BolgeXeber.Com » Ölkə » Böhran Cahangir Əsgərovun da layihələrini “vurdu” – AZAL “şef”inə bəd xəbər

Böhran Cahangir Əsgərovun da layihələrini “vurdu” – AZAL “şef”inə bəd xəbər

8-10-2015, 10:36
Oxunub: 3 737 Böhran Cahangir Əsgərovun da layihələrini “vurdu” – AZAL “şef”inə bəd xəbərBölgə aeroportlarının xarici reyslərinin isə hədsiz məhdudluğu onların rentabelli çalışmasına imkan vermir

Azərbaycanda iri məmurların büdcədən iri pay əldə etmək uğrunda mübarizə apardığı sirr deyil. Külli miqdarda pulları ayrı-ayrı investisiya layihələri adı altında öz nəzarətinə keçirmək uğrunda illərdən bəri oliqarxlar arasındakı çəkişmə hətta ciddi iqtidariçi mübarizəyə gətirib çıxarmışdı.

Amma son vaxtlar Azərbaycanda baş verən iqtisadi proseslər, xüsusilə neft hasilatının azalması və neftin qiymətinin kəskin ucuzlaşması, manatın devalvasiyası oliqarxları da fantastik gəlirlərdən xeyli məhrum edib. Özəlliklə gələn ilin dövlət büdcəsinin azaldılması, bunun fonunda da dövlət investisiya layihələri üçün nəzərdə tutulan pulların ixtisar edilməsi iri məmurları çətin vəziyyətdə qoyur. Artıq onların əvvəlcədən nəzərdə tutduqları bir çox bahalı projelərin icrasından imtina etmək məcburiyyətində qaldıqları heç kimə sirr deyil.

Qaynar.info-nun əldə etdiyi məlumata görə, belə oliqarxlardan biri də "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovdur. Belə ki, bir müddət əvvəl o, ölkənin bütün bölgələrində hava limanlarının inşasının nəzərdə tutulduğunu demişdi.

Qeyd edək ki, hazırda Azərbaycanın bir neçə rayon və şəhərində (məsələn, Zaqatala, Qəbələ, Gəncə, Lənkəran) aeroportlar istifadəyə verilib. Amma onların rentabelliyi tam şübhə doğurur.

Müşahidələr deməyə əsas verir ki, həmin aeroportlar arasında yalnız Gəncə aeroportu sərnişin sarıdan nisbətən yaxşı vəziyyətdədir. Digər aeroportlar isə ümidləri doğrultmayıb. Bunu əksər regional aeroportlarda bəzən həftələrlə heç bir uçuşun həyata keçirilməməsi, hansısa ölkədaxili və xarici reysin açıldıqdan qısa müddət sonra bağlanması halları da təsdiqləyir. Belədə, Azərbaycanın az qala hər rayonunda aeroport tikilməsi layihəsini həyata keçirmək iqtisadi baxımdan nə qədər doğru ola bilərdi?

İkincisi, hələ Zaqatalada aeroportun inşası zamanı xərclərin şişirdilməsi ilə bağlı mətbuat ətraflı yazırdı. Kifayət qədər ciddi rəqəmlər hesabına başa gətirilən bu aeroportun indinin özündə belə həmin xərcləri çıxardığına inanmaq qeyri-mümkündür. Bu isə bəri ölkə daxilində regional aeroportların inşasının başqa məqsədlərə hesablandığını düşünmək üçün əsaslar yaradırdı.

Üçüncü, müşahidələr onu da deməyə əsas verir ki, yerli əhali yalnız xarici səfərlər üçün bölgələrdəki aeroportlardan istifadədə maraqlı ola bilər. Məsələn, Qəbələdən Bakıya təyyarə ilə gəlmək yalnız vaxt sarıdan sərfəli ola bilər. Nəzərə alsaq ki, bizim əhalinin vaxtı çox, pulu azdır, o zaman rayon əhalisi arasında nə qədər insan paytaxta gəlmək və ya paytaxtdan rayona getmək üçün 5-10 manat əvəzinə bundan dəfələrlə çox pul xərcləməyi üstün tuta bilər? Bölgə aeroportlarının xarici reyslərinin isə hədsiz məhdudluğu onların rentabelli çalışmasına imkan vermir.

Bir sözlə, Cahangir Əsgərovun bir müddət əvvəl anons etdiyi bütün regionlarda aeroport tikmək layihəsinin iqtisadi səmərəliliyi onsuz da şübhə altında idi. Bu layihənin büdcə israfından və korrupsiya predmetindən başqa bir şey olmayacağına inananlar üstünlük təşkil edirdi.

Amma indi əldə etdiyimiz məlumata inansaq, artıq bu istiqamətdə narahatlığa ehtiyac qalmır: çünki əvvəlcədən nəzərdən tutulmuş bir çox bahalı dövlət investisiya layihəsi kimi, ölkənin bütün regionlarında aeroport inşa etmək planı da ertələnib. Hesab olunur ki, Azərbaycan iqtisadiyyatının çətin sınaq qarşısında olduğu, ölkənin gəlirlərinin kəskin azaldığı bir vaxtda bu, gərəksizdir və səmərəsiz xərcdir.