BolgeXeber.Com » Ölkə » “Şəki-İpək” ASC-nin işçiləri prezidentdən İMDAD DİLƏYİR - AÇIQ MƏKTUB

“Şəki-İpək” ASC-nin işçiləri prezidentdən İMDAD DİLƏYİR - AÇIQ MƏKTUB

13-09-2016, 17:26
Oxunub: 4 201  “Şəki-İpək” ASC-nin işçiləri prezidentdən İMDAD DİLƏYİR - AÇIQ MƏKTUB"Əgər müəssisədə xammal çatışmazlığı var idisə, nə üçün bu rəhbərlik fəaliyyətə başlayandan bu haqda düşünməyib?"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Surəti: Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Sədri cənab Eldar Nuriyevə,
Surəti: Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Rəhbəri cənab Ramiz Mehdiyevə,
Surəti: Heydər Əliyev Fondunun Prezidenti, xanım Mehriban Əliyevaya,
Surəti: Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədova,
Surəti: Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Abid Şərifova,
Surəti: Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Şahin Mustafayevə,
Surəti: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədova,
Surəti: Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi Naziri cənab Səlim Müslümova
Surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Elmira Süleymanovaya
“Şəki-İpək” ASC-nin (keçmiş Şəki İpək Kombinatı) bir qrup işçisi tərəfindən


AÇIQ MƏKTUB


Hörmətli cənab Prezident!

Şəki İpək Kombinatı ötən əsrin əvvəllərindən fəaliyyət göstərən iri ipəkçilik müəssisəsidir. Sovet İttifaqı dövründə müəssisə təqribən 7000 işçi ilə fəaliyyət göstərmişdir. Bu müəssisə Şəkinin iqtisadiyyatının ana sütunu olmuşdur. Burada əsas məqsəd iş yerlərinin olması, əhalinin məşğulluğu idi. Demək olar ki, Şəkidə yaşayan ailələrin təqribən 90 faizi bu müəssisədən qidalanmışdır. Bəs indi bu müəssisədə vəziyyət necədir? Çox təəssüflər olsun ki, Şəki ipək kombinatı hal-hazırda ağlagəlməz acınacaqlı bir vəziyyətdədir. Müəssisə hardasa 600-a yaxın işçi ilə fəaliyyət göstərirdi. 2015-ci ilin iyun ayından bunada son qoyulub. Əvvəl işçiləri ödənişli əmək məzuniyyətinə, ardınca isə məcburi şəkildə ödənişsiz məzuniyyətə buraxıblar. Əmək məzuniyyəti olmayanları isə birbaşa ödənişsiz məzuniyyətə məcburi şəkildə buraxıblar. Səbəbinidə qoyublar, xammal çatışmazlığı. Xammal almağa pul yoxdur. Sonda isə işçilər qanunsuz olaraq kütləvi şəkildə müxtəlif bəhanələrlə işdən azad olunurlar. Işçilər rəhbərlik tərəfindən aldadılaraq, “guya bura işləməyəcək, özünüzə iş tapın, yaxşısı isə budur ki, ərizə verin sizi ərizənizə əsasən işdən çıxaraq ki, məşğulluq idarəsi sizə iş tapsın. Bizədə yuxarıdan belə deyiblər, bura işləməyəcək”. İşçilərdən ərizə almaqla onların hüquqlarını tapdalayır və onları əzdilər. Bir sözlə müəssisədə haqsızlıq, ədalətsizlik hökm sürür, ölkəmizin qanunları burada işləmir. Bütün aydiyyatı təşkilatlar, hüquq-mühafizə orqanları isə qanunsuzluqlara və haqsızlıqlara bir ildən artıqdır göz yumur.

Bəs nədir bu hadisələrə əsas səbəb? 2014-cü ilin oktyabr ayında müəssisədə rəhbər dəyişikliyi oldu, idarə heyəti yenidən formalaşdı. Arif İbrahimov “Şəki-ipək” ASC-nin idarə heyətinin sədri oldu. Elə həmn andan müəssisədə yerlibazlıq, tayfabazlıq, qohumbazlıq hökm sürməyə başladı. İdarə Heyətinin yeni sədri Arif İbrahimov öz ətrafına Gəncədən “QOÇU”lar gətirdi. “Qoçu”nun birini – Nizami Qəribovu idarə heyətinin üzvi seçib, texniki və kommersiya üzrə direktor təyin etdi. Digər “Qoçu”nu - Etibar Həsənovu isə Maliyyə direktoruna müavin təyin etdi. Maraqlıda olsa istər idarə heyətinin sədri, istərsə də texniki direktorun, heç birinin ixtisası ipəkçiliyə, toxuculuğa aid deyil. İxtisassız, savadsız kadrlara “Şəki-ipək” ASC-nin ehtiyacı var idimi? Bu kadrlar bu müəssisəni hansı ağ günə çıxaracaqdılar? Bu rəhbərlik, gəldiklləri gündən hansı prinsiplərlə işləməyə başladı? İşçilərlə münaibətdə çox qeyri-etik davranış, işçilərin üstünə yeri gəldi-gəlmədi çığırmaq, onları təhqir etmək, hədə-qorxu gəlmək, söyüş söymək və cürbəcür qeyri normal işlər. Əsasən də Nizami Qəribov. Amma Şəki ipək kombinatı işçilərinin bu amasızlıqlara dözməsinin bir səbəbi olmuşdur ki, bu da ailəsinin, övladının ac qalmaması üçün bir tikə çörək pulu aparmaq. Bəli, uzun müddət Şəki ipək kombinatının işçiləri bu rəhbərlik tərəfindən təhqir olunmuş vəziyyətdə işləyiblər.

Əgər müəssisədə xammal çatışmazlığı var idisə, nə üçün bu rəhbərlik fəaliyyətə başlayandan bu haqda düşünməyib? Çünki bu rəhbərliyi - bu İŞBAZ”ları “Şəki-ipək” ASC-nin işləməsi maraqlandırmır. Bu “QOÇU” lar Şəkiyə ipək kombinatını dirçəldib işlətməyə gəlməyib, müəyyən maxinasiyaları həyata keçirib varlanmağa və müəssisəni çıxılmaz iflic bir vəziyyətə salmaq, yəni Şəkidə İpəkçiliyi birdəfəlik kökündən məhv etmək üçün gəliblər. İpək və ipəkçilik haqqında təsəvvürləri olmayan dağıdıcı insanlar hansı ipəkçiliyin inkişafından danışa bilərlər?

Bu “QOÇU” komandası 2015-ci ilin yanvar ayının 1-dən müəssisədə əmək haqqını “artırdılar”. Bunlar həqiqətənmi işçiləri düşünüb belə bir “humanist” addım atdılar? Əmək haqqı artımınında rəhbərlik yalnız özlərini və özlərinə yaxın şəxsləri fikirləşiblər. Özlərinin ayılıq əmək haqqını təqribən 800 faiz artırdığı halda fəhlə və digər işçilərin əmək haqqı 25-30 faiz artdı. Buda növbəti haqsızlıq, ədalətsizlik və savadsızlıq. Özləri üçün 2000 - 2500 manat əmək haqqı təyin etdilər ki, heç belə əmək haqqını nə nazir alır, nə də ki İcra başçısı. Hələ qeyri-rəsmi qazanclarını demirik. Hazır malların satışı zamanı alıcıdan alınann qeyri-rəsmi “ŞAPKA”ları (birbaşa Nizami Qəribov tərəfindən) demirik. Təbii ki, əmək haqqı artımı lazım idi, amma, belə, heç bir qanuni prinsiplərə əsaslanmayan adı bilinməyən mexanizmlə yox. Bu gün bu yüksək əmək haqqılı vəzifə sahiblərinin (aylıq əmək haqqı 800-1000 manatdan, o cümlədən 2000 manatdan yuxarı olanlar nəzərdə tutulur) demək olarki çoxu, ya məzuiniyyətə, ya da ödənişsiz məzuniyyətə getməyiblər. Əvəzində işləməklə yanaşı məzuniyyətlərini konpensasiya şəklində alıblar. Hətta elələridə var ki, illərlədir ki adları işdə və əmək haqqı cədvəllərində, özlərinin harda olduğu məlum deyil, aylıq əmək haqqını da yüksək səviyyədə alırlar (Əsgərov Azər Kamal oğlu – aylıq vəzifə maaşı 1650 azn). Heç bu şəxsi Şəki ipək kombinatında tanıyanda yoxur. Həmin şəxs xarici əlaqələr və marketinq üzrə menecer vəzifəsində işləyir (guya). Özü də Daşkənd əczaçılıq institutunu bitirib. Əczaçı ixtisası hara, marketinq və ipəkçilik hara?

Yəqin ki, bunlar üçün müəssisədə “xammal çatışmazlığı”nın, maddi sıxıntıların fərqi yoxdur. Əgər müəssisə işləmirsə, xammal çatışmazlığı varsa, bu ancaq fəhlə və adi içşilərə aiddirmi?!? Yüksək əmək haqqılar, digər qeyri-rəsmi qazanclar bir qrup İşbazlar üçün nəzərdə tutulur, xammal çatışmazlığı və müxtəlif bəhanələrlə işdən kənarlaşdırılma, evlərə qanunsuz məktublar göndərməklə aldadılaraq işdən çıxarılma halları isə fəhlə və adi işçilər üçün nəzərdə tutulur. Acınacaqlıda olsa deməliyik ki, bu müəssisədə insanlar növlərinə ayrılır. Çox təəssüf hissi ilə qeyd edilməlidir ki Şəki ipək kombinatında qul və quldurluq rejimi hökm sürür,insanlar istismar olunur. Yazıq fəhlə və digər işçilərin aldıqları əmək haqqı onların bir aylarına çətinliklə bəs edirdisə işləmədikləri dövrdə nə yedikləri, necə yaşayacaqları sual altındadır. Bu “QOÇU” komandası və onlara yaxın şəxsləri heç narahatda etmir. Çünki onlar çox yüksək əmək haqqı alaraq yağ-bal içində yaşayırlar. Bu müəssisədə güclülər zəiflərin qənimidir. Bu real vəziyyətlə dərindən maraqlanan və heç aydınlıq gətirəndə yoxdur. Bu komandanın təsəvvürü belədir ki, bu müəssisə özəl müəssisədir və ağıllarına gələni edə bilərlər. Əgər kimsə öz hüquqlarını tələb etsə, o şəxs birbaşa rəhbərlik tərəfindən(Nizami Qəribov, Etibar Həsənov və onların yaxın ətrafları) çox ağır təhqiredici sözlərə, söyüşlərə, hədələrə, təqiblərə məruz qalır. Hətta bildirirlərki, “get kimə istəyirsənsə şikayət et, bura bizimdir, bura lap işləsədə sən işləməyəcəksən, bizim sənə ehtiyacımız yoxdur, elə etmə ki səni yