BolgeXeber.Com » Ölkə » İcra başçısının qardaşından müdhiş özbaşınalıq - ŞİKAYƏT

İcra başçısının qardaşından müdhiş özbaşınalıq - ŞİKAYƏT

16-09-2015, 11:24
Oxunub: 824 İcra başçısının qardaşından müdhiş özbaşınalıq - ŞİKAYƏTCəbrayılın icra başçısının qardaşı müvafiq sənədlərə əhəmiyyət vermədən vətəndaşın konstitusion hüquqlarını pozur

Bolgexeber.com gundelik-baku.com-a istinadən xəbər verir ki,İcra başçısı Mahmud Quliyev və onun ətrafında olan bəzi şəxslər yol verdikləri neqativ hallarla adıçəkilən rayonun sakinlərinə əlavə problemlər yaradır, məcburi köçkünləri ciddi sıxıntılarla üz-üzə qoyurlar.
Bu və digər önəmli məqamlarla bağlı əldə etdiyimiz informasiyalarda deyilir ki, Mahmud Quliyev rəhbərlik etdiyi rayonun camaatının sosial qayğılarını həll etmək, cəbrayıllılara daha yaxşı şərait yaratmaq əvəzinə vaxtının böyük hissəsini tamam başqa məsələlərə sərf edir.
Belə ki, Bakı şəhəri, Hüseyn Cavid prospekti, ev 80, mənzil 27-də yaşayan Füzuli rayonundan olan məcburi köçkün Rasim Rəhim oğlu Aslanov müraciət edərək başına gələn olaydan, daha doğrusu Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyevin qardaşının onun başına açdığı hadisədən danışıb.
2014-cü ilin aprel ayının 1-də Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı ilə Abşeron rayonu, Novxanı kəndində bağ sahələri deyilən ərazidə 0,10 hektar (10 sot) torpaq sahəsini sənədləşdirdiyini bildirən Rasim Aslanovun sözlərinə görə, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısının qardaşı Hümbət Quliyev onun konstitusion hüquqlarını kobud surətdə pozub:
"Qeyd etdiyim ərazidəki 10 sot torpaq sahəsi mənim şəxsi mülkiyyətimdədir və əlimdə bunu sübüta yetirən bütün zəruri sənədlər mövcuddur. Belə ki, Əmlak Komitəsindən verilən RX seriyalı, 0364501 nömrəli çıxarış da bunu təsdiqləyir ki, həmin ərazi mənim şəxsi mülkiyyətimdədir.
Bundan başqa, əlimdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü də var. Bir sözlə, bütün müvafiq sənədlərimin olmasına baxmayaraq, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısının qardaşı Hümbət Quliyev mənə torpaq sahəmdə tikinti aparmağıma imkan vermir.
Belə ki, bu ilin avqust ayında torpağımı hasara almaq üçün Novxanıya yollandım. Əraziyə çatdıqda isə məlum oldu ki, kimsə torpaq sahəmin düz ortasından qeyri-qanuni yol çəkib.
Buna əhəmiyyət vermədən torpağımı hasara almağa başladım. Məhz bu vaxt bir nəfər mənə yaxınlaşdı və özünü təqdim etdi, Hümbət Quliyev olduğunu dedi. O, bildirdi ki, yolu öz villasına gedib gəlmək üçün çəkdirib".
Bundan sonra tərəflər arasında kiçik söz atışması yaşanıb və elə bu zaman Mahmud Quliyevin qardaşı Füzuli rayonundan olan məcburi köçkünə hədə-qorxu gəlməyə başlayıb:
"O, mənə hədə-qorxu gələrək dedi ki, əgər bu yolu kəssəm, o zaman məni tutduracaq, döydürəcək. Hümbət Quliyev özünün imkanlı şəxs, səlahiyyət sahibi olduğunu qeyd etməklə yanaşı, qardaşının Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev olduğunu bildirdi. O, əlində olan imkanlardan istifadə edərək minbir əzab-əziyyətlə əldə etdiyim torpaq sahəmdə tikinti aparmağıma, ərazini hasarlamağıma imkan vermir". Şikayətçi iddia edir ki, Hümbət Quliyev hər zaman yanında 5-6 nəfərlə gəzir: "Eyni sözləri həmin adamlar da mənə təkrar etdilər. Onlar da torpağıma sahib çıxmağıma imkan vermirlər. Halbuki həmin ərazi mənim özəl mülkiyyətimdir. Oranı əldə etmək üçün bütün qanuni prosedurları keçmişəm və sonda müvafiq sənəd əldə etmişəm. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısının qardaşı isə dövlətin sənədinə əhəmiyyət vermədən konstitusion hüquqlarımı pozur. Odur ki, sizin vasitənizlə ölkə başçısına, eləcə də digər müvafiq qurumlara müraciət edərək onlardan yardım istəyirəm. Xahiş edirəm ki, Mahmud Quliyevin qardaşı Hümbət Quliyevin mənim torpaq sahəmi zəbt etməsinə imkan verməsinlər və bununla bağlı müvafiq ölçü götürsünlər".