BolgeXeber.Com » Ölkə » Goranboyda həkim terroru - ŞİKAYƏT

Goranboyda həkim terroru - ŞİKAYƏT

16-09-2015, 16:13
Oxunub: 3 400 Goranboyda həkim terroru - ŞİKAYƏT"Həkim deyir, uşaq doğulandan sonra oksigen udduğu üçün bədəninə mikrob keçib və ölüb. Ancaq körpəmi həkimlərdən təhvil alanda başının arxasında yara olduğunu gördüm. Başı qanamışdı"

Bolgexeber.com xəbər verir ki, bu sözləri axar.az-a ilk övladı dünyaya gəldiyi gün ölən körpənin atası Şahbaz Məmmədov deyib. Ata iddia edir ki, sağlam dünyaya gələn körpə həkim səhlənkarlığının qurbanı olub.
Onun sözlərinə görə, oğlu Goranboy rayon Mərkəzi Xəstəxanasında təbii doğuşla dünyaya gəlib. Doğuşdan bir saat sonra ana palataya köçürülüb. Lakin sağlam şəkildə, 3 kilo çəki ilə dünyaya gələn uşaq bir neçə saat sonra ölüb:
“Həkimin körpənin oksigen udduğu üçün bədəninə mikrob keçdiyi və buna görə öldüyünü deyir. Ancaq həkimin dediklərinə inanmadım. Uşağın nəşini ekspertizaya apardım. Əlimi başının arxasına vuranda gördüm ki, qandı. Halbuki mənə körpənin zədələnməsi ilə bağlı heç bir söz deyilməmişdi”.
Şikayətçi doğuş həkimi Sima və onun Leyla adlı köməkçisinə Səhiyyə Nazirliyinə şikayət edəcəyini söyləyib. Həkim isə nazirlikdə qohumu işlədiyini deyərək, heç kəsdən qorxmadığını bildirib.
“Sima həkim bildirdi ki, ekspertiza rəyini istədiyi kimi dəyişəcək. Deyir, hara istəyirsən get, şikayət elə. Bununla gözümü qorxutmağa çalışır. Ancaq ekspertizaya, prokurorluğa müraciət etdiyimi biləndən sonra evimizə gəlib şikayətimi geri götürməyimi istədi. Fikrimdən dönmədiyimi biləndən sonra da təhdid etməyə başladı”.
Şikayətçi qeyd edib ki, onu narahat edən əsas məsələ körpəsi öləndən sonra həkimin daha bir doğuşa girməsi olub: “Oğlum avqustun 16-da dünyaya gəldi və elə həmin gün də öldü. Ayın 31-i xəstəxanada olanda öyrəndim ki, həkim daha bir doğuşa girib”. Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rüstəm Budaqov isə Axar.az-a inanılmaz iddia səsləndirib, deyib ki, məsələ ilə bağlı araşdırma aparılıb və rəy bildirilib:
“Şikayətçi həkimlə bağlı ekspertizaya və prokurorluğa müraciət etdi. Həmin həkim xəstəxanamızda yarımştat işləyir. Ekspertiza rəyinə əsasən, körpə ölü doğulub. Ekspertiza rəyini əldə edə bilsəz, məlumatınız olar. Ata uşağın ölümünə görə həkimdən pul tələb edib”.