BolgeXeber.Com » Ölkə » Standartlara cavab verməyən sallaqxanalar

Standartlara cavab verməyən sallaqxanalar

14-08-2015, 14:36
Oxunub: 3 306 Standartlara cavab verməyən sallaqxanalarDövlət Baytarlıq Xidməti bu sahəyə istənilən səviyyədə nəzarət edə bilmir

Bu gün paytaxtın hər addımlığında qanunsuz sallaqxanalara rast gəlmək mümkündür. Təəssüf ki, bu ət kəsimi yerlərində nöqsanlara yol verirlər. Ət kəsimi yerlərində antisanitariya hökm sürür. Namünasib yerlərdə yerləşən sallaqxanalarda kəsilən heyvanın qanı küçənin ortasına qədər axır. Bu da ətrafda iyrənc mənzərə yaradır. Xüsusilə də yay ayı olduğu üçün sallaqxanaların yanından keçmək mümkün deyil. Belə ki, kəsilmiş heyvan ətinin üzərinə milçəklər daraşır.

Bundan başqa üfunətli iy ətrafı bürüyür. Xüsusilə də sallaqxanalar yol qırağında yerləşdiyindən həmin ətin üzərinə küçənin toz-torpağı hoparaq, antisanitar bir vəziyyət yaradır. Təəssüf ki, bu cür sallaqxanalarda antisanitariyanın qarşısını almaq üçün heç bir tədbir görülmür. İstehlakçılar hesab edirlər ki, gözləri önündə kəsilən əti almaq daha yaxşıdır, nəinki bazar və dükanlarda satılan əti almaq. Çünki insanların əksəriyyəti bazar və dükanlarda satılan ətin üzərinə vurulan möhürlərə inanmırlar. İnsanların baytarlıq orqanlarına inamı azdır. İstehlakçı səhər tezdən bazarlara getsə görəcək ki, çox sayda cəmdəyin üzərinə baytarlıq möhürü vurulub. Guya baytarlar səhərə qədər yatmayıb ekspertiza aparıb. Ekspertlər bildirirlər ki, heyvanlar kəsilməmişdən öncə temperaturu ölçülməli və sonra kəsilməlidir. Sonra isə onun ciyərindən, qanından analizlər götürülməli, ekpertiza aparılmalı və bu heyvanın satışa yararlılığı müəyyən edilməlidir. Bu proses vaxt apardığından səhər tezdən ətin üzərinə vurulan möhürlər insanlarda şübhə yaradır. Hətta mütəxəssislər bildirirlər ki, yalançı möhürü elə qəssabın özü də vurur. Ona görə də bazardan, dükandan üz döndərib gedib, canlı heyvanı kəsən yerdən ət alırlar. Elə buna görə də ölkə sallaqxanaya çevrilib. Nə qədər ki, istehlakçıların baytarlıq orqanlarına inamı bərpa olunmayacaq, bunun qarşısını almaq mümkün deyil. Sözsüz ki, bütün bunlar Dövlət Baytarlıq Xidmətinin günahı ucbatından baş verir. Təəssüf ki, müvafiq qurumlar ətlərin ekspertizasını aparmır. Bizə verilən məlumata görə, hətta bazarlarda olan laboratoriyaların heç biri qanuni şəkildə fəaliyyət göstərmir. Heyvan kəsiminə, sallaqxanalara ciddi nəzarət olunmalıdır. Xüsusi ayrılmış yerlərdən kənar heyvanların kəsilməsinə yol verilməməli, baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməlidir. Ekpertiza müayinələri daha mükəmməl aparılmalı, insanlar sağlam və keyfiyyətli ət məhsullarıyla təmin olunmalıdır. Təəssüf ki, insanlar sallaqxanalara daha çox etibar edirlər. Lakin sallaqxanalara da çox etibar etmək olmaz. Çünki heç bir yoxlanışdan keçməyən heyvanın əti satılır. Ola bilər ki, qəssab xəstə heyvan kəsib satır. Çox zaman görürük ki, müxtəlif sallaqxanalarda müxtəlif qiymətə ət satılır. Biri ətin kilosunu 5 manat 50 qəpiyə, biri 6 manata, digəri isə 7 manat 50 qəpiyə satır. Bu zaman sual yaranır. Görəsən qiymət fərqliliyi nədən irəli gəlir? Bu adamda ətin keyfiyyətiylə bağlı şübhə yaradır.

Ümumiyyətlə, bu sahəyə dövlətin diqqət və qayğı göstərməsinə baxmayaraq, çatışmazlıqlar günü -gündən artır. Təəssüf ki, bunun fəsadlarını görürük. Günü-gündən artan xəstəliklər bunu deməyə əsas verir. Demək olar ki, dövlət büdcəsindən bu sahəyə kifayət qədər vəsait ayrılır. Lakin ayrılan vəsaitin hansı istiqamətlərə xərcləndiyi isə sual altındadır. Təəssüf ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Siyalə Rüstəmova işinə qarşı laqeyd münasibət sərgiləyir. Dəfələrlə bu şəxsin fəaliyyətindəki nöqsanlar barədə ətraflı məlumatlar versək də, heç bir nəticəsi olmur. Aidiyyəti qurumlar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin fəaliyyətini araşdırmır. Ona görə də Siyalə Rüstəmova qanunsuz əməllərindən geri qalmır. Üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmir. Bir sıra özbaşınalıqlara yol verir. Sözügedən qurumun fəaliyyətindəki nöqsanlar vətəndaşlara ziyan vurur. Dünya praktikasına nəzər saldıqda isə görə bilərik ki, dünyada ət və ət məhsullarının satışı açıq havada insanların, xüsusilə də uşaqların gözü önündə deyil, xüsusi yerlərdə həyata keçirilir. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin sallaqxanalara nəzarəti həyata keçirməli olduğu halda, bunu görmürük. Görəsən, xidmət rəisi Siyalə Rüstəmova hara baxır?gundelik-baku
Məsələ ilə bağlı qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.