BolgeXeber.Com » Ölkə » Bu vurhavurda hələlik hədəf olmaqdan yayına bilib... - Amma hələlik...

Bu vurhavurda hələlik hədəf olmaqdan yayına bilib... - Amma hələlik...

12-12-2015, 15:05
Oxunub: 2 849 Bu vurhavurda hələlik hədəf olmaqdan yayına bilib... - Amma hələlik...Dünyada əhalinin 100 min nəfərinə düşən məmur sayı ilə bağlı kvotalar var

2013-cü il Prezident seçkilərindən sonra hakim komadada ciddi islahatlara start verildi. Xüsusən də bəzi dövlət qurumlarının ləğv olunması, bəzilərinin isə səlahiyyətlərinin azaldılması istiqamətində atılan addımlar da xüsusi diqqəti çəkir. Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilərək səlahiyyətlərinin 3 qurum arasında bölüşdürülməsini, "Bakıelektrikşəbəkə"nin əvəzində "Azərişıq" ASC-nin yaradılması kimi struktur dəyişikliklərin həyata keçirilməsi də təqdir oluna bilər.

Amma ölkə başçısının islahat paketinin bununla bitmədiyi ortadıdır. Belə ki, qarşıdakı dövrdə də bir sıra dövlət qurumları ilə bağlı da analoji qərarların veriləcəyi gözlənilir. Son günlər mətbuatda bəzi nazirlik və komitələrin ləğv olunacağı ilə bağlı xəbərlər yayılır. İddia edilir ki, bəzi dövlət qurumları ləğv olunacaq və yaxud birləşdiriləcək. Bu cür təbliğatın aparılması da cəmiyyətdə nəbz yoxlamaq məqsədi daşıyır.
"Unikal"a daxil olan məlumata görə, hazırda ilk sırada olan dövlət qurumlarından biri Diasporla İş üzrə Dövlət Komitəsidir. Əslində, Nazim İbrahimovun rəhbəri olduğu bu qurumun ləğv olunması ilə bağlı məsələ xeyli müddətdir ki, gündəmdədir. Sadəcə olaraq, daha ciddi məsələlər gündəmə gəldiyi üçün bu qurumla bağlı qərar ertələnmişdi. Bu barədə bizi bilgiləndirən mənbənin sözlərinə görə, yaxın bir ay ərzində Diasporla İş üzrə Dövlət Komitəsi ləğv ediləcək. Qeyd edək ki, Nazim İbrahimovun rəhbərlik etdiyi qurum Xarici İşlər Nazirliyinin tabeliyinə keçəcək və Diasporla İş üzrə Departament kimi fəaliyyət göstərəcək: "Bilirsiniz ki, Nazim İbrahimov bir vaxtlar hakimiyyətin yuxarı dairələrində müsbət qəbul olunan məmurlardan sayılırdı. O da bu imkandan istifadə edərək, yaxın ətrafını komitəyə toplayaraq, komanda formalaşdırmışdı. Amma bu islahatdan sonra onun ən yaxın adamları işdən uzaqlaşdırılacaq. Təbii ki, Nazim İbrahimovla bağlı belə bir qərarın verilməsinin də səbəbləri var. İlk baxışdan, ciddi qurum kimi görünməsə də, Diasporla İş üzrə Dövlət Komitəsi hakimiyyət üçün əhəmiyyətli strukturdur. Elə buna görə həmin qurumun formalaşdırılması və güclənməsi üçün lazım olun bütün addımlar atılmışdı. Hətta gərəyindən artıq maliyyə vəsaiti də ayrılmışdı. Amma Nazim İbrahimov ona göstərilən etimadı doğrultmadı. O, büdcə vəsitlərini Azərbaycanın diasporasının inkişafına xərcləməkdənsə, yaxın ətrafının varlanmasına yönəltdi. Xarici dövlətlərdə azərbaycanlıların problemlərini həll etmək, lobbiçilik siyasəti qurmaqdansa, şəxsi biznesini qurmağa çalışdı. Yəni, Nazim İbrahimov Azərbaycan diasporasını bərbad, öz şəxsi biznesini abad etdi. Sözsüz ki, onun bu əməlləri cəzasız qalmayacaq. Sadəcə olaraq, daha öncəlikli məsələlər ortaya çıxdığından ertələnirdi. Amma artıq son qərar verilib".

