BolgeXeber.Com » Ölkə » Qaxın qoz meşələrinə qənim kəsilmiş zirehsiz “cəngavər“

Qaxın qoz meşələrinə qənim kəsilmiş zirehsiz “cəngavər“

14-10-2015, 11:03
Oxunub: 2 960 Qaxın qoz meşələrinə qənim kəsilmiş zirehsiz “cəngavər“Seçicilərin tanımasın, bel ilə qovul və yenə, yenidən deputat olacam de

Parlament seçkiləri yaxınlaşdıqca deputatlara maraq ikiqat artıb.

Bolgexeber.com xəbər verir ki, Ölkə.az deputatların son 5 ildə nələrlə yadda qalmasını araşdırmağa davam edir.

Bu gün haqqında yazacağımız şəxs Milli Məclisin səssiz səmirsiz, iş dünyasının isə cəngavərlərindən biri olan millət vəkili Azər Kərimlidir.

Toto Cutugno, üzr istəyirəm, Azər Kərimli - L`italiano

Yuxarıda işlətdiyimiz cəngavər sözü rastgələ bir kəlmə deyil. Azər Kərimli İtaliya dövləti tərəfindən "Cəngavər" ordeni ilə mükafatlandırılıb. Açığı bu mükafatı hansı səbəbdən, niyə verildiyi hələ də qaranlıq qalır. Ona görə ki, Azər Kərimli fəal siyasətçi, aktiv deputat kimi heç nə ilə yadda qalmayıb. Bu adın verilməsində bir səbəb qalır, millət vəkilinin biznesi. Əldə etdiyimiz məlumata görə, millət vəkili meşələri ilə zəngin olan Qax rayonunda ağacları kəsib, mebel hazırlanması üçün İtaliyaya göndərir. İtaliyan mebel markalarının şan-şöhrəti heç kimə sirr deyil. Azər Kərimli seçiciləri arasında sevilməsə də, İtaliyada onu çox sevirlər.

Çox maraqlıdır ki, hər kəsin deputatın meşəqırma işindən xəbəri olduğu halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu işdən niyə xəbər tutmur, adama qəribə gəlir. Yəqin deputat meşələri gecələr kəsdirir. Gündüz vaxtı kəsdirsə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri bunu mütləq görüb, əncam çəkərdi...

Deputatın "ağac sevdası" Qax rayonunu meşəsiz qoyub. Qaxda Azər Kərimlini deputat kimi yox, ağackəsən kimi tanıyırlar. Seçicilər bildirir ki, biz onsuz da ona səs vermirik, necə olursa qutudan 3 dəfə Azər Kərimli çıxıb.

Vəzirovun qoz söhbətini yəqin ki bilməyən yoxdur. Azər Kərimli bəlkə elə bilir ki, o qozları Vəzirov əkib, camaatın yeməməsi üçün hamısını kəsdirir. Həyatdır, Azərbaycandır, hər şey ola bilər.

Bel ilə qarşılanan deputat

Seçkiyə az müddət qalıb. Artıq təbliğat-təşviqat başlayıb. Seçiciləri ilə görüşə gedən deputat Azər Kərimli Qaxın Əlibəyli kənd camaatı tərəfindən qarşılanıb, ancaq bel ilə. Əlibəyli kənd sakinləri Azər Kərimlini "Bizim sənin kimi deputatımız yoxdur, sən bu kəndə girməyəcəksən, rədd ol burdan!" dəyərək kənddən qovublar.

Deyilənə görə, Əlibəyli kənd sakinlərinin bu hərəkəti deputatı şoka salıb. Görəsən niyə? Seçicilərinin problemləri ilə maraqlanmayan, Qaxa təsadüfi hallarda gedən, Bakıya gələn seçicilərini qəbul etməkdən boyun qaçıran deputat yağ-bal gözləyirmiş yəqin. "Təsir əks təsirə bərabərdir" qanunundan deputatın ümumiyyətlə xəbəri yoxdur.

Məlumata görə, III çağırış dalbadal 112 Saylı Qax seçki dairəsindən deputat seçilən Azər Kərimli öz dairəsindən namizədliyini verən şəxslərə külli miqdarda pul verərək namizədliyini onun xeyrinə götürməyi təklif edir.

Qaxlılar Azər Kərimlini ya 4 qat deputat edəcək, ya da qoz-qoz oynamağa göndərəcək...