BolgeXeber.Com » Ölkə » Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildi-FOTO

Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildi-FOTO

15-03-2016, 11:31
Oxunub: 4 632 Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildi-FOTOXalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur

Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə Hordiz şəhərində ümumrayon şənliyi keçirilmişdir.
Bayram şənliyində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis Sədrinin müavini, füzuli rayonundan millət vəkili Bahar Muradova və rayonun idarə, müəssisə, təşkilatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələr iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Bahar Muradova əvvəlcə Novruza aid adət-ənənələri özündə əks etdirən sərgiyə baxmışlar. Milli adət-ənənələrimizə uyğun olaraq meydanda yun daranmış, nehrə çalxalanmış, sacda yuxa bişirilmişdir.
Tədbir Dədə Qorqud və Bahar qızın meydana gəlişi ilə başlamış, Novruz tonqalı alovlandırılmışdır.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etmiş, bol ruzi-bərəkət və əmin-amanlıq arzulamışdır.
Alı Alıyev milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü dövlət siyasətindən danışmış, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki xidmətlərindən bəhs etmişdir.
Alı Alıyev demişdir: “Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq altı ildir ki, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir.”
Milli Məclis Sədrinin müavini Bahar Muradova da çıxış etmiş, tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etmişdir. Bildirmişdir ki, Novruz bayramı arzuların, niyyətlərin həyata keçməsi bayramıdır. İnanıram ki, yaxın günlərdə Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaqdır.
Sonra Novruzun qəhrəmanları olan Kosa və keçəl, rayon Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri tonqal ətrafında yallı getmişlər. Bayram adətinə görə uşaqlar yumurta döyüşdürmüşlər. Kosa və keçəlin zarafatları, rayon idmançılarının nümunəvi çıxışları, mədəniyyət işçilərinin konsert proqramı tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırmışdır.
Bolgexeber.com
Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildi-FOTO
Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildi-FOTO
Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildi-FOTO