BolgeXeber.Com » Ölkə » Hövsandan şikayət var...

Hövsandan şikayət var...

13-08-2015, 10:24
Oxunub: 3 146 Hövsandan şikayət var...Əhali bahalıqdan, piyada keçidinin olmamasından, məmur özbaşınalığından gileylənir

Hövsan qəsəbə sakini Namaz Məmmədzadə redaksiyamıza müraciət edərək qəsəbədəki özbaşınalıq və bahalıqdan şikayət edib. Şikayətçi qəsəbənin sanki aidiyyəti qurumlar tərəfindən unudulduğunu bildirir: “Hövsan qəsəbəsində hər şey bahadır. Burada əti başqa yerlərə nisbətən 50 qəpik, 1 manat baha satırlar. Meyvə və tərəvəzlərin də qiyməti xeyli bahadır. Qəsəbə sakinləri bazarlıq üçün hər dəqiqə şəhərin mərkəzinə gələ bilmədikləri üçün məcbur olub bu işbazların baha qiymətə satdıqlarını alır”.

Qəsəbə sakini yazır ki, Elman Qasımov küçəsi, 15 nömrəli evlərin arxasında, Hövsan Olimpiya İdman Kompleksinin yanında bir neçə dəfə ağır yol-nəqliyyat hadisəsi baş verib: “Həmin hadisə nəticəsində bir neçə nəfər dünyasını dəyişib. Buna baxmayaraq yenə də bura piyada keçidi qoymurlar. Qəsəbədə Heydər Əliyevin heykəli ilə üzbəüz yerləşən dayanacağın şüşələrini bir ildən çoxdur ki, külək qırıb, hələ də təmir edilməyib. Hövsan qəsəbəsindən beton yola qədər olan təxminən on beş kilometrlik məsafədə bir dənə də olsun işıq yoxdur. Bu yolda gecələr tez-tez ağır yol-nəqliyyat hadisələri baş verir. Qəsəbəyə cəmi dörd avtobus marşrutu işləyir. 103 nömrəli marşrutun sürücüləri günortadan sonra sərnişinləri 1 saatdan artıq gözlədirlər. Avropa Oyunlarına qədər 175 saylı marşrut ”28 may"a qədər işləyirdi. Oyunlar zamanı son dayanacağı Xətai metrosuna dəyişdilər. Oyunlardan iki ay keçməsinə baxmayaraq marşrutu əvvəlki xəttinə qaytarmaq istəmirlər".

Şikayətçi aidiyyəti qurumlardan qəsəbənin problemlərinin həll edilməsini xahiş edir.musavat.com