BolgeXeber.Com » Ölkə » Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJ

Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJ

3-10-2015, 12:14
Oxunub: 13 524 Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJMaşinist: "Qatarda hər şey elektron idarə olunursa, necə Siyəzənə gedib çıxa bilərdik?"

Sentyabrın 12-də Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sürətli elektrik qatarı sərnişinlərin ixtiyarına verildi. Məqsəd Sumqayıtdan paytaxta gəlib-gedən sərnişinlərin rahatlığını təmin etməkdir. Ancaq belə bir xoşməramlı sürət qatarı yola düzələndən, relsə qoyulandan üzü bu yana müxtəlif söz-söhbətlərə tuş gəldi. Hətta qatarın azıb Siyəzənə getdiyini söyləyənlər də oldu. Dəmiryolu Vağzalında Bakı-Sumqayıt sürət qatarına minəndə, əlbəttə, başqa yerə yox, məhz Sumqayıta gedəcəyimizə əmin idik. Bu əminliyi tam istisna edən arqumentləri isə yolda maşinistlərdən eşidəcəkdik.

"Hər gün qatardan iki mindən çox sərnişin istifadə edir"

Yola düşməzdən öncə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədovla söhbətləşdik. Mətbuat katibinin sözlərinə görə, qatarların alınması üçün "Stadler Rail Group" şirkəti ilə "Azərbaycan Dəmir Yolları" arasında müqavilə imzalanıb: "Müqavilə əsasında "Stadler Minsk" zavodunda istehsal olunan 5 ikimərtəbəli qatar alındı. Artıq qatarların üçü Bakıdadır və Bakı-Sumqayıt istiqamətində işləyir.

İki qatar isə ilin sonuna kimi gələcək. Sərnişinləri Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə mənzil başına çatdırmaq üçün qatarlar Bakıdan səhər və axşam hərəkət edir. Bəzi sərnişinlər narazılıq edir ki, qrafikdə dəyişiklik olsun, amma bu dəyişiklik birdən-birə mümkün deyil. Biz sərnişin sıxlığını və ümumi tələbatı nəzərə alırıq, ola bilər, gələcəkdə qrafikdə dəyişiklik aparılar".

Nadir Əzməmmədov deyir ki, hərəkətə başlayan gün sürət qatarından iki min sərnişin istifadə edib: "Hazırda isə gün ərzində qatarla gedib-gələn sərnişinlərin sayı iki mindən çoxdur. Bildiyiniz kimi, Tarif Şurasının qərarından sonra Bakı-Xırdalan-Sumqayıt sürətli qatarı üçün gedişhaqqı məlum oldu və sərnişinlər iki yolla - həm kassa, həm də terminal vasitəsilə bilet əldə edə bilərlər. Stansiyada 4 bilet satış terminalı quraşdırılıb. Avtomatik işləyən bu terminallar vasitəsilə sərnişinlər birbaşa, kassir olmadan pul daxil edib, istədiyi istiqaməti, tarifi seçib bilet almaq imkanına sahib olacaqlar. Kassa qalıq pullar da geri qaytarılır. Terminaldan istifadə etmək istəməyən sərnişinlər stansiyada olan 2 kassadan da bilet ala biləcəklər". Yeri gəlmişkən, Bakı-Xırdalan-Sumqayıt qatarında "Bakı Kart"dan da istifadə etmək mümkün olacaq.


Geniş oturacaq, "wi-fi", çay, qəhvə, su...

Nadir Əzməmmədov qeyd etdi ki, ümumi sərnişin tutumu 919 nəfər olan qatarda 396 oturacaq var, onlardan 84-ü "biznes-klass"a aiddir: "Qrafikə əsasən, sərnişin qatarları səhər saat 05:10-da Bakıdan çıxır, 05:58-də Sumqayıta çatır, 30 dəqiqə intervalı ilə yenidən paytaxta hərəkət edir. 12:00-dan günorta saat 16:00 aralığında elektrik qatarlarının hərəkət intervalı 1 saat olur. Saat 16:00-dan gecə saat 24:00 aralığında isə elektrik qatarları yenə 30 dəqiqə intervalı ilə hərəkət edir". Söhbəti bitirib Bakı Dəmiryolu Vağzalına yaxınlaşıb qatara əyləşdik. Vaqonlarda əsasən gənclər, tələbələr əyləşmişdi, sevgili cütlüklər də gözə dəyirdi. Elektrik qatarlarının hər biri 4 vaqondan ibarətdir, hər vaqonda 4 müşahidə kamerası quraşdırılıb. Bundan başqa, vaqonlarda "wi-fi" da fəaliyyət göstərir ki, sərnişinlər rahat şəkildə internetdən istifadə edə bilsinlər. "Biznes-klass"a məxsus vaqonla də maraqlandıq.

