BolgeXeber.Com » Ölkə » Tikinti şirkəti məktəb rəhbərliyini necə aldatdı...

Tikinti şirkəti məktəb rəhbərliyini necə aldatdı...

30-07-2016, 16:16
Oxunub: 4 940 Tikinti şirkəti məktəb rəhbərliyini necə aldatdı...“Dedilər sizə stadion tikirik, sonra isə...”

Tikinti şirkəti məktəb rəhbərliyini aldadaraq ərazisini zəbt edib. Yaşayış binaları tikən şirkət məktəb rəhbərliyini əmin edib ki, məktəbin hasarlarına bitişik ərazidə yeni bina inşa ediləndən sonra məktəbin həyətində şagirdlərin istifadəsi üçün stadion tikiləcək. Lakin tikinti başa çatandan sonra stadion tikilməyib. Verdiyi sözü tutmayan şirkət bu az deyilmiş kimi məktəbin hasarını uçuraraq ərazisinin bir hissəsini də zəbt edib. Bu problem Xətai rayonunda yerləşən 269 nömrəli tam orta məktəbdə 14 ildir həll edilməmiş qalır. Şirkətin bu özbaşınalığına isə heç bir dövlət qurumu “dur” deməyib. Artıq 14-15 ildir ki, zəbt edilən ərazidə məktəbin hərbi-hazırlıq fənlərinin keçirildiyi ərazi və tir zəbt edilib. Hansı ki, o tirdə təkcə 269 nömrəli məktəbin yox, Xətai rayonunda yerləşən bir çox məktəblərin hərbi təlimləri keçirilirdi. Qeyd edilən problemlə bağlı musavat.com-a danışan məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) Fəridə Nağıyeva deyir ki, qarşılaşdıqları problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət ediblər. Lakin heç bir nəticə əldə olunmayıb. 1996-cı ildən məktəbin təsərrüfat müdiri olaraq çalışan Fəridə Nağıyevanın sözlərinə görə, tikinti şirkəti işə 2001-ci ildə başlayıb. Bu zaman tikintidə istifadə etmək üçün məktəbin ərazisinə - uşaqların futbol oynadığı meydançanın yaxınlığına kran quraşdırılıb. Məktəb rəhbərliyi də bunun təhlükəli olduğunu nəzərə alaraq şirkətə öz narazılığını bildirib. Sonra şirkətdən məktəb rəhbərliyinə müraciət edilərək deyilib ki, tikintinin ətrafında təhlükəsizliyin təmin edilməsi üçün hasar tikmək istəyirlər. F.Nağıyeva deyir ki, uşaqların təhlükəsizliyi üçün məktəb rəhbərliyi müvəqqəti olan bu təklifə “hə” deyib: “Uşaqların təhlükəsizliyi nəzərə alınaraq məktəb ərazisinə, uşaqların oynadığı, hərəkət etdiyi hissəyə hasar çəkilməsinə razılıq verildi. Hasarın salınmasında məqsəd tikinti zamanı əraziyə hər hansı bir materialın düşməməsi idi. Tikinti başa çatanda şirkət həmin ərazini səliqəyə salmalı, əvvəlki vəziyyətindən də yaxşı şəkildə təhvil verməli idi. O zamankı icra hakimiyyəti də buna razılıq verilməsini istəmişdi. Ancaq tikinti bitdi, hasarı sökmədilər. Bu da az deyilmiş kimi məktəbin ərazisini özününküləşdirdilər. Hasar salınanda dedilər ki, burada kiçik bir ərazidə fəhlələr üçün paltardəyişmə otağı tikirlər və sonra sökəcəklər. Həm də söz vermişdilər ki, guya burada məktəb üçün süni ot örtüklü stadion tikəcəklər. Onu da etmədilər. O tikililər də qaldı”. Hazırda məktəbin zəbt edilən ərazisinin bir hissəsində tikinti şirkətinin istifadəsində olan qarajlar və istixana tikilib. Bir hissəsində isə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. F.Nağıyeva deyir ki, şirkət zəbt etdiyi ərazini hasarlayandan və yarasız hala salandan sonra hərbi-hazırlıq fənlərinin keçirildiyi tir və onun ərazisindən istifadə etmək mümkünsüz olub: “Qaçqınlar bu ərazidə 1992-ci ildən məskunlaşıblar. Ancaq onların burada yaşaması bizə heç bir problem yaşatmırdı. Lakin şirkət buranı hasarladı, gediş-gəlişi bağladı. Artıq həmin tirdən istifadə etmək mümkünsüzdür. Qarşısını da hasara alıblar. Dərslər indi həyətdə keçirilir”. Məktəbin şirkət tərəfindən sökülmüş hasarları əsaslı təmir zamanı dövlət hesabına tikilib. Haqqında danışdığımız təhsil ocağının digər bir problemi isə təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Təsərrüfat müdiri deyir ki, məktəb ərazisindən piyadaların istifadəsi üçün yol keçdiyindən qapıları bağlamaq mümkün olmur. Bu da məktəb ərazisində xüsusilə də axşam saatlarında təhlükəsizliyi təmin etməyə, məktəbi qorumağa çətinlik yaradır: “Ətrafda xeyli sayda yaşayış binaları var. Əksəriyyəti də son 7-8 ildə tikilib. İnsanları da qınamaq olmur. Bu ərazilərdə camaatın istirahət etməsi üçün park yoxdur. Axşamlar hər kəs bura gəlir. Velosiped sürən, qaçan, futbol oynayan bütün uşaqlar bura yığışır. Axşamlar sanki bura park olur. Camaat əlindən tərpənmək olmur. Əvvəl piyada yolu məktəbin ərazisindən keçmirdi. Məktəbin ətrafında olan boş ərazi satıldı. Hasarlanandan sonra yolu bağladılar. Camaat da məcburi şəkildə buradan istifadə etməyə başladı. Məktəbdə təmir işləri gedəndə qapıları bağlamaq istədik. İnsanlar dəmir barmaqlıqları yerindən çıxardılar. Bizə deyirdilər ki, yolu niyə bağlayırsınız? Ancaq bu bizim günahımız deyil. Lakin insanları da qınaya bilmirsən. Çünki məhəllələrə gedən yeganə yol bura qalıb. Hər tərəfdən hasarlar salıb, binalar tikiblər. Piyadalara belə yol saxlamırlar. Axşamlar bura gələn insanlardan bəziləri məktəbin şüşələrini daşla sındırırlar. Nəzarətçi belə onların qarşısını almaqda çətinlik çəkir”. F.Nağıyeva deyir ki, məktəbdə 1500-ə yaxın şagird təhsil alır. Məktəb ərazisində yeni korpusun tikintisi də nəzərdə tutulub.
Tikinti şirkəti məktəb rəhbərliyini necə aldatdı...
Tikinti şirkəti məktəb rəhbərliyini necə aldatdı...
Tikinti şirkəti məktəb rəhbərliyini necə aldatdı...
Tikinti şirkəti məktəb rəhbərliyini necə aldatdı...