BolgeXeber.Com » Ölkə » Zahid Oruc tənqidlərlə üzləşdiyi fotonun tarixçəsindən danışdı

Zahid Oruc tənqidlərlə üzləşdiyi fotonun tarixçəsindən danışdı

23-09-2015, 11:02
Oxunub: 4 382 Zahid Oruc tənqidlərlə üzləşdiyi fotonun tarixçəsindən danışdı“O, narkotik ticarəti ilə məşğul olan ailənin uşağı idi, həyatımızı təhlükə altına atıb onu müalicə etdirdik”

Son günlər deputat Zahid Oruc sosial şəbəkələrin və bəzi media orqanlarının ciddi müzakirə obyektinə çevrildi. Belə ki, millət vəkilini xəstə uşağı ziyarət etməsi səhnəsini təbliğat vasitəsinə çevirməkdə suçlayaraq onu sərt formada tənqid etdilər. Tənqidlərdə əsas arqument bu idi ki, deputat niyə humanist bir hərəkəti siyasi xal qazanmağın vasitəsinə çevirir. Zahid Oruc tənqidlərlə üzləşdiyi fotonun tarixçəsindən danışdı

Şəkildən göründüyü kimi, bunun qış fəslinə aid bir hadisənin tarixçəsi olduğu adi gözlə görünsə də, onun ictimailəşməsinə münasibət birmənalı olmadı. Bu seçki prosesinə qəzəbdir, yoxsa, deputata qarşı xüsusi təşkil olunmuş əks-təbliğat? Bunu öyrənmək məqsədilə Zahid Oruca müraciət etdik.

Millət vəkili musavat.com-a açıqlamasında son günlər ciddi tənqidlərə məruz qaldığı bir şəklin tarixçəsindən danışdı: “Parlament üzvü necə olmalıdır - bu sualı hər kəs özünə verməyə çalışır. Xalq elçisinin siyasi portretini ümumiləşdirsək, belə deyə bilərik ki, parlament üzvü təmsilçisi olduğu bölgənin sosial xəritəsini bilməli, ictimai qayğılarına bələd olmalı, onları hökumət orqanlarına çatdırmağı bacarmalıdır. Eyni zamanda, müxtəlif təşəbbüslərlə konkret bir bölgənin inkişafına təsir haqqında daim düşünməli və mühüm proqramlarla çıxış etməyi bacarmalıdır. Yalnız bu halda qazanılan mandatın milli mənafelərə xidmət etdiyindən danışa bilərik. Çünki bəzən doğmalarına və qohumlarına xidmət edən səlahiyyət və kreslo vətəndaş haqlarının ziyanına işləyir. Bu parametrlərdən yanaşsaq, Zahid Oruc hər zaman seçicisinin yanına gedib, yüzlərlə dövlət və ictimai tədbirin, açıq qəbullar və fərdi görüşlərin iştirakçısına çevrilib”.

Zahid Oruc:

Deputat deyib ki, 2009-cu ildə növbəti tədbirlərin birində bir nəfər şəxs ondan xahiş edib ki, bir uşağı xilas etmək lazımdır: “Uşağın ölüm ayağında olduğunu dedi. Araşdırma apardıqdan sonra məlum oldu ki, Bərdədə yerli sakinlərlə yanaşı, fərqli etnik qrup da yaşayır. O yerin, həmçinin həmin etnik qrupun adını söyləmək istəmirəm. Çünki Bərdənin qədim tarixi, dövlətçilik ənənələri, yüksək ziyalı sinfi, mədəni keçmişi və ləyaqətli insanları var. Ona görə mənim ictimai nüfuzuma minlərlə zərbə vurmaq istəsələr də, o bölgənin adını qorumaq mənim ali vəzifəmdir. Nə qədər pafoslu səslənsə də bu, belədir.

“Bu hadisə 2009-cu ildə baş verib. Çevrəmizdəki insanlar bundan siyasi texnologiya düzəltmək istəsəydilər, bunu 2010-cu il seçkilərində təbliğat materialına çevirərdilər”

Həmin uşağın bacısının öldüyü deyilirdi və bu qızcığazın da dərhal müdaxilə olmasa, canını tapşıracağı söylənilirdi. O insanları yaxından tanıyanlar uşaqlardan narkotik kuryerlər kimi istifadə olunduğunu açıq bildirirdilər. Hüquq mühafizə orqanlarının əməkdaşlarının bizi o ünvana gedərkən müşayiət etmələri də məhz həmin faktlara görəydi”.

Z.Oruc müxbirimizə deyib ki, 5-6 qardaşın və onların ailəsinin az qala girovu kimi əlində qalmış qız uşağını ziyarət etmək üçün dərhal rayon rəhbərliyinə müraciət edib: “Belə qərara gəlindi ki, ailənin ehtiyacını nəzərə alıb bir qədər zəruri ərzaq, əlil arabası və müəyyən miqdar maddi yardımla ora gedək. Lakin həmin məkanın xüsusi şəraitini nəzərə alıb müəyyən təhlükəsizlik tədbirləri də görülmüşdü. Çünki qeyd etdiyim əhali qrupunun öz qanunları, adət-ənənəsi var və bunlarsız hərəkət etmək düzgün olmazdı”.

