BolgeXeber.Com » Ölkə » Dövlət Radiotezliklər İdarəsi də "MTN işi" qalmaqalında... - İTTİHAM VAR

Dövlət Radiotezliklər İdarəsi də "MTN işi" qalmaqalında... - İTTİHAM VAR

16-11-2015, 13:03
Oxunub: 3 423 Dövlət Radiotezliklər İdarəsi də "MTN işi" qalmaqalında... - İTTİHAM VARMəlum olduğu kimi, “MTN işi” ilə əlaqədar artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) bir çox yüksək vəzifəli əməkdaşları həbs olunmuşlar

Həmçinin noyabr ayının 12-də nazir Əli Abbasov prezident İlham Əliyevin müvafiq sərəncamı ilə işdən çıxarılıb. Bu günədək həbs edilənlər arasında nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, “Aztelekom” İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov, tikinti sifarişlərini yerinə yetirən podratçı təşkilatın rəhbəri Namazəli Məmmədov da var. Mövzuya dair dərc etdiyimiz materiallarda biz artıq bildirmişdik ki, bir çox mənbələr bu həbslərin hələ heç də son olmadığını vurğrlayırlar. Eyni zamanda da, son günlər “MTN işi” ilə əlaqədar, RYTN-nin bir çox struktur bölmələrinə və tabelikdə fəaliyyət göstərən qurumlarına rəhbərlik edən müxtəlif vəzifəli şəxslərin adları medianın gündəminə gətirilməkdədir. Dünən redaksiyamıza daxil olmuş növbəti informasiyada isə, RYTN-nin indiyədək adı heç bir məlumatda keçməyən daha bir idarə rəhbəri barədə açıqlama verilir. Söhbət nazirliyin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi Əflatun Məmmədovdan gedir. Mənbə bildirir ki, məhz bu idarə rəisinin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla işbirliyinə dair əsaslı iddialar mövcuddur.
Məlumat üçün bildirək ki, DRİ ilk olaraq Bakının “Radiotelefonlara Texniki nəzarət stansiyası” təşkilatının nəzdində yaradılıb və 1970-ci ildən formalaşmağa başlayıb. İdarənin o vaxtlar əsas funksiyası radiorabitə xidmətləri üzərində Radiorabitə təşkilatlarının tövsiyyələrinə və qayda qanunlarına uyğun nəzarət və elektromaqnit sahə gərginliklərinin ölçülməsi olub. Bu gün isə, idarənin vəzifə və səlahiyyətləri kifayət qədər genişləndirilmişdir. Bunlardan bəzilərinə diqqət edək:

* Azərbaycan Respublikası ərazisində radioelektron vasitələrindən istifadə olunmasının planlaşdırılmasını, bu vasitələr üçün iş tezliklərinin və çağırış siqnalların təyin edilməsi və uçot olunması;
* Azərbaycan Respublikası ərazisində radioelektron vasitələrinin və yüksək tezlikli qurğuların alınmasına (başqasına verilməsinə), layihələşdirilməsinə, tikilməsinə (qurulmasına) və bunların istismarına icazə verilməsi;
* Efirdəki qanunsuz radioverilişlərinin aşkar edilməsi və qanunsuz olaraq radioverici qurğuların hazırlanmasına və işlədilməsinə qarşı mubarizə.
Əlbəttə, bütün bu deyilənlərdən tam baş çıxara bilmək üçün, ən azından müəyyən qədər radiotexniki bilgilərə malik olmaq lazımdır. Bununla belə, idarənin bu vəzifələrin öhdəsindən gələ bilməsi üçün yüksək texnoloji cihaz və avadanlıqlara malik olmasının da əsas şərt olduğu heç kəsdə şübhə doğurmaz. Digər tərəfdən isə, məhz elə bu qurğu və cihazlar da “qanunsuz olaraq radioverici qurğuların hazırlanmasına və işlədilməsinə qarşı mubarizə”də istifadə olunduğu kimi, həmin qanunsuz hərəkətlərin törədilməsinə də yönəldilə bilər.

Yeri gəlmişkən, məlumatı təqdim edən mənbə, yaxın günlərdə DRİ-nin rəisi Əflatun Məmmədovun qardaşı və həmin şəxsin rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə də maraqlı açıqlamalar verəcəyini bildirib.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.