BolgeXeber.Com » Ölkə » Bulvarda açıq talançılıq və özbaşınalıq - Rəhbərliyə şikayət

Bulvarda açıq talançılıq və özbaşınalıq - Rəhbərliyə şikayət

15-08-2015, 13:39
Oxunub: 4 791 Bulvarda açıq talançılıq və özbaşınalıq - Rəhbərliyə şikayət"Yox, bax bu masada oturmaq istəyirik” dedikdə ofisiant bildirdi ki, "bura çay dəstgah şəklində verilir və qiyməti 18 manatdı”Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi Əfqan Şahmarova ünvanlanmış maraqlı müraciət daxil olub.

Bolgexeber.com mia.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

"14 avqust 2015-ci il tarixində övladımın ad günü olduğundan ailəmlə birgə bulvarda gəzintiyə çıxmışdıq. 2-3 saatlıq gəzintidən sonra 3 yaşlı övladım çay içmək istədi. Bu səbəbdən (saatdan "Kukla teatrı” tərəfə 1-ci kafe) bir kafedə dayanıb çay içmək istədik. Elə təzəcə oturmuşduq ki, ofisiant yaxınlaşdı. Sifarişimizi verdik, ofisiant isə "xahiş edirəm, durub o biri sıradakı masalarda əyləşəsiniz” dedi. Səbəbini soruşduqda isə "bu sırada çay 18 manatdı, çay və mürəbbə, həmçinin şokolad və ləbləbi ilə birgə veririk” dedi. Elə həmin an ailəmi masadan qaldırıb həmin kafeni tərk etdik. 300-400 metr aralanmışdıq ki, "Kukla Teatrı”nın yanındakı daha bir kafedə oturmaq istədik (Bu kafe vaxtilə Siyavuşun çayxanası adı ilə məhşur idi). Oturmazdan öncə ofisiantı çağırdım, "biz burda əyləşəcəyik, bizə mürəbbə ilə çay verə bilərsiniz” – deyə soruşdum. Ofisiant əli ilə digər tərəfdəki masaları göstərib "keçib o biri masalarda əyləşsəniz, verərik” dedi. Mən isə "Yox, bax bu masada oturmaq istəyirik” dedikdə ofisiant bildirdi ki, "bura çay dəstgah şəklində verilir və qiyməti 18 manatdı”. İki dəfə rəhbərliyi çağır desəm də, ofisiant bundan boyun qaçırdı. Əlqərəz, həmin kafeni də kor-peşman tərk etdik.

Cənab Əfqan Şahmarov!

Nəyə görə ailəmlə əyləşmək istədiyim masaya ucuz qiymətə çay verilmir? Bu qiymətləri kim nizamlayır? 18 manatlıq çay dəstgahının maya dəyərinin 4-5 manatdan artıq olmadığının fərqindəsinizmi? Bu isə rəhbəri olduğunuz idarənin ərazisində, sizlərə tabe olan iaşə xidmətlərinin vətəndaşları açıq şəkildə talaması deməkdir. Nəyə görə bir ailə başçısı kimi övladımın yanında təhqir olunmalıyam? Nəyə görə həmin kafedən evə qədər övladımın dəfələrlə "ay ata, biz niyə orda çay içmədik?” sualı verməlidir? İndi mən ona necə başa salım ki, çay içmək istədiyimiz yerdə millət talançıları, cəlladlar oturub? Niyələr çoxalır cənab Şahmarov!

Cənab Şahmarov! İndi isə xahiş edirəm ki, sizə ünvanladığım suallara cavab verin.

Yəqin qəşəng bilirsiniz ki, Azərbaycan Prezidenti, cənab İlham Əliyev xalqının yanındadır, hər bir vətəndaşının problemini öz problemi bilir. Ona görə də sizin idarənin ərazisində baş verən bu özbaşınalıq haqqında cənab Prezidentimə də məlumat verməyi özümə şərəf borcu bilirəm.

Dərin hörmət və ehtiramla Emin Hafiz oğlu Tarverdiyev".