BolgeXeber.Com » Ölkə » Neftçala təhsilində davamiyyət problemi

Neftçala təhsilində davamiyyət problemi

25-07-2015, 11:50
Oxunub: 3 869 Neftçala təhsilində davamiyyət problemiRTŞ-nin müdiri Əjdər Kərimov məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır

Redaksiyamıza daxil olan məlumatlarda Neftçala Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbənin müdiri Əjdər Kərimovunun öz işində yol verdiyi ciddi qanun pozuntularına dair açıqlamalar təqdim edilir. Məlumatlarda qeyd olunur ki, RTŞ müdirinin yarıtmaz fəaliyyəti ucbatından son bir ildə rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb. Müəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərslərə belə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Təbii ki, Əjdər Kərimov bütün bunlardan xəbərdardır. Lakin bu məsələlərdə onun da öz marağı olduğu üçün heç kimi cəzalandırmır. Elə müəllimlər də var ki, il boyu məktəbə ayaq basmırlar. Amma onların dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür. Bir çox mənbələr isə iddia edirlər ki, Əjdər Kərimov demək olar ki, məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır. Bəzi müəllimlər isə öz çörək pullarını qazanmaq üçün təhsildən kənar işlərlə məşğul olmaq məcburiyyətindədirlər. Rayondakı mənbələr israrla bildirirlər ki, RTŞ müdiri rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini təmin etmir. Aldığımız şikayət məktublarından birində isə iddia olunur ki, Əjdər Kərimov müəllimlərin may-iyun əmək haqqlarından 25-30 manat toplanmagına sərəncam verib. Həmçinin taarifləşmə cədvəllərində böyük maxinasiyalar aparan şöbə müdiri bu yolla da büdcədən ayrılan dövlət vəsaitlərini mənimsəyir. Bu kimi maxinasiyalarını daha rahat həyata keçirə bilmək üçün də RTŞ müdiri rayon məktəblərinə öz adamlarını direktor təyin edir. Öz növbələrində bu direktorlar da, rəhbərlik etdikləri təhsil müəssisələrində bir çox fəsadların yaşanmasına səbəb olurlar. Xatırlayırsınızsa, ötən saylarımızdan birində dərc etdiyimiz tənqidi materialda biz Neftçala şəhəri 1 saylı orta məktəbdə cərəyan edən neqativ hadisələr barədə açıqlamalar təqdim etmişdik. Materialda qeyd olunmuşdu ki, bu orta təhsil müəssisəsinə bu ilin fevral ayında direktor təyin edilmiş Ülviyyə Abdullayeva, hələ ki, vəzifədə təsdiq olunmasa da, artıq rəhbərlik etdiyi məktəbdə bir sıra qaydaları tətbiq edə bilmişdir. Ülviyyə xanımın tətbiq etdiyi qaydalar isə artıq bu təhsil müəssisəsində bir sıra qanunauzluqlara səbəb olmuş, nəticədə isə şagird və valideyn hüquqlarının mütəmadi olaraq kobud şəkildə pozulması halları məktəbin fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Eyni zamanda da aldığımız məlumatlarda Ülviyyə Abdullayevanın direktor təyin olunmasının bəzi təfərrüatlarına dair maraqlı açıqlamalar təqdim edilmişdi. Belə ki, iddiaya görə, bu təyinata qədər 1 saylı orta məktəbdə biologiya müəlliməsi işləmiş və indiyədək ümumiyyətlə heç bir rəhbər vəzifədə iş təcrübəsi olmayan Ülviyyə Abdullayevanın birdən-birə direktor təyin edilməsində Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovun və Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqovanın xüsusi xidmətləri olub. Həmçinin məlumatlarda xüsusi olaraq vurğulanır ki, Ülviyyə Abdullayeva direktor vəzifəsinə təyin olunmaq üçün bu iki şəxsə külli-miqdarda pul ödəyib. Təbii ki, təhsil şöbəsinin rəhbərliyi tərəfindən öz işinə belə münasibətin sərgilənməsi Neftçala rayonunun bütün təhsil sisteminə ciddi zərbələr vurur. Bu isə, razılaşaq ki, rayon ictimaiyyətinin narahatlığı üçün kifayət qədər ciddi əsasdır...bizimdovr.az

Materialda adı keçən bütün tərəflərin məsələyə münasibətini öyrənməyə hazırıq.