BolgeXeber.Com » Ölkə » Zığ sakinlərinə “ölüm kağızı”na qol çəkdirirlər

Zığ sakinlərinə “ölüm kağızı”na qol çəkdirirlər

13-08-2015, 10:52
Oxunub: 4 392 Zığ sakinlərinə “ölüm kağızı”na qol çəkdirirlərAvqustun 12-də bir qrup Zığ sakini etiraz aksiyası keçirdi

Onlar sürüşmə zonasındakı evlərinin taleyi ilə bağlı aidiyyatı qurumlardan açıqlama tələb ediblər.

Aksiya iştirakçıları hadisə yerində olan musavat.com-un müxbirinə bildirdilər ki, sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən 55 evin sakinlərinə köçürülmələri ilə bağlı xəbərdarlıq edilib. Sakinlərə kirayə evlər təklif olunsa da, neçə ay həmin evlərdə qalacaqları deyilmir. Çıxarıldıqları evə görə isə heç bir kompensasiya ödənilməyəcək.

Dəqiq məlumat əldə edə bilməyən Zığ qəsəbəsinin sakinləri Prezident Administrasiyasına yollanıblar. Administrasiyadan isə bildiriblər ki, onları baş nazirin müavini Abid Şərifov qəbul edəcək. Lakin narazı sakinlər Abid Şərifov tərəfindən qəbul edilməyib.

Sakinlərin yaşadığı evlərin qazı, işığı kəsilir...

Bir neçə gündür ki, qəzalı evlərin qaz və işıq sayğacları sökülür. Sakinlər evdə yaşadıqlarını əsas gətirərək buna etiraz edirlər. Lakin sakinlərin etirazına məhəl qoyulmur.

Ərazidəki evlərin vəziyyəti elədir ki, baş verə biləcək kiçik bir sürüşmə onlarla insanın həyatını təhlükə altına ata bilər. Yamaclarda yerləşən evlərin əksəriyyəti çatdır. Sürüşmələr bir neçə evi isə tamamilə uçurdub. Artıq 8 ilə yaındır ki, sürüşmə zonasında yaşayış var.

Aidiyyatı qurumlar sakinlərin köçürülməsi prosesini həyata keçirməyib. İndi yaranan vəziyyət onu göstərir ki, 100-dən çox evin sakini ölümün gələcəyini istənilən an gözləyir.

Qəsəbə sakini Afaq Bayramova müsavat.com-a açıqlamasında bildirdi ki, yaşadıqları ərazi 10 ilə yaxındır ki, sürüşmə zonasıdır: “Yaşadığımız yer sürüşmə zonasıdır. 5 ildən çoxdur ki, Nazirlər Kabinetinə gedib-gəlirik. Evlərimiz çatdır. Müraciətlərimiz əsasında 120 ev siyahıya alındı. Bu evlərdən 52-si tamamailə qəzalı vəziyyətdədir. 15 evin sakinini kirayəyə köçürdülər. 1 ay ərzində kompensasiya veriləcəyi deyildi. Lakin sonradan onlara dedilər ki, kompensasiya verilməyəcək. Kirayə pulunu isə öz ciblərindən ödədiklərini dedilər. Səsimizi Nazirlər Kabineti eşitsin. Körpə uşaqlarla bu vəziyyətdə qalmışıq. Bura yamacdır. Bütün evlər təhlükəlidir”.

Torpağı bələdiyyədən aldıqlarını deyən A.Bayramova 6 ilə yaxındır ki, burada yaşadıqlarını bildirdi. Qəsəbə sakini torpağı alarkən buranın sürüşmə zonası olması haqda heç bir xəbərdarlıq almadıqlarını dedi.

“Abid Şərifovun üzünü görməmişik ki, görək nə rəngdədir?”

