BolgeXeber.Com » Ölkə » Qurbanovun islahatları nəyə hesablanıb? - İDDİA

Qurbanovun islahatları nəyə hesablanıb? - İDDİA

12-03-2016, 14:16
Oxunub: 2 897 Qurbanovun islahatları nəyə hesablanıb? - İDDİAMəlumatda qeyd edilir ki, böyük sərvət sahibi olan Zaman Novruzov "Azərsu"dakı vəzifəsindən xaric edilsə də, çox da işsiz qalmayıb

Nəqliyyat naziri Ziya Məmmədovla mübarizədən qalib ayrılan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov hazırda rəhbərlik etdiyi qurumda maraqlı kadr islahatları aparır. "Reytinq"ə daxil olan məlumata görə, Cavid Qurbanov yeni təyinatları ilə hakimiyyətdaxili güclər arasında müəyyən balans yaratmaq istəyir.

Məlumatda bildirilir ki, bu, 1996-cı ildə mərhum Heydər Əliyev tərəfindən vəzifəsindən qovularaq həbs təhlükəsi ilə üzləşən C.Qurbanovun keçmişdən aldığı "dərs"dir:

"O, məhz bu "dərs"ə görə saraydaxili oyunların mahir ifaçılarından sayılan Ziya Məmmədovu "qapı arxası"nda qoymağı bacardı. İndi rəhbərlik etdiyi qurumda isə daha çox hədəfə gəlməməsi üçün hakimiyyətdə özünə təhlükə saydığı qruplaşmaların maraqlarını nəzərə alaraq, öz planını həyata keçirməyə çalışır".

Məlumat verən mənbə iddia edir ki, C.Qurbanovun yeni müavinlərindən biri də spiker Oqtay Əsədovun qohumudur:

"Cavid Qurbanov Oqtay Əsədovun yaxın qohumu, sirdaşı, vaxtı ilə "Azərsu" ASC-də Satış Departamentinin rəhbəri olan Zaman Novruzovun "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini təyin olunmasında canfəşanlıq elədi. Bu, həmin Zaman Novruzovdur ki, "Azərsu"yun talan edilməsində əvəzsiz rol oynayıb. Oqtay Əsədov hətta spiker seçiləndən sonra "Azərsu"ya rəhbər təyin edilən Nizaməddin Rzayevin dövründə Zaman Novruzov qurumun qeyri-rəsmi sahibi rolunda çıxış edirdi. Bir sözlə, Nizaməddin Rzayev Zaman Novruzovun razılığı ollmadan ciddi məsələlərlə bağlı qərar verə bilmirdi. Ancaq "Azərsu"-da Qorxmaz Hüseynovun erası başlayarkən, oradan ilk qovulanlardan biri Zaman Novruzov oldu".

Məlumatda qeyd edilir ki, böyük sərvət sahibi olan Zaman Novruzov "Azərsu"dakı vəzifəsindən xaric edilsə də, çox da işsiz qalmayıb. O, həmyerlisi, deputat Ağalar Vəliyevin rəhbəri olduğu "Azəraqrartikinti" ASC-də önəmli vəzifə tuta bilib: "Lakin o, bu vəzifəsində də özünü biznesmen kimi apardı. Bakıda bir sıra məkanlarda yüksəkmərtəbəli yaşayış binalarına qədər tikib, satdı. İndisə belə bir adamı Cavid Qurbanov özünə müavin təyin etdirib. Soruşan lazımdır, dəmir yolundan zərrə qədər anlayışı olmayan bir şəxsə Cavid Qurbanovun hansı ehtiyacı var idi? Çox güman ki, Cavid Qurbanov bu təyinata nail olmaqla həm də spiker Oqtay Əsədova jest etməyə çalışıb".

Məlumata görə, C.Qurbanov hazırda dəmir yolunu Z.Məmmədovun adamlarından tam təmizləməyi bacarmayıb və prosesi tədricən yekunlaşdırmaq istəyir: "Cavid Qurbanov onu da yaxşı bilir ki, bu kadrların "vurulması", ona qarşı yeni cəbhələrin açılmasına səbəb olacaq. Ən azından sərəncamında dolayı yollarla media quruluşları saxlayan Ziya Məmmədov onu hədəfə gətirə bilər. Ona görə də hakim dairələrdəki bütün qruplaşmalarla yaxşı münasibətlər qurmağa çalışır. Bu səbəbdən də onlardan bəzilərinin qohum-əqrəbalarına rəhbəri olduğu QSC-də yüksək vəzifələr verməyə çalışır. Bu zaman isə, qeyd etdiyimiz kimi, həmin kadrların dəmir yolu sahəsindən anlayışının olub-olmamasına əhəmiyyət verilmir".

Çox güman ki, yeni vəzifəsində hələlik ulduzu parlayan C.Qurbanovun bu "parıltısı" uzaq məsafəyə işıq salmayacaq. Çünki bu vəya digər səbəblərdən qarşıda dəmir yolunun "Azərsu"yun əvvəlki dağınıq, total korrupsiya və rüşvət yuvasına çevrilmək ehtimalı var...