BolgeXeber.Com » Ölkə » Laçın xəstəxanasında dərman fırıldağı - İttiham

Laçın xəstəxanasında dərman fırıldağı - İttiham

12-08-2015, 10:59
Oxunub: 3 580 Laçın xəstəxanasında dərman fırıldağı - İttihamŞikayətçilər bildirirlər ki, bu şöbə hazırda sakinlər arasında daha çox “abort evi” adı altında tanınır


Etiraf olunmalıdır ki, bu gün Azərbaycan dövləti müvəqqəti işğal altında olan rayonlarımızın təhsil, səhiyyə və digər bu kimi strateji əhəmiyyət kəsb edən sahələrini prioritet sahələr kimi hər zaman xüsusi diqqət mərkəzində saxlayır. O cümələdən, məhz bu rayonlardan məcburi köçkün olmuş vətəndaşlarımızın məskunlaşdıqları ərazilərdə səhiyyə sahəsinin inkişaf etdirilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin daim yüksəldilməsi məqsədilə mütəmadi olaraq ciddi tədbirlər həyata keçirilir, kifayət qədər böyük məbləğlərdə dövlət vəsaiti ayrılır. Bununla belə, bu da bir həqiqətdir ki, hazırda həmin rayonların məhz təhsil və səhiyyə sahələrinə rəhbərlik edən bəzi korrupsioner məmurlar dövlətin bu qayğısından və onlara verilmiş səlahiyyətlərdən sui-istifadə edərək, əllərində olan resurs və imkanlardan daha çox öz şəxsi mənfəətləri naminə yararlanmağa üstünlük verirlər. Həmçinin redaksiyamıza daxil olan məlumatlarda Laçın Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində müşahidə olunan çoxsaylı neqativ hallardan bəhs olunur. Artıq qeyd olunduğu kimi, hazırda Laçın Rayon Mərkəzi Xəstəxanası müvəqqəti olaraq Ağcabədi rayon Taxtakörpü qəsəbəsində yerləşir. RMX-nın tabeliyində isə, 18 xəstəxana, 19 ambulator poliklinika, 83 feldşer məntəqəsi və 1 təcili tibb yardım məntəqəsi fəaliyyət göstərir. Təqdim olunan açıqlamalarda sakinlər bu gün rayon səhiyyəsinin olduqca bərbad duruma gəldiyini və bu vəziyyətin yaranmasına görə birbaşa xəstəxamanın baş həkimi Rauf İsfəndiyarovun məsuliyyət daşımalı olduğunu iddia edirlər. İlk növbədə, vətəndaşların xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında yol verilən maxinasiyaların olduğu göstərilir. Bu xüsusda mənbələr bildirirlər ki, dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Bəzi hallarda isə bu maxinasiyalar üçün kənd xəstəxanaları daha əlverişli olur. Buna görə də bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılarsa, bəzi kənd xəstəxana və tibb məntəqələrində dərmanlardan əldə olunan qazancın mərkəzi xəstəxanadan daha çox olduğu məlum olar. Halbuki, onların demək olar heç birində xəstələr yatmır. Məlumatlarda qeyd olunur ki, Laçın Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Daha sonra məlumatlarda Laçın RMX-nın doğum şöbəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Şikayətçilər bildirirlər ki, bu şöbə hazırda sakinlər arasında daha çox “abort evi” adı altında tanınır. İddia olunur ki, burada qeyri-qanuni abort əməliyyatlarından külli-miqdarda pullar əldə olunur. Bununla belə təbii doğuş da şöbədə təxminən 400-500 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. Şöbə müdiri isə deyir ki, yığdığı pulların bir hissəsini RMX-nın baş həkimi Rauf İsfəndiyarova çatır. Daha sonra açıqlamalarda Laçın səhiyyəsinə ayrılan dövlət vəsaitlərinin də RMX rəhbərliyi tərəfindən mənmsənildiyi bildirilir. Yayılan məlumata görə, Rayon Mərkəzi Xəstəxanasına təkcə ötən ildə satınalmalarla bağlı 120 min manat və rayonun daxili büdcəsindən isə 250 min manata yaxın vəsait ayrılıb. Ayrılan vəsaitlər isə adı olub özü olmayan tibb məntəqələrinin cari təmiri adı altında silinərək mənimsənilib. Həmçinin aldığımız məktublarda vətəndaşlar Səhiyyə Nazirliyi tərəfindən bütün bu qanunsuzluqlara son qoyulması istiqamətində təcili tədbirlərin görülməsini xahiş edirlər.