Digər qəsəbə sakini Əlcan Abbasovun şikayəti isə başqadır. Ə.Abbasovun evi qəzalı vəziyyətdə olsa da siyahıya alınmayıb. Maraqlısı isə odur ki, onun evinin hər tərəfində olan evlər siyahıya çoxdan alınıb: “Evimin ətrafında olan qonşularım qeydə alınıb. Necə olur ki, mənim ətrafımda olan evlər qəzalı olur, amma mənim evim yox? Məqsəd nədir? Niyə qeydə alınmır, bilmirik”.

Qəsəbə sakini Məşuqə Mövlanova necə deyərlər öz ölümünə qol çəkən sakinlərdəndir. Yəni, M.Mövlanova İcra Hakimiyyətinin ona təqdim etdiyi sənədə qol çəkib və razılıq verib ki, ev uçarsa, məsuliyyəti özü daşıyacaq: “4 il əvvəl də gəldilər ki, evdən çıxın. Amma kompensasiya təklif etmədilər. Elə dedilər ki, evdən çıxın, qəzalıdır. Biz də yaşayacaq yerimiz olmadığı üçün çıxmadıq. Bizdən özləri gətirdikləri sənədə qol çəkməyimizi istədilər. Həmin sənədə qol çəkdik ki, biz özümüz könüllü olaraq, bu evdə yaşayacağıq. Evimizin sənədi yoxdur, torpağın şəhadətnaməsi var. Mən o sənədə qol çəkdiyim üçün indi mənim evimi qəzalı evlərin siyahısına salmayıblar. Evimizin aşağısı dəfələrlə sürüşüb. İki beton divar tikdirmişik ki, sürüşmənin qarşısını alaq. Evlərin qazını, işığını kəsirlər, amma demirlər ki, nə vaxt çıxacaqsınız. Mətbuata danışan sakini elə bil qara siyahıya salırlar”.

Salatın İbrahimova da narazı sakinlərdən biridir. O, dəfələrlə Prezident Administrasiyasına, Nazirlər Kabinetinə şikayətə getdiklərini deyir. Lakin onların şikayətlərinin bir faydası olmayıb: “Bu qəsəbədə olan yüzlərlə ev qəzalı vəziyyətdədir. Bu gün də Prezident Administrasiyasına getmişdik. Dedilər ki, Abid Şərifov sizi qəbul etdəcək. Amma görüşə bilmədik. 5 ildir ki, gedib-gəlirik. Abid Şərifovun üzünü görməmişik ki, görək nə rəngdədir? Bizi qəbul eləmir. Biz niyə Azərbaycan vətəndaşı deyilik? 8 ildir ki, bu vəziyyətdəyik. Qanunsuz ev tikməməişik. Bələdiyyə, polis, İcra Hakimiyyəti - hamısı pul alıb.

Hacıbala Abutalıbov Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olanda bu torpaqları alımışıq. Torpaqları bizə Hacbıala Abutalıbov satıb. Bəs indi hanı? Cənab prezident dedi ki, evlər sənədləşdiriləcək. Amma bircə dəfə də olsun, gəlib maraqlanan olmadı”.

Vətəndaşlara “ölüm kağızı”na qol çəkdirirlər...

Qəzalı evlərin sakinləri ilə söhbər edərkən əraziyə gələn İcra Hakimiyyətinin nümayəndəsinin də fikirlərini öyrənə bildik. Suraxanı Rayon İcra Hakimiyyətinin Soaial-iqtiasdi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçiçisi Xanoğlan Allahverdiyev qəzalı evlərin sakinlərinə bir neçə il əvvəl də xəbərdarlıq edildiyini dedi.

Ərazinin sürüşmə zonası olduğunu deyən X.Allahverdiyev qeyd etdi ki, vətəndaşların şikayəti əsasında Fövqəladə Hallar Nazirliyi və müvafiq qurumlar qəsəbədə 120 evə baxış keçirib və siyahı hazırlanıb: “Bu evlərdən 52-sinin qəzalı vəziyyətdə olması müəyyənləşdirilib və Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyinə tapşırıq verib ki, bu evlərin sakinləri köçürülsün. Qalan evlərin sakinlərinin təhlükəsizliyinin təmin edilməsi isə Suraxanı Rayon İcra Hakimiyyətinə tapşırılıb. Rayon İcra Hakimiyyəti də vətəndaşlara bildiriş verir ki, burada yaşamaq olmaz. Bu sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçündür. 52 evin sakinin kirayədə yerləşdirilməsi üçün vəsait ayrılıb”.