Bu vaqon oturacaqlarının genişliyinə görə fərqlənir. Rahat oturacaqlar iki nəfərlikdir, adi qatarlarda sərnişinlər arzu etdikləri yerlərdə əyləşirlərsə, burada sərnişin hansı sıraya bilet alıbsa orada oturmalıdır. Vaqonda kompüterli sərnişinlərin istifadə edə biləcəkləri kiçik stol və divarda elektrik yuvacığı var. Burda sərnişinlərə çay, qəhvə, su təklif olunur. Qatara mühafizəçi və polislər nəzarət edir, sərnişinlərə bələdçi qızlar xidmət göstərir. Vaqonlarda sanitar-qovşağı quraşdırılıb.

"Bu qatardan gözləntilərimiz böyükdür"

Bələdçi Rəxşəndə Cavadova deyir ki, sərnişinlər onlara tez-tez suallar verirlər: "Biz də onların suallarını cavablandırırıq. "Biznes klass"da sərnişinlər çay, su, qəhvə istəyəndə kömək edirik. Sərnişinlər bizimlə mehribandırlar". Sərnişinlərdən söz düşmüşkən, onların qatar barədə fikirlərinin öyrəndik. Vaqif Mirzəyev deyir ki, 10 ildir yay-qış hər gün Sumqayıtdan Bakıya gedib-gələn biri kimi çox çətinliklərlə üzləşib: "Tələbəlik illərində yola sərf elədiyim vaxt ucbatından neçə-neçə "qaib" almışam. İşə başlayandan sonra vacib görüşlərə və işə gecikmişəm, maaşımdan pul tutulub.

Çətinlikləri xırdalasam, vaxtınızı çox alaram. Bu qatardan gözləntilərimiz böyükdür. Xətt açılandan bəri bu qatarla gedib-gəlirəm. Arada qatarların hərəkətində gecikmələr olurdu, amma biz də başa düşürük ki, hələ təzədir. Ümid edirik, bütün əyər-əskikliklər aradan qaldırılacaq. Şəxsən mən bu xəttin açılmasına sevinirəm, Bakıya dəqiq vaxtda çatacam. Nə söz götürəcəm, nə də danlaq eşidəcəm..."

80 qəpiyə və 2 manat 50 qəpiyə olan biletlər

Məlum olduğu kimi, sürətli qatarla Bakı Dəmiryolu Vağzalından Sumqayıt Dəmiryolu Vağzalınadək gediş haqqı isə 80 qəpikdir. "Biznes klass" üçün biletlərsə 2 manat 50 qəpikdir. Sürət qatarında maşinistlər olan kabinəyə də baş çəkdik. Qatarın elektron idarəetməsini gözümüzlə gördük. Hər şey elektron qaydada nəzarətdə saxlanır və idarə olunur. Maşinist Vəli Nəsibov deyir ki, qatarda hər hansı nasazlıq baş versə, elektron tabloda həmin nasazlıq görünür: "Biz də dərhal tablonun göstəricisinə əsasən nasazlığı aşkar edir və tədbir görürük. Bütün yol boyu marşrut üzrə sürətlər yaddaşa salınır. Məsələn, biz istəsək belə, müəyyən olunmuş yerdə saatda 80 kilometr sürəti daha yuxarı qaldıra bilmərik. Digər tərəfdən, qatar yolunun kənarında evlər var və biz oradan keçəndə sürəti aşağıya salırıq.

Təhlükəsizlik baxımından çox önəmlidir, çünki baş verə biləcək hər hansı hadisənin qarşısını alır. Elektron tabloda müəyyən olunmuş və gedilən sürətlər görünür". Maşinistə qatarın guya Siyəzənə gedib çıxması barədə yayılan söz-söhbətə münasibətini də soruşduq. O, sualı gülərək cavablandırdı: "Əgər qatarda hər şey elektron qaydada idarə olunursa, biz necə gedib Siyəzənə çıxa bilərik? Məsələn, yol ayrıcında Sumqayıta dönməli olanda harasa məlumat vermirik ki, dönürük. Yol ayrıcına çatanda dispetçerin idarə etdiyi pultla qatar Sumqayıta doğru hərəkət edir".

Əlil sərnişinlər də nəzərə alınıb

Əlil insanların qatarlardan rahat istifadə edə bilməsi də nəzərə alınıb. Birinci vaqonda əlil arabası ilə gələn sərnişinlər üçün xüsusi oturacaqlar ayrılıb. Onlar burada əyləşərək rahat şəkildə yollarına davam edə biləcəklər. Əlil arabaları ilə qatarlara minən sərnişinlər üçün xüsusi eskalatorlar quraşdırılıb. ...40-45 dəqiqə müddətdən sonra qatar Bakı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək stansiyalarını keçərək, Sumqayıta çatır. Yarım saatlıq fasilədən sonra qatar üzü Bakı istiqamətinə hərəkət etdi...
teleqraf.com
Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJ
Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJ
Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJ
Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJ
Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJ
Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJ
Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJ
Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJ
Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJ
Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJ
Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJ
Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJ
Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJ
Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJ
Bakı-Sumqayıt qatarı ilə 45 dəqiqəlik səyahət - REPORTAJ