BolgeXeber.Com » Ölkə » "Nənəmin təndiri"ndə antisanitariya hökm sürür - ŞİKAYƏT VAR

"Nənəmin təndiri"ndə antisanitariya hökm sürür - ŞİKAYƏT VAR

12-09-2015, 10:33
Oxunub: 6 603 "Nənəmin təndiri"ndə antisanitariya hökm sürür - ŞİKAYƏT VARİşçilər müxtəlif ev geyimlərində olmaqla üst paltarlarının kifayət qədər çirkli olmaları ilə diqqəti çəkirlər

Redaksiyamıza yeni daxil olmuş məlumatda, şəhərimizdə fəaliyyət göstərən və “Nənəmin təndiri” adı ilə tanınan təndirxanalar şəbəkəsinin fəaliyyətinə dair istehlakçl narazılıqları öz əksini tapıb. Qeyd edək ki, bu şəbəkənin sahibi əslən Şəmkir rayonundan olan Etibar adlı iş adamıdır. Şəbəkəyə daxil olan təndirxanalar hazırda paytaxtın müxtəlif ərazilərində, o cümlədən metronun “28 May”, “Memar Əcəmi”, “Elmlər Akademiyası” stansiyalarının yaxınlığında, Nərimanov rayonunda Ağa Neymətulla və Nazim Hacıyev küçələrinin kəsişməsində, yenə də Nərimanov rayonunda Ağa Neymətulla və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində fəaliyyət göstərirlər. Bu obyektlər öz müştərilərinə təndirdə bişən çörək, balıq ləvəngisi, toyuq ləvəngisi və digər çeşidli məhsullar təklif edirlər. Aldığımız məlumatda isə, “Nənəmin təndiri”ndə bişən bir çox təamların keyfiyyətsiz olduğu, istehsal prosesində tələb olunan sanitar-gigiyenik tələblərə əməl olunmadığı bildirilir. Əslində son vaxtlar Bakıda milli mətbəximizin qədim ənənələrinə istinad edən bir çox müəssisələrin açılması olduqca sevindirici haldır. Təbii ki, çörək bişirmə ənənələrindən danışarkən, ilk növbədə təndir yada düşür. Bu da məlumdur ki, təndir təkcə çörəyin bişirilməsi üçün nəzərdə tutulmamışdır. Xüsusən Azərbaycanın cənub bölgələrində milli mətbəximizə aid olan bir çox gözəl təamlar məhz təndirdə bişirilir. Əlbəttə ki, həm bu təamların, həm də ətirli təndir çörəyinin şəhər əhalisinə təqdim olunması təqdirəlayiq haldır. Amma bu şərtlə ki, emal və istehsal proseslərində, xammalın seçilməsində və bütün digər məqamlarda da tələb olunan normativlərə tam riayət edilsin. Bu tələblərə isə təəssüflər olsun ki, heç də həmişə əməl olunmur. Bu xüsusda məlumatı təqdim edən mənbə bildirir ki, “Nənəmin təndiri” şəbəkəsinə aid olan təndirxanaların işində bir çox nöqsanlar aşkar müşahidə olunur. İlk növbədə diqqəti çəkən cəhət burada işləyən personalın xarici görkəmlərinin heç də gigiyenik tələblərə uyğun olmamasıdır. Belə ki, qida sektorunda işləmələrinə baxmayaraq qadın işçilərin başları örtüksüzdür. Həmçinin işçilər müxtəlif ev geyimlərində olmaqla üst paltarlarının kifayət qədər çirkli olmaları ilə diqqəti çəkirlər. Bir qədər də diqqətlə baxdıqda isə nisbətən yaşlı xanım işçilərin əlcəksiz əllərində tutulmamış dırnaqlar nəzərə çarpır. Bu isə məlum olduğu kimi müxtəlif infeksiya daşıyıcıları üçün ən əlverişli şərait deməkdir. Müəssisənin fəaliyyəti ilə bağlı daha bir xoşagəlməz məqam da müştərilərə satılan məhsullarla bərabər kassa çeklərinin təqdim olunmamasıdır. Bu vəziyyətin isə iki fəsadı vardır. Birincisi kassa çeklərinin təqdim olunmaması müəssisə rəhbərlərinin vergi ödəmələrindən yayınma hallarına yol verdiklərinə dəlalət edir. Digər tərəfdən isə istehlakçı “Nənəmin təndiri”ndən çıxan hər hansı keyfiyyətsiz məhsulu müəssisəyə qaytarmaq fikrinə düşərsə, bu zaman onun əlində kassa çekinin olmaması müəssisə rəhbərliyinə həmin məhsulu danmaq üçün gözəl imkan yaradır.Yay aylarının kəskin istilərinə baxmayaraq “Nənəmin təndiri”ndən çıxan balıq ləvəngisi istehlakçılara təqdim olunan əsas təamlardan biri olaraq qalır. Bununla belə müəssisəyə gətirilən balıqların mənşəyi, saxlanma və nəql edilmə şəraiti, keyfiyyət sertifikatının mövcudluğu barədə heç bir məlumat təqdim edilmir. Həmçinin balıqların nə zaman tutulmaları və hansı şəraitdə ilkin emal olunmaları da müəyyən şübhələr doğurur. Xüsusilə yağda bişirilən un məmulatlarının hazırlanması zamanı yağların iki-üç gün ərzində təkrar istifadəsi də insan sağlamlığı üçün təhlükəli bir haldır...

Qarşı tərəfin də məsələyə münasibətini öyrənə bilərik.