İcra Hakimiyyətinin nümayəndəsi bildirdi ki, sakinlərin kirayələrdə nə qədər qalması Nazirlər Kabinetinin verəcəyi qərardan asılı olacaq: “Bu, rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyil. Hazırda məsələnin həlli Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyindən asıldır. Biz sadəcə sakinlərə xəbərdarlıq edirik ki, “burada yaşamaq olmaz”. Əgər bir hadisə baş verərsə, İcra Hakimiyyəti məsuliyyət daşıyacaq. Vətəndaş isə yaşayacağını deyir. Belə olan halda vətəndaş sənədə qol çəkir və notarius da təsdiq edir ki, o öz təhlükəsizliyinə özü cavabdehdir”.

Maraqlıdır ki, İcra Hakimiyyəti sakinlərin evdə yaşamaq istəmələri ilə bağlı notariusdan təsdiq edilmiş razılıq alsa da, onların qaz və işğını kəsir. Bunu Xanoğlan Allahverdiyev də təsdiq etdi.

İcra Hakimiyyətinin nümayəndəsi siyahıya alınan 120 evin əksəriyyətinin sənədsiz olduğunu dedi.

Belə olan halda vətəndaşların sənədsiz torpaqlarda və sürüşmə zonasında ev tikməsi ağlagələn ilk sualdır. X.Allahverdiyev ərazinin nə zamandan sürüşmə zonası olmasını öyrənmək üçün bizə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməyi məsləhət gördü. İcra nümayəndəsi əminliklə qeyd etdi ki, 2010-cu ildən bugünədək ərazidə heç bir tikinti işi aparılmayıb.

Lakin sakinlər bildirdilər ki, ərazidə tikinti işləri gedir. Yeni tikilər də bunu sübut edir.

Faciənin qarşısını almaq olar...

Qeyd edək ki, Zığ qəsəbəsində baş verən sürüşmə nəticəsində 500-dək ev zərər çəkib. Qəzalı vəziyyətdə olan 10 ev köçürülüb. İndi isə 52 ailə köçürülür.

Bir müddət əvvəl də Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmənin aktivləşdiyini açıqlamışdı.

Əgər qeyd edilən ərazi yaşayış üçün təhlükəlidirsə, müvafiq qurumlar niyə buna göz yumur? Ən azı 5 ildən çoxdur ki, Nazirlər Kabinetinə müraciət edən sakinlər kömək gözləyirlər. Lakin onlara konkret olaraq, heç bir köməklik göstərilmir.

Ümid edək ki, bu gözlə görünən faciənin qarşısı zamanında alınacaq. Xatırladaq ki, bir neçə ay əvvəl Bakıda dəhşətli faciə baş vermişdi. Bakı sakinlərinin çoxsaylı şikayətlərinə, müxtəlif mətbuat orqanlarında yayımlanan xəbərlərə baxmayaraq təhlükə mənbəyi olan penaplastlar binalardan sökülmədi. Penaplastın real təhlükə mənbəyi olduğu açıq-aydın görünürdü. Ancaq müvafiq qurumlar vaxtında tədbir görmədilər.

Xətai rayonu ərazisində 9 mərtəbəli binada baş verən birinci yanğın təhlükənin artıq yaxınlaşdığını göstərirdi. İkinci yanğın hadisəsi isə faciə ilə nəticələndi.

Mayın 19-da Binəqədi rayonunun Azadlıq prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər öldü, 50-dən çox insan xəsarət aldı və ya zəhərləndi.

Bu hadisələri ona görə xatırlatdıq ki, baş verə biləcək faciənin qarşısını əvvəlcədən almağın mümkün olduğuna diqqət çəkək.
Bolgexeber.com