BolgeXeber.Com » Ölkə » Turizm obyektlərinin qiymətləri ceyran belindədir

Turizm obyektlərinin qiymətləri ceyran belindədir

5-08-2015, 18:25
Oxunub: 3 261 Turizm obyektlərinin qiymətləri ceyran belindədirİstirahət məkanları hər kəs üçün əlçatan deyil

İstirahət etmək üçün Azərbaycan çox əlverişli ölkədir. Ona görə də nəinki öz həmvətənlərimiz, eləcə də xarici turistlər ölkəmizə heyrandırlar. Xüsusilə də bölgələrimizi bəyənənlər daha çoxdur. Lakin gözəl təbiətimizin olmasına baxmayaraq, vətəndaşlarımız bundan normal şəkildə yararlana bilmirlər. Çünki ölkəmizdəki istirahət məkanlarında qiymətlər çox bahadır. Qiymətlər sadə vətəndaşın orta aylıq gəlirlərinə adekvat deyil.

Qiymət tətbiq edərkən vətəndaşların durumunu nəzərə almırlar. Ona görə də az adam ölkəmizdə istirahət edə bilir. Hətta xarici ölkədə istirahət ölkəmizdəki istirahətdən ucuz başa gəlir. Bu səbəbdən də xaricə üz tutanların sayı həddindən artıq çoxdur. Hətta Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, Bakıda dünyada tanınmış brendlərin otelləri fəaliyyət göstərir. Bakıda olan otel şəbəkələri ən mötəbər şəbəkələrdir, onların öz qiymət siyasəti var, biz buna o qədər də qarışa bilmərik. Bəs beş ulduzu olmayan hotellərin qiyməti niyə bahadır?". Prezident bildirib ki, bölgələrdə, rayon yerlərində elə qiymət istəyirlər ki, insan ora getmək istəmir: " Buna bəlkə də sadə yanaşırlar ki, bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var. Amma hər kəs gedə bilmir. Azərbaycanda beş ulduzlu otellərin sayı kifayət qədər çoxdur, mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, prestijdir. Əgər dünyanın beşulduzlu aparıcı brendləri Bakıdadırlarsa, Bakı buna layiqdir. Onlar da layiqdirlər ki, Bakıdadırlar. Ancaq üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq! Azərbaycanda o qədər gözəl yerlər var ki, heç yerə istirahətə getmək də lazım deyil. Dağ, meşə, çaylar, göllər, dəniz, xizək kurortu, hər şey var". Ölkə başçısının bu çıxışından sonra hələ də istirahət zonalarında qiymətlər ceyran belindədir. O səbəbdən də yerlər turist qıtlığından əziyyət çəkir. Qiymətləri aşağı salmırlar ki, maddi imkanı aşağı olanlar isti havalarda istirahət edə bilsinlər. İstəsələr qiymətlərdə endirim edə bilərlər. Çünki göstərilən xidmət onların tətbiq etdiyi qiymətlərə tamamilə ziddir. Elə istirahət məkanları var ki, orada keyfiyyətli xidmətdən söz belə gedə bilməz. Müştərilərə qarşı o qədər də məsuliyyətli olmayan istirahət məkanı elə qiymətlər tətbiq edib ki, gəl görəsən. Vətəndaşlar bir dəfə həmin məkana üz tutandan sonra ikinci dəfə adını belə çəkmirlər. Nabranda "Atlant" istirahət məkanı, Lerikdə "Relax", Şəkidə "Narın Qala" istirahət mərkəzi, Qəbələdə "Qəbələ Xanlar", Qaxda "Eden Park" istirahət zonasında qiymətlər od tutub yanır. Nəzərə alsaq ki, yay mövsümündə turizm sektorunda xüsusi canlanma hiss olunur və insanlar istirahət etmək üçün müxtəlif turizm şirkətlərinə üz tuturlar, təbii ki, burada müştəri üçün qiymətlərin hansı civarda olması da əsas səbəblərdən sayılır. Hər bir müştəri çalışır ki, istirahət edərkən o qədər də böyük vəsait xərcləməsin, eyni zamanda yüksək servis xidməti nəzərə alınsın. Belə olan halda, təbii ki, müştərilər ucuz və keyfiyyətli xidmət təklif edən istirahət mərkəzlərinə üstünlük verirlər. Deməli, istirahət mərkəzlərində qiymətlərin təklifi də nəzərə alınmalıdır.

Turizm sektoru əsasən əcnəbi turistlərin gəlişi ilə inkişaf edir. Lakin qiymətlərin bahalığı xarici turistləri də ölkəmizdən uzaqlaşdırıb. Çünki təkcə vətəndaşlarımız deyil, eləcə də əcnəbilər də istirahət mərkəzlərinin xidmətlərindən istifadə edirlər. Ona görə də qiymətlər elə tənzimlənməlidir ki, istirahət məkanlarının xidmətindən hər kəs yararlana bilsin. Ekspertlər isə bildirirlər ki, ölkəmizdə turizm imkanları geniş olsa da, insanlar bundan geniş şəkildə istifadə edə bilmirlər. Başqa ölkə vətəndaşları, məsələn, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrlə müqayisədə Azərbaycan vətəndaşlarının turizmdən istifadə imkanları demək olar ki, yox səviyyəsindədir.



Ona görə də sahibkarlar qiymətləri elə tətbiq etsinlər ki, hər bir təbəqə üçün əlçatan olsun.

gundelik-baku.com