BolgeXeber.Com » Ölkə » Zaur Hüseynov yeraltı nəqliyyatı cəhənnəmə necə döndərdi? - Hardasan, ay Tağı Əhmədov...

Zaur Hüseynov yeraltı nəqliyyatı cəhənnəmə necə döndərdi? - Hardasan, ay Tağı Əhmədov...

12-10-2015, 09:19
Oxunub: 3 277 Zaur Hüseynov yeraltı nəqliyyatı cəhənnəmə necə döndərdi? - Hardasan, ay Tağı Əhmədov...Metropolitenində ticarətin yenidən bərpa edilməsi yeni suallar yaratdı

Zaur Hüseynovun Bakı Metropoliteninə rəis təyinatından sonar bu sahədəki nöqsanların aradan qaldırılacağı, zəruri islahat tədbirlərinin həyata keçiriləcəyi gözlənilirdi. Amma indi tamamilə əks prosesin şahidlərinə çevrilirik. İndi Bakı metrosunun adı mütəmadi olaraq problemlərlə yanaşı çəkilir, bu isə istər-istəməz Zaur Hüseynovun yerində olmayan kadr imicinin formalaşmasına rəvac verməkdədir. Artıq Bakı metrosu üçün ənənə halını almış növbəti “ÇP” isə iki gün öncə yaşandı.

