BolgeXeber.Com » Ölkə » Telekanallardakı “gizli reklam”lar, vergidən yayınmalar və ”pulların yuyulması”: MTRŞ isə göz yumur

Telekanallardakı “gizli reklam”lar, vergidən yayınmalar və ”pulların yuyulması”: MTRŞ isə göz yumur

14-11-2015, 18:10
Oxunub: 3 933 Telekanallardakı “gizli reklam”lar, vergidən yayınmalar və ”pulların yuyulması”: MTRŞ isə göz yumur"Belə qeyri-şəffaflıq “pulların yuyulması”na yol açır"

Bir məhsulun yaxşı tanıdılması, onun geniş kütləyə yayılması üçün ən yaxşı vasitə reklamdır. Çünki reklam sayəsində insanlar bu məhsul, müəssisə və ya digər bir şeylə bağlı məlumat əldə edirlər.

Lakin reklamın da öz qaydaları var. Misal üçün telekanallardan biri ilə reklam anlaşması bağlayan iş adamı buna görə ödəniş edir. Telekanal da bu reklamı yayımladığı üçün ödəniş edir, vergi verir. Lakin bəzi telekanallar da var ki, onlar reklamı gizli yolla yayımlayırlar və bu üsulla əlavə reklam vaxtı qazanıb, vergidən yayınırlar.

Musavat.com saytı olaraq, bu dəfə bunlardan bəhs edəcəyik. Belə ki, bəzi telekanallar əlavə reklam vaxtı qazanmaq üçün müxtəlif üsullara əl atırlar. Onlar bu üsul vasitəsi ilə hiss etdirmədən reklam verirlər.

Misal üçün xəbərlər proqramında hansısa bir klinika ilə bağlı hazırlanmış bir reportajı efirə verib, bunu xəbər kimi təqdim edirlər. Hansı ki bu, reklamdır. Və xəbərlər proqramında belə reklam vermək qadağandır. Çünki bu, gizli reklamdır. Üstəlik, "Bu reklamdır" bildirişi də yazılmır. Bir sözlə, telekanallar xəbər proqramlarında insanlara xəbər yerinə reklam təqdim edirlər.

Məsələn, hansısa xəbərlər proqramında yeni açılan bir market haqqında reportaj verirlər. Və marketin adı, ünvanı deyilir. Bunlar azmış kimi, market yaxşıca təriflənir. Bu tipli reklamlar heç də ucuz başa gəlmir.

Misal üçün bəzi telekanallarda “Xəbərlər" proqramının gecə buraxılışında reklam vermək 300 manatdır. Bu reklama görə pul alan telekanal, həmin reklamı xəbər statusunda izləyiciyə təqdim edir. Belə hallar bu və ya digər telekanallarda tez-tez baş verir.

Bu məsələni daha dəqiq öyrənmək üçün tanınmış media eksperti Zeynal Məmmədli ilə danışdıq.

Ekspert bildirdi ki, bu, “KİV haqda” Qanunun birbaşa pozuntusudur: "Çünki xəbərlər proqramında ictimai önəmi olan bir məsələ önə çəkməlidir, kommersiya yox... Təəssüf ki, Azərbaycan telekanallarında, "Filan market açıldı", "Yeni ticarət mərkəzi açıldı" və sairə kimi kommersiya xarakterli "xəbərlər" verilir. Üstəlik, bu kimi reklam tipli xəbərləri dövlət büdcəsindən maliyyələşən telekanallar da yayımlayır. Buna birdəfəlik son qoyulmalıdır. Həm “KİV haqqında” Qanunda, həm də “Reklam haqqında” Qanunda bütün bunlar nəzərdə tutulub".

- Belə qanun pozuntularına yol verən telekanallara qarşı hansı cəzalar tətbiq edilə bilər?

- Bu kimi qanun pozuntularına yol verən telekanallar hətta bağlana bilər. Əgər bir telekanal təkrar-təkrar eyni qanun pozuntusuna əl atırsa, həmin telekanal qapadıla bilər. Bundan əlavə, maddi cərimələr də tətbiq edilə bilər. İstər kommersiya reklamı baxımından, istərsə də siyasi reklam baxımından Azərbaycan telekanalları qaydaları pozurlar.

Burada problem sadəcə, vergi qaçaqçılığı deyil. Məsələ həm də budur ki, telekanallar jurnalistləri xəbər hazırlayan şəxsdən, reklam hazırlayan şəxslərə çevirirlər.

- Bir neçə dəfə telekanalları izləmək kifayət edir ki, bu tipli gizli reklamları aşkarlayasan. Bəs, MTRŞ bunu görmürmü və yaxud MTRŞ bu qanun pozuntularına niyə göz yumur?

- Onların dediklərinə inansaq, MTRŞ-nın monitorinq qrupu fəaliyyət göstərir. Amma bu fəaliyyət nədən ibarətdir, bilmirik. Telekanallarda gizli reklamlara, siyasi və kommersiya xarakterli reklamlara nəzarət edə bilmirlər. Əlbəttə, "Salam Azərbaycan" verilişi ilə bağlı iradlarını misal çəkmək olar. Amma sadəcə, bu verilişdəmi problem var? Xeyr... Bəs, digər kanallar..?

Bizdə sponsor anlayışı da səhvdir. Misal üçün telekanallara fikir versəniz, görərsiniz ki, sponsoru olmayan veriliş yoxdur. Və hər verilişdə sponsorlara nə qədər vaxt ayırırlar. Ona görə də, MTRŞ ancaq "Salam Azərbaycan" proqramına xəbərdarlıq edəndə bu kənardan qərəzli addım kimi görünür.

Z.Məmmədli telekanallarda maarifləndirici sosial çarxlara və verilişlərə yer verilməməsinə də toxundu: "Ümumiyyətlə, bizim telekanallarda sosial reklamlar yox dərəcəsindədir. Özəl telekanallar yenə nəsə bəhanə uydura bilərlər ki, bu tipli reklamlar pulsuzdur. Onları efirə verən zaman bunlar pul qazana bilmirlər. Bəs, dövlət telekanalları..? Onlar da sosial çarxlar, verilişlər hazırlamırlar".

Ekspertin fikrincə, belə qeyri-şəffaflıq “pulların yuyulması”na yol açır: "Digər bir ciddi məsələ isə reklam payıdır. Telekanallar reklam gəlirlərini gizlədirlər. Vergi ödənişlərini açıqlamırlar. Belə qeyri-şəffaflıq “pulların yuyulması”na yol açır. Gizli reklamlar, sms-lər... Bütün bunlar böyük məbləğlər deməkdir və bu pullar büdcəyə getmir. Pulların büdcəyə getməməsi həm vətəndaşa, həm də dövlətə ziyan vurur. Məsələ bu qədər ciddidir".