamağım üçün tam yararsız şərait yaranmasına səbəb olub. Kanalizasiya suyunun evə (əgər bura ev demək mümükündürsə) axması buranı tamamilə yararsız hala salıb...” Xatirə xanımın sözlərinə görə, bu yataqxanada hətta heç bir zaman Azərkimya İB-də işləməmiş insanlara da mənzillər ayrılıb. Onlardan bir çoxu isə, ümumiyyətlə burada yaşamırlar. Sadəcə olaraq, nə vaxtsa binanın söküləcəyini və buna görə maddi kompensasiya alacaqlarını gözləyərək, onlara verilmiş otaqların qapısını bağlayıb daimi yaşayış üçün başqa ünvanlara getmişlər. Yaşamağa yeri olmayan Xatirə Axundovaya isə, yataqxanada bir otaq tapılmır: “Yataqxanada boş otaqlar da vardır. Ehtiyacı olmayanlar hətta qapını belə qıfıllayıb çıxıb getmişlər. Lakin mən evi su basması haqqında binanın komendantına bildirdikdə, o, mənə cavab verir ki, bizim o işlərə baxmaq səlahiyyətimiz yoxdur. Bu, İcra Hakimiyyətinin səlahiyyətindədir. Bu barədə mən Sumqayıt Şəhər İcra Hakimiyyətinə də ərizə ilə müraciət etmişəm. Amma orada mənə deyiblər ki, biz ərizə qəbul etmirik. Evimin şəkillərini çəkib sizə göndərirəm. Baxın və özünüz deyin - orada insan yaşaya bilərmi? Bina özü artıq tam yararsız vəziyyətdədir... ” Sonda Xatirə Axundovanın ölkə prezidentinə ünvanladığı xahişini şikayətçinin öz sözləri ilə təqdim edirik:

“Möhtərəm cənab Prezident!

Ümidim yalnız Sizədir! Xahiş edirəm ki, mənə köməklik göstərəsiniz! Artıq 50 yaşım var. Kimsəsizəm! Tənha qadınam. Sizə sığınaraq, Sizdən kömək istəyirəm. Xahiş edirəm ki, məni bu çirkabdan qurtarmaq üçün əlaqədar təşkilatlara göstəriş verəsiniz.
bizimdovr.az