BolgeXeber.Com » Ölkə » İcra başçısının oğlu kimi güllələyib?

İcra başçısının oğlu kimi güllələyib?

17-08-2016, 09:39
Oxunub: 2 631 İcra başçısının oğlu kimi güllələyib?Elmir Vəliyevin bu yaxınlarda Bakıda bir nəfəri güllələdiyi, mübahisə zəminində olay çıxardığı bildirilir

Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu haqda sensasion sayıla biləcək məlumat yayılıb. Azərbaycansaatı.tv-nin məlumatına görə, başçının oğlu Elmir Vəliyev Bakı şəhərində qarşılıqlı mübahisə zəminində bir nəfəri güllələyib. Lakin olay zamanı ölən olmayıb. Azərbaycansaatı.tv iddia edir ki, hadisənin üstü dərhal ən yüksək səviyyədə qapadılıb və təbii ki, şikayətin də olmaması, qeydə alınmaması üçün bütün vasitələr işə salınıb. Hadisə təqribən 10 gün əvvəl olub.

Elmir Vəliyev haqda yayılan bu xəbərin nə dərəcədə doğru olub-olmadığını demək bir az çətindir. Çünki nə hadisənin baş verdiyi məkan göstərilib, nə xəsarət alan şəxsin ad-soyadı yazılıb, nə də hüquq-mühafizə orqanlarının açıqlaması var. Bir sözlə, iddia var, fakt isə yoxdur.

Elmar Vəliyevin oğlu haqda mətbuatda zaman-zaman belə xəbərlər dövriyyəyə buraxılır. Onun adı vaxtaşırı hansısa qalmaqalda hallandırılır. Elmir Vəliyevin Bakıda dəbdəbəli həyat sürdüyü bəllidir. O, Milli Məclisdə işləyir. Bu yaxınlarda oğul Vəliyevin hansısa xarici ölkəyə diplomatik işə göndəriləcəyi ilə bağlı xəbərlər də yayılmışdı. Onun Cənubi Amerika ölkələrindən birinə diplomatik işə göndəriləcəyi bildilirdi. Həmin ərəfədə onun adı qalmaqallı xəbərlərdə hallanırdı.

Mətbuatda Elmir Vəliyevin barəsində “Gəncə ”şahzadə"sinin qalmaqallı fəaliyyəti..." sərlövhəsi altında yazı təqdim edilmişdi. Həmin yazıda ölkə başçısı İlham Əliyevin məmurlara övladlarının xoşagəlməz hərəkətlərinə görə sərt xəbərdarlıq etdiyi vurğulanır və Vəliyevlərin həyat tərzləri haqda bilgi verilirdi. Gəncənin icra başçısı Elmar Vəliyevin və oğlu Elmir Vəliyevin Bakının Bilgəh qəsəbəsində sabiq polis polkovniki Tofiq Əsədovun bağ sahəsini zəbt etməsi, daha sonra Bakı sakini Səliqə Lətifovanın da eyni şikayətlə dövlət qurumlarına müraciətləri diqqətə çatdırılırdı.

Digər bir yazıda isə Elmar Vəliyevin oğlunu “Gəncə Avropa Gənclər Paytaxtı - 2016" İctimai Birliyinin sədri postuna gətirməklə ”varis planı" üzərində ciddi şəkildə işlədiyi iddia edilirdi. Elmar Vəliyevin oğlunu yüksək vəzifəyə təyin etdirmək üçün xəsislik etmədiyi, səxavət kisəsinin ağzını gen açdığı bildirilirdi.

Mətbuatda Elmir Vəliyevin PR-ı üçün atılan addımlar da yazılanları dolayısı ilə təsdiqləyirdi. 2015-ci ilin əvvəllərinə qədər Elmir Vəliyevin PR-ı aktiv şəkildə aparılsa da, artıq proses səngimiş kimi görünür. Belə bir şəraitdə icra başçısının oğlu haqda neqativ məlumatın hansı maraqlardan meydana çıxması bilinmir. Elmir Vəliyev haqda yayılmış son məlumata münasibət öyrənmək üçün Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, yayılmış məlumatları şərh etmirlər.
musavat.com