BolgeXeber.Com » Ölkə » Deputat rəqibinin imza vərəqələrini cırdırıb - cəza dəstəsi

Deputat rəqibinin imza vərəqələrini cırdırıb - cəza dəstəsi

12-10-2015, 12:38
Oxunub: 3 230 Deputat rəqibinin imza vərəqələrini cırdırıb - cəza dəstəsiDeputat Rüstəm Xəlilovun “cəza dəstələri” fəaliyyətə keçib

Bolgexeber.com Tia.az-a istinadən xəbər verir ki, bu qruplaşmaya seçki komissiyasının sədri Şükür İmanov başçılıq edir. 64 saylı Sabirabad II Seçki Dairəsindən yenidən deputat seçilmək istəyən Xəlilov təzyiq ekspedisiyasını işə salıb.
Bu dəstəyə tabe olanlar Rüstəm Xəlilova alternativ şəxslərə bütün maneçiliyi törədirlər. Onlar namizədliyin irəli sürülməsi, imzaların toplanılması dönəmində bütün qanunları ayaqlar altına ataraq, inanılmaz hərəkətlərə yol veriblər.
Jam.az-a danışan deputatlığa namizəd Rəşad Rüstəmov bildirib ki, o, 64 saylı DSK-ya müraciət edərək, Şükür İmanova sənədlərini təqdim edib. Məqsədi seçkilərə qatılıb, mübarizə aparmaq olub.
Və sentyabrın 21-də sənədlərini təqdim edib.
Qanuna əsasən 5 gün ərzində müraciətə baxılaraq cavab verilməli idi. Amma Şükür İmanov min bir bəhanə ilə namizədliyin irəli sürülməsinin qəbul edildiyini 28 sentyabrda təsdiqlədi və imza vərəqələrini verməməyə başladı.
“Gah Bakıda olduğunu, gah da işə gələ bilmədiyini bəhanə edib imza vərəqələrini verməkdən boyun qaçırırdı. Və nəhayət, imza vərəqələrini oktyabrın 1-də mənə verdilər. Bildirdilər ki, bir gün sonra saat 18:00-a qədər imzaların hamısını təhvil verim,”- namizəd vurğulayıb.
Deputatın adamlarının qanunsuzluğu, özbaşınalığı bununla bitməyib. 22 saat ərzində Rəşad Rüstəmov və ona könüllü olaraq yardımçı olan 3 gənc imzaları toplamağa başlayıb. Amma Xəlilovun adamları bundan da bərk narahat olaraq, təxribatlara əl atıblar. Rəşad Rüstəmov nəql edir:
“Rüstəm Xəlilov “demokratik seçki” görüntüsü yaratmaq üçün bir neçə nəfəri də namizəd edib. Bu əldəqayırma namizədlər də dillərini udaraq, danışmırlar. Mən və dostlarım tez bir zamanda 450 imzanı toplamağa başladıq.
DSK sədri Şükür İmanovun qudası, Qaratəpə kənd icra nümayəndəsi Rahib Hüseynov və başının dəstəsi, həmin kəndin məktəb direktoru, Təhsil Şöbəsinin qərarı ilə bir dəfə işdən qovulmuş, amma sonradan müəmmalı şəkildə bu posta gətirilmiş Məleykə adlı qadın imza toplamağımıza mane olmağa başladılar.
Bu adamların əsas işi namizəd olmaq istəyənləri qarabaqarasına izləmək, onlara imza verən şəxsləri təhdid etməkdən ibarət olub. Bundan başqa, Rüstəm Xəlilovun “cəza dəstəsi” namizəd olmaq istəyənlərin qarşısını kəsərək, onları kəndlərdən çıxarmağa da çalışıblar.
Bu adamlar 20-30 km yolu yorulmadan arxamızca düşüb gəldilər. Rahib Hüseynov o qədər azğınlaşmışdı ki, hətta bizə imza verənləri ağır şəkildə təhdid edir, onları həbs etdirəcəyi ilə qorxudurdu. Üzləşdiyim problemlərdən dolayı 102, 1002, 161, 115 xidmətlərinə zəng vursam da, “tədbir görüləcək”dən başqa bir şey görmədim”.
Xəlilovun “cəza dəstəsi” daha eybəcər bir vasitəyə əl atıb. Rahib Hüseynovun xadiməsi Şəhla Heydərqızının işi əsasən “imza vərəqinə imza atmaq istəyirəm” adı ilə imza vərəqlərini cırmaqdır. Elə Rəşad Rüstəmovun da başına belə bir oyun açılıb və həmin Şəhla Heydərqızı onun imza vərəqini əlindən alaraq cırıb.