Məlumat üçün bildirək ki, 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. 2008-ci ildə isə bu komitənin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi təşkil edilib. Aradan keçən 13 ildə quruma ancaq bir nəfər - onun indiki sədri Nazim İbrahimov rəhbərlik edib. "Hazırda komitənin fəaliyyəindən ciddi narazılıq var. Hesab edilir ki, o qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində kifayət qədər funksionallıq nümayiş etdirə bilmir. Bundan başqa, Nazim İbrahimovla Azərbaycanın müxtəlif ölkələrindəki bir sıra nüfuzlu diaspor liderləri arasında kəskin münasibətlər mövcuddur. Onlar elə bu səbəbdən İbrahimovun rəhbərlik etdiyi komitə ilə əməkdaşlıqda maraqlı və həvəsli deyillər. Bu da Diasporla İş üzrə Dövlət Komitəsi ilə bağlı müəyyən islahatların aparılmasını zəruri edir" deyə mənbəmiz bildirib.
Xatırladaq ki, son günlər bu il keçirilən parlament seçkilərindən sonra oxşar funksiyaları həyata keçirən bir sıra nazirlik və komitələrin ləğv ediləcəyi və ya birləşdiriləcəyi ilə bağlı məlumatlar yayılır. Belə görünür, artıq Diasporla İş üzrə Dövlət Komitəsi də həmin aqibəti yaşayacaq qurumlardan birinə çevrilir.

Maraqlı məqamlardan biri də odur ki, struktur islahatları ilə bağlı məsələ mətbuatın gündəminə elə-belə düşməyib. Hakim siyasi kursunun önəmli simalarından sayılan millət vəkili Zahid Oruc bir müddət öncə bu məsələlərlə bağlı davamlı çıxışlar edirdi. Sözsüz ki, bu çıxışlar millət vəkilinin şəxsi təşəbbüsündən irəli gəlmirdi. Z.Oruc hesab edir ki, hər hansı nazirliyi birləşdirmək, onların qarşıdakı dönəmdə büdcə gəlirlərinin azalmasına rəğmən süni ixtisarlar aparılması demək deyil. Millət vəkilinin sözlərinə görə, sözügedən məsələnin əslində vətəndaş üçün daha optimal məmur sayına dayanan bir hökumətlə işləməsi fikrini kənara qoyub, bunu ayrı-ayrı məmurları qorxutmaq, onu təhlükə amilinə çevirmək kimi əks cinahdan istifadə cəhdləri hiss olunur: "Bu, çox yalnış idi. Əslində bizim irəliyə sürdüyümüz ideyalar ölkə başçısının buna qədərki dövrdə açıqlamalarına söykənirdi. Cənab prezident sonuncu müşavirəsində belə islahatlar amilini qabartdı. Dövlət strukturlarının daha peşəkar çalışması, onların funksional təyinatının dəqiq sərhədlərlə ölçülməsi məsələlərindən bəhs etdi. Həm də bundan öncə bir iki struktur arasında belə paralelliyin aradan qaldırılmasının vətəndaş üzərində qurulmuş o bürokratik sistemin məhvi kimi də dəyərləndirmək olardı. Bu kompleks məsələlərə rəğmən biz söylədik ki, gələcək dövrdə heç şübhəsiz ki, Azərbaycanda hökumətin fəaliyyətinin daha da konkretləşdirilməsi yönündə addımlar atılacaq. Dünyada əhalinin 100 min nəfərinə düşən məmur sayı ilə bağlı kvotalar var. Bu həmin ölkələrin siyasi hakimiyyət formasından, idarəetmə quruluşundan asılı olmayaraq belədir".
Görünən odur ki, hakimiyyətin yuxarı dairələrində Nazim İbrahimovla bağlı qərar verilib. Sadəcə olaraq, bu cür önəmli qərarların gerçəkləşməsi üçün münasib zaman gözlənilir. Yəqin ki, ilin sonuna kimi qərar qətiləşəcək və yeni ildən Diasporla İş üzrə Dövlət Komitəsi adlı qurum tarixin arxivinə göndəriləcək. Bu vəsilə ilə Nazim İbrahimov da işsiz qalacaq.