Belə ki, srağagün axşam saatlarında Bakı metropoliteninin "İçərişəhər" stansiyasında qatarda nasazlıq yaranıb, nəticədə qatarların hərəkətində uzunmüddətli fasilə yaranıb. Buna səbəb isə "İçərişəhər" stansiyasından "Həzi Aslanov" stansiyasına hərəkət edən qatarda problem yaranması olub. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya bildirib ki, hadisə saat 19.59-da baş verib. "İçərişəhər" stansiyasında sərnişinlərlə dolu qatar hərəkətə gəlməyib. Bütün səylərə baxmayaraq, nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Yolu boşaltmaq üçün "İçərişəhər" stansiyasına köməkçi qatar göndərilib. Köməkçi qatar nasaz qatarı dartıb və yol boşalıb. Bu işlərə 40 dəqiqə vaxt sərf edilib. Bu müddət ərzində "İçərişəhər" - "28 May" xətti üzrə qatarların hərəkəti dayandırılıb. Nəticədə isə 40 dəqiqəlik fasilə "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında sərnişin sıxlığına səbəb olub.
Xatırladaq ki, bu Bakı metrosunda yaşanan hələlik sonuncu xoşagəlməz olaydır. Mütəmadi olaraq isə bu kimi neqativ hallar təkrarlanır. Həm də məsələ təkcə texniki nasazlığın yaranmasından ibarət deyil, sanki Bakı Metropoliteni lənətlənib və heç bir iş düz getmir burada. Bu baxımdan bir müddət öncə cəmiyyətdə böyük səs-küy doğurmuş kart qalmaqalını yada salmaq kifayətdir.
Söhbət “Bakı Metropoliteni”nin sifarişi ilə hazırlanmış və metro və avtobuslarda işləyəcək kartların hazırlanmasında üzə çıxmış bağışlanmaz nöqsanlardan gedir. Sirr deyil ki, həmin kartların hazırlanmasına xeyli zəhmət və külli miqdarda maliyyə vəsaiti xərclənmişdi. Amma yol verilən bağışlanmaz yanlışlıq görülən bütün işlərin üstündən xətt çəkdi. Məlumat üçün bildirək ki, “BakıKart”ın arxasındakı xəbərdarlıq yazılarında ədəbi dil normalarının pozulmasıyla bağlı ciddi yanlışlıqlara yol verilmişdi. Belə ki, kartların arxasında “alınız”, “istifadə ediniz”, “zədələməyiniz” kimi ifadələrin yazılması təkcə savadsızlıqdan irəli gəlməyib, bu həm də böyük məsuliyyətsizlik və qeyri-peşəkarlığın göstəricisi idi.
Bu və hələ sadalamadığımız digər ciddi nöqsanlar isə Zaur Hüseynovun metropoliten işində təsadüfi adam olduğunu və ona göstərilmiş yüksək etimadı doğrultmadığını ortaya çıxarır. Zaur Hüseynovun Bakı Metropoliteninə rəis təyin olunmasından ötən müddət ərzində baş verənlərin təhlili göstərir ki, yeni rəis heç də gözlənilən islahatları həyata keçirməmiş, əksinə onun rəhbərliyi dövründə Bakı Metropoliteninin fəaliyyətində çox böyük qüsurlar yaranmışdır.
Bir məqamın xüsusi vurğulanmağa ehtiyacı var ki, Zaur Hüseynov metropoliten işiylə bağlı təcrübəsiz adamdır və çox böyük ehtimalla davamlı olaraq ortaya çıxan problemlərin bir qismi məhz bununla bağlıdır. Xatırladaq ki, Zaur Hüseynov rəis təyinatına qədər metropoliten sistemində bir gün belə işləməyib. O, uzun müddət “Qaradağ-Sement” ASC-nin baş mühasibi işləyib. Z.Hüseynov 2007-ci ildə fərqli müəssisəyə rəhbər vəzifəyə təyinat alıb - “Bakıelektirikşəbəkə” ASC-nin sədr müavini təyin edilib. 7 il burada çalışdıqdan sonra isə yenidən fərqli profilli bir müəssisəyə - Bakı Metropoliteninə rəhbər təyin edilib.
Onun rəhbər təyinatından dərhal sonra isə olduqca maraqlı proseslər bir-birini əvəz etməyə başladı. Diqqətli oxucu unutmamış deyil ki, Zaur Hüseynovun vəzifəyə təyinat aldığı ilk günlərdən başlayaraq metro stansiyalarının girəcəyindəki və içindəki bütün ticarət obyektləri birmənalı şəkildə söküldü və bu sahibkarların böyük etirazlarına səbəb oldu. Hətta paytaxt Bakı obyektləri sökülən sahibkarların bir neçə etiraz aksiyalarına da şahidlik etdi. O zaman yeni rəis bu radikal addımını belə əsaslandırmağa çalışırdı ki, metropoliten ərazisindəki ticarət obyektləri sərnişinlərin sərbəst hərəkətinə maneçilik törədir. İnsafən, onu da qeyd edək ki, Zaur Hüseynovun bu arqumenti kifayət qədər əsaslandırıldığından ideya böyük ictimai dəstək də qazandı. Amma bu tədbirlərin üzərindən bir müddət keçdikdən sonra Zaur Hüseynovun təşəbbüsüylə Bakı Metropolitenində ticarətin yenidən bərpa edilməsi yeni suallar yaratdı: Metroda ticarət ləğv olunurdusa onun yenidən bərpası nə deməkdir? Yaxud, ticarət yenidən bərpa olunacaqdısa o zaman bunu niyə ləğv edirdilər?
“Unikal”a daxil olan məlumatlarda isə yeni rəisin məcaralarının bununla yekunlaşmadığı əks olunub. İnformasiyalara görə, Zaur Hüseynov ötən müddət ərzində köhnədən qalma təcrübəli əməkdaşları, hətta texniki personalı belə yeniləri ilə əvəzləyib. Bildirək ki, işdən çıxardılanların böyük əksəriyyəti Bakı Metropolitenində “saç ağartmış” təcrübəli mütəxəssislər idi və onların gedişi strukturun fəaliyyətində də ciddi axsamalar yaradıb. Qeyd edək ki, Zaur Hüseynov 2014-cü ilin fevralında, bu vəzifəyə yenicə təyinat aldığı günlərdə mətbuata açıqlama verərək “metropolitendə hər hansı kadr dəyişikliyi olacaqmı” sualını belə cavablandırmışdı: “Yaxşılığa doğru hər şey olacaq”. Bununla da Z.Hüseynov metropolitendə dəyişikliklər olacağının anonsunu vermişdi, amma tarix göstərdi ki, kadr dəyişiklikləri heç də yaxşılığa gətirib çıxartmadı.
Əldə etdiyimiz digər informasiyada isə iddia olunur ki, Zaur Hüseynov Bakı Metropolitenində “paket” sistemi tətbiq edib. Belə ki, əsasən idarə rəislərinə maaşlarından əlavə “paket” də təqdim olunur ki, bu da “yeraltı səltənət”də qaranlıq işlərin baş verməsini təsdiqləyir.