Millət vəkilinin bundan sonra danışdıqları həqiqətən də tükürpədici, hətta kifayət qədər sensasiondur: “Bizi orada qarşılayan həmin cinayətkarlıqla məşğul olanların ailə üzvləri oldu. Çox qəribə sözlər, uzun təhqirlərdən sonra otağa daxil ola bildik. Elə zənn edirdilər ki, onları həbs etməyə gəlmişik. Antisanitariyanın, üfunətin baş alıb getdiyi bir balaca daxma idi. Qərar vermişdim ki, mütləq o uşağa yardım etməliyik. Uşağı gözümlə görmək istəyirdim. Onu balaca daxmada saxlayırdılar. İçəri çox soyuq və üfunətli idi. Uşağın ətrafına narkotik maddələr qoyaraq bürümüşdülər. Çəkilişi və ya fotonu biz heç zaman özümüzə bağlayıb onun üzərində şöhrət piramidası qurmuruq, lakin icra orqanlarının nümayəndəsi kadrlara götürdüyü səhnələr bax o tarixdən indiyə qalıb”.

Deputat bildirib ki, bir faciə üzərində kampaniya qurmaq fikrindən uzaq birisidir: “Əlavə şəkillər də var. Uşağı görəndən sonra dərhal kəskin reaksiyamı verdim. Maşın çağırtdırıb, uşağı oradan xəstəxanaya apartdım. Nə yaxşı ki, bunlar da kadrlarda qalıb. Uşaq bütövlükdə suda yanmışdı. Onun nəvaziş, sığallanmaq halı yox idi. Hər halda biz ora selfi üçün getməmişdik. O məsum qızcığazı xəstəxananın yanıq şöbəsinə yerləşdirdik. Beş ay ərzində onun müalicəsi üçün Azərbaycan dövləti tərəfindən hər cür yardım göstərildi. İndi xatırlayıram ki, telefonla danışıb halını soruşmuş, xeyli ruh vermişdik ki, sağalsın, bərpa olunsun. Sonradan məlum oldu ki, etdiyimiz yardımları da mənimsəyiblər. Həmin dediyim qardaşlardan biri də həbs olundu. Bir şəklin arxasında dayanan tarixçə bundan ibarətdir”.

Z.Oruc şəkil üzərindən ona qarşı edilən həqarət və mühakimələri anlayışla qarşıladığını deyib: “Biz siyasi texnologiyaları bilirik. Anlayırıq ki, maraqlar toqquşur və mənafe savaşı gedir. Ona görə üzərimizə müxtəlif formada gələnləri başa düşürük. Burada da heç bir qəbahət yoxdur. “Public person” olmağın tələbi bundan ibarətdir. Amma hər kəs bilməlidir ki, müftəxor, seçicilərindən uzaq duran deputatı lənətləyirlərsə, onun əksini edənləri də süngüyə taxmalı deyillər. Bizi qeyri-humanizmdə suçlayanlar, həmin ailə və uşaq haqda araşdırma aparsalar, bizə qarşı ədalətsiz mövqe tutduqlarını anlayarlar. Tənqidə hər zaman açıq olmuşam. Lakin bu yazını yazanlar üzrxahlıq etdilər, bununla bərabər, obyektivlik göstərib mövqeyimizi də dərc etdilər.

Ona görə buna kampaniya adını vermək istəmirəm və zatən nə olsa, səmərəsizdir. Çünki ən yüksək amallarla millətinə xidmət edən insanlara çirkab atılsa da, zamanın küləkləri onu yuyub aparır.

Həmin qəzetə və sayta hörmət və ehtiramımı bildirmişəm. Heç bir qəddar yaddaşdan söhbət gedə bilməz. Çünki geniş kommunikasiyada olmaq və ictimai həyatda iştirak etməyin bəlli kuralları var. Ona əməl etməliyik”.

Deputata görə, təhqir qarşıdakını deyil, onu ifadə edənin özünü təsvir edir: “Biz o uşağı xilas edəndə, qəhrəman obrazı yaratmaq barədə düşünmürdük. Üstündən 6 il keçəndən sonra hətta 2010-cu il seçkilərində də reytinq axtarışına görə elə vasitələrə əl atmamışıqsa, kimsə bizi qəddar texnologiyalarda günahlandıra bilməz. Ancaq sadə bir sual yaranır - bütün insanlar öz təmsilçisindən gördüyü işlər haqqında hesabat soruşmur? Bizim dostlar da arxasında böyük zəhmət və dövlətimizin gücü dayanan işləri ortaya qoyursa, o şəkillər və böyük tarixin içərisindən bir kadr seçib nədən qəzəbli mühakimələr edirlər? Orada təqdim olunan insanlar sadə bərdəlilərdir və hələ cəmi 15 tədbirin xülasəsi yer alıb. Bəs görülən işlərin sayı 100-ə çatanda nə reaksiya verəcəklər?

Düşünməyə dəyər!”.
Zahid Oruc tənqidlərlə üzləşdiyi fotonun tarixçəsindən danışdı
Zahid Oruc tənqidlərlə üzləşdiyi fotonun tarixçəsindən danışdı
Zahid Oruc tənqidlərlə üzləşdiyi fotonun tarixçəsindən danışdı