BolgeXeber.Com » Ölkə » “Arılar öz balını yeməsələr ölərlər...”

“Arılar öz balını yeməsələr ölərlər...”

4-08-2015, 09:28
Oxunub: 4 210 “Arılar öz balını yeməsələr ölərlər...”Arıçı Məmməd Məmmədov: “Balı 500 il saxlamaq mümkündür”

Bir çoxumuz əsl bal tapmaq üçün adətən rayonlara üz tuturuq. Maraqlıdır, bəs təmiz bal hansı bala deyilir? Həm bu suala cavab tapmaq, həm də ümumilikdə arıçıların fəaliyyəti, günümüzdə balı necə əldə etdiklərini öyrənmək üçün Şəki şəhərində ömrünün yarıdan çoxunu bu işə həsr edən arıçı Məmməd Məmmədovun evinə üz tutduq.

Arıçı Məmməd dayı arılarla xüsusi həssaslıqla rəftar edirdi. Bizimlə söhbətdə o, balın heç vaxt köhnəlmədiyini bildirdi. Hazırda əlində 1990-cı ilin balının olduğunu deyən arıçı düzgün hazırlanan balın 5 əsrə qədər qala biləcəyini dedi: “Balı 3 kiloluq balona yığırıq. Beləcə bal orada öz donuna girir. Əgər o donuna girməsə, qalınlayır və rəngi ağ olur. Həm də bal dona girməsə qıcqırar. Dona girmiş balın rəngi isə sarı olur və bu bal 5 əsrə qədər qala bilir. Hazırda məndə 25 ilin balı var. İstəyən olanda həmin balı isidib verirəm. Çox vaxt onu məndən dərman kimi alırlar”.

Arıçılıq sənətinin ona atasından miras qaldığını deyən M.Məmmədov işinə xüsusi sevgi ilə yanaşır: “Həmişə arzum olub ki, arı saxlayım. Mən də arıçılığa atam kimi iki qutu arı almaqla başlamışam. Mən arının qutusunu, çərçivələrini özüm düzəldirəm. Hazırda 30 yeşik arı saxlaya bilirəm. Əsasən bir yeşiyin ikinci və üçüncü korpusunun balı dadlı olur. Bir çərçivə 3 kilo 700 qrama yaxın bal verir. Amma elə yeşiklərim də var ki, ora yalnız iki və üçüncü mərtəbələrin balını götürürəm. Əgər arı bir çərçivəyə 2-3 dəfə toxum qoyarsa çərçivə qaralır. Mən balı çərçivədən süzəndən sonra qara olan tərəfi qalır və onu yeşiyə qoyanda arı özü onu yeyib qurudur. Qara çərçivənin balı yaxşı olmur. Arılar əsasən aprel ayından etibarən işə başlayırlar. Amma soyuqda işləmirlər.

Məsələn, mənim 30 yeşik arımdan yalnız 10 yeşiyi güclü bal verə bildi. Qutunu açıb görəndə ki, arılar şişib, deməli, ikinci çərçivəni qoymaq lazımdır. Əgər ikinci çərçivə qoyulmasa, sıxlıq yaranar və arılar veçə verər. Veçə də verəndə arı həyətdəki hansısa ağaca qonur və 3-4 saat yiyəsini gözləyir. Əgər yiyəsi 3-4 saata kimi gəlməsə, çıxıb meşəyə gedir. Arılar öz aralarında iş bölgüsü edirlər. Əsas başçı ana arı sayılır. O yeşikdən çölə çıxmır. Yalnızca 5 ildən bir mayalanmaya çıxır. İşçi arılar ana arının toxumu zəif tökdüyünü görəndə ona yemək gətirirlər. Ancaq buna baxmayaraq, ana arı yenə də zəif toxum tökməyə davam edirsə, işçi arılar onu öldürüb yeşikdən çölə atırlar və toxumdan yeni ana arı yaradırlar. İşçi arıların ömrü 40-45 gün, ana arının ömrü isə arı südü yediyinə görə 7-8 il olur. Payız arılarının ömrü isə 6-7 aydır. Əgər ana arı ölərsə, ailədə qanunsuzluq hökm sürər, arılar işləməyə getməz, yığdıqları balı yeyər və bir-biriləri arasında ölümcül müharibəyə başlayarlar. Ana arı ölərkən arılar 3 gün matəm edirlər. Onlar bal yığmağa getmir və bütün günü yuvada gəzişirlər. Arılar qışda öz balını yeyir. Arılar öz balını yeməsələr ölərlər”.“Arılar öz balını yeməsələr ölərlər...”

M.Məmmədovun sözlərinə görə, arı nə qədər çox olarsa məhsul da o qədər çox olur: “Məhsul az olanda erkək arılar qutudan çıxarılır. Məhsulun təbiətdən az gəldiyini görəndə ana arı işçi arılara erkəkləri öldürməyə göstəriş verir. Çünki onlar yalnızca yeyib istilik verirlər. Ancaq bal çox olanda onlara dəymirlər. Hər yeşiyin öz arısı var. Başqa yeşikdən bir arı digər yeşikdə yaxşı bal olduğunu görsə, öz yeşiyindəki arılarla gəlib ora hücum edir. Hansı güclü olsa, bütün balı aparıb gedir. Əgər hücum edilən yeşiyin arıları dalaşmayıb təslim olsa, onları öldürmürlər. Sadəcə olaraq, balı alıb gedirlər.

Arıların hər birinin öz iyi olur. Bu iy vasitəsilə onlar yeşiyə girənin özlərinin və ya yad arı olduğunu ayırd edə bilirlər. Şanın təmizliyi arıların və sürfələrin sağlamlığı baxımından çox əhəmiyyətlidir. Arılar şanda gərəksiz gördükləri hər şeyi çölə daşıyırlar, daşıya bilməyəcəkləri qədər böyük olan və şana çöldən girən böcəkləri də öldürərlər və propolis ilə örtərək bir cür mumiyalama əməliyyatı edərlər. Propolisin xüsusiyyəti içində bakteriyaların daxil olmasına imkan verməməsidir. Yəni mumiyalama işi üçün ideal maddədir. Arılar şanın girişində gözətçilik edərlər. Gözətçi olan arılar şan qapısında keşik tutaraq dəvətsiz qonaqların içəri girməsinin qarşısını alırlar”.

Məmməd dayı ilə arı qutularına yaxınlaşırıq. O bizi həm ana arı, həm də işçi arılarla tanış etdi. Ana arı digərlərinə nisbətən böyük idi. Arıçının dediyinə görə, bəzən elə vaxtlar olub ki, xüsusi geyimdə olmasına baxmayaq, onu 5-6 arı eyni vaxtda sancıb.musavat.com