BolgeXeber.Com » Ölkə » Əmioğludan əmioğluya ötürülən vəzifə - Səhiyyə sistemində...

Əmioğludan əmioğluya ötürülən vəzifə - Səhiyyə sistemində...

8-12-2015, 11:40
Oxunub: 3 016 Əmioğludan əmioğluya ötürülən vəzifə - Səhiyyə sistemində...Elə əvvəllər olduğu kimi, bu gün də sakinlərin narazılığını doğuran əsas məqamlardan biri RMX-ya dərmanların alınmasında törədilən maxinasiyalarla bağlıdır

Məlum olduğu kimi bu gün Yardımlı rayonunda 36 səhiyyə müəssisəsi fəaliyyət göstərir. Bunlardan biri 100 çarpayılıq mərkəzi xəstəxana, ikisi kənd xəstəxanası, on yeddisi tibb məntəqəsi və on altısı həkim məntəqələridir ki, bu tibb müəssisələrində də ümumilikdə 47 həkim, 119 tibb işçisi çalışır. Lakin bu göstəricilər heç də rayonda səhiyyənin qənaətbəxş durumda olması anlamına gəlmir. Əksinə, redaksiyamıza daxil olan məlumatlarda da bildirilir ki, Yardımlının səhiyyə sistemi bu gün bərbad haldadır. Bir müddət bundan əvvəl Yardımlı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimin bu vəzifədən alınması və onun yerinə Rasim Əkbərovun təyin olunması isə, mövcud problemləri nəinki həll etməyib, əksinə onların bir qədər də dərinləşməsinə yol açıb. Bunun isə, olduqca maraqlı bir səbəbi var. Məsələ bundadır ki, Rasim Əkbərov Yardımlı RMX-nın keçmiş baş həkimi Fəxrəddin Əkbərovun doğma əmisi oğludur. Yeri gəlmişkən, hələ bu təyinatdan xeyli əvvəl bizimdovr.az-a daxil olan məlumatlarda Rasim Əkbərovun “həkimlik fəaliyyətinə” dair maraqlı açıqlamalar təqdim edilmişdi: “Baş həkimin doğma əmisi oğlu, Rasim Əkbərovun da adı Yardımlı rayon səhiyyəsində gedir. Lakin o da digərləri kimi işə gəlmir və şəxsi biznesilə məşğuldur. Hər ayın əmək haqqını isə vaxtlı-vaxtında alır...” Bu gün isə, rayon sakinlərindən aldığımız yeni şikayət məktublarında Yardımlı səhiyyəsinin yenə də köhnə problemlərindən bəhs olunur. Elə əvvəllər olduğu kimi, bu gün də sakinlərin narazılığını doğuran əsas məqamlardan biri RMX-ya dərmanların alınmasında törədilən maxinasiyalarla bağlıdır.

Belə ki, dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Eyni zamanda da, xəstəxanada “ölü canlar” təcrübəsi yenə də kütləvi şəkildə tətbiq olunur. Yəni RMX-da saxta “xəstəlik tarixçələri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür. Belə ki, bu “xəstəlik tarixçələri”nin əksəriyyəti pensiya almaq üçün məqsədli şəkildə açılmışdır. Digər tərəfdən də mənbələr iddia edirlər ki, bəzi hallarda bu məqsədlər üçün kənd xəstəxanaları daha əlverişli olur. Buna görə də, bəzən sənədlərə əsasən kənd xəstəxanalarının hər birində Rayon Mərkəzi Xəstəxanasından daha çox xəstənin müalicə aldığı məlum olur. Bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılsa məlum olar ki, kənd xəstəxana və məntəqələrində dərmanlardan əldə olunan qazanc RMX-dan daha çoxdur. Əslində isə onların heç birində xəstələr yatmır. Sadəcə, saxtalaşdırılmış sənədlərdə hər gün guya 15-20 xəstə yatdığı göstərilir. Bu günlərdə bizimdovr.az-a təqdim olunmuş bir videogörüntüdən isə, Yardımlı RMX-nın rəhbərliyi tərəfindən Azərbaycanın dövlət rəmzlərinə qarşı son dərəcə etinasız bir münasibət sərgiləndiyi qənaətinə gəlmək olur.

Belə ki, həmin görüntüdə RMX binasının pəncərələrindən birinin altına (çöl tərəfdən) vurulmuş bayraq müşahidə olunur. Bayrağın parçası uzun müddət təbii təsirlərə məruz qaldığından tamamilə yarasız vəziyyətə gəlsə də, onun dəyişdirilməsi barədə heç kim düşünmür. Belə qənaətə gəlmək olar ki, bayrağımızın hansı vəziyyətdə olduğunu ümumiyyətlə görən yoxdur. Eyni zamanda da, bayraq sanki təslimçilik rəmzi olaraq dirəyin ən aşağı, divara bərkidilmiş hissəsinə sürüşüb düşmüşdür. Əlbəttə, əgər Rasim Əkbərov bununla Yardımlı səhiyyəsinin məğlub durumuna işarə edirsə, bununla tam razılaşmaq olar. Amma bu məqsədlə dövlət bayrağımızdan istifadə olunması qətiyyən yolverilməzdir.