BolgeXeber.Com » Ölkə » "TuranBank"a qarşı fırıldaq ittihamı - ŞİKAYƏT VAR

"TuranBank"a qarşı fırıldaq ittihamı - ŞİKAYƏT VAR

22-06-2016, 16:30
Oxunub: 2 868 "TuranBank"a qarşı fırıldaq ittihamı - ŞİKAYƏT VARDoğru deyiblər ki, mal yiyəsinə oxşamasa, haramdır

Bəzən isə, bu oxşarlıq o qədər çox cəhətlərdə, həm də elə aşkar formalarda özünü büruzə verir ki, hətta “malın yiyəsini” qətiyyən tanımayan adam da, məhz bu oxşar cəhətlərə görə, bu və ya digər obyektinmi, müəssisə və ya təşkilatınmı, və ya hətta bankınmı arxasında məhz kimin durmasına dair kifayət qədər əsaslandırılmış ehtimal irəli sürə bilər. Məsələn, götürək elə “Turanbank” ASC-ni. Düzdür, bu maliyyə qurumunun əsil sahibinin Məmməd Musayev olduğu, ölkəmizdə demək olar ki, hər kəsə məlumdur. Həm də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti, “Aqrarkredit” SKT-nin, “Başak-İnam” sığorta şirkətinin və sairə, və ilaxır maliyyə qurumlarının, BOKT-lərin rəhbəri olan bu şəxsin iş üsulları da ölkə ictimaiyyətinə yaxşı məlumdur. Amma ola bilsin ki, bu üsulların məhz “Turanbank” ASC-də hansı interpretasiyalarda tətbiq olunması barədə, cəmiyyətimizin geniş təbəqələri məlumatlı olmaya da bilər. Halbuki, burada çox maraqlı və diqqətəlayiq məqamlar var. Gəlin belə məqamlardan birini Bakı şəhər sakini, vətəndaş Məlikrzayev Ramin Ənvər oğlunun dünən redaksiyamıza təqdim etdiyi şikayət ərizəsi əsasında araşdıraq.

Beləliklə, Ramin Məlikrzayev öz ərizəsində yazır ki, təxminən üç ay bundan öncə bir vətəndaşdan “Turanbank” ASC-nin Binəqədi filialında kreditləşmə yolu ilə avtomobil almışdır. Maraqlıdır ki, rəsmi və ya qeyri-rəsmi olduğunu deyə bilməsək də, banklarda işlənmiş avtomobillərin kreditləşməsinə icazə verilmədiyini hamı bilir. Ramin Məlikrzayevin aldığı avtomobil isə, nəinki yeni olmayıb, hətta avtomobil qəzalı vəziyyətdə, yəni “vurulmuş” olub. Özünü Raminə filialın müdiri kimi təqdim edən Emin Qəzənfərov adlı əməkdaş isə, ilkin ödənişi həyata keçirdikdən sonra, hələ bir müştəriyə “jest” edirmiş kimi, avtomobil təmirdə olan müddətdə aylıq ödənişləri təxirə salmağı da təklif edib. Ramin Məlikrzayev də bu alicənablıqdan təsirlənərək, bankdan nə müqavilə, nə də ödəniş cədvəli tələb etməyib. Daha doğrusu ödəniş cədvəli təqdim olunub, 30 aylıq və hər ay 437 (dörd yüz otuz yeddi) ABŞ dolları olmaqla. Amma bu sənəd heç bir möhür və ya ştampla təsdiqlənməyib. Avtomobilin İlham adlı sahibi Raminin adına etibarnamə verib və Ramin Məlikrzayev də avtomobili götürərək, birbaşa təmirxanaya aparıb. Nəhayət, bu günlərdə avtomobil təmirdən çıxıb və iyunun 15-də cədvəl üzrə ilk ödənişi etmək üçün Ramin Məlikrzayev yenidən banka gəlib. Lakin, burada “alicənab” Emin Qəzənfərov müştəriyə bəyan edib ki, artıq onun aldığı ödəniş cədvəli banka sərf eləmir (?) və ödəniş üçün yeni cədvəl tərtib olunacaq. Eyni zamanda da, Emin Qəzənfərov müştəriyə verilən etibarnaməni də notariusda ləğv etdirib və müştəriyə təmir etdirdiyi avtomobili DYP vasitəsilə saxlatdıraraq, yenidən banka gətizdirib. İndi çox maraqlı bir vəziyyət yaranıb. “Turanbank” ASC-nin Binəqədi filialının əməkdaşı açıq-aşkar aldatmaq yolu ilə, bankın balansında olan avtomobili müştəriyə təmir etdirib, üstəlik müştərini ona sərf etməyəcək kredit şərtlərini imzalamağa məcbur etmək üçün, ondan ilkin ödəniş də alıb və üstəlik avtomobili də müştəridən geri alıb.

İnanın ki, qəzetdə işlədiyim və bu kimi hadisələri araşdırdığım müddətdə bank işçisinin bu boyda fırıldağı belə məharətlə və ən əsası da belə həyasızlıqla həyata keçirməsinin çox az hallarda şahidi olmuşam...

Məhz elə buna görə də deyirəm ki, mal yiyəsinə oxşamasa, haramdır. Emin Qəzənfərovun bu hərəkətlərində isə, Məmməd Musayevin dəsti-xətti aydın hiss olunur. Nə deyək, Məmməd müəllim, öz yetirmələrinizlə fəxr edə bilərsiniz. Hər halda, bu fəxarətdən “Turanbank” ASC-nin Binəqədi filialının müdiri Yeganə xanım Eyyubovanın da payına azacıq da olsa düşər.

Qarşı tərəfin də mövqeyini əks etdirə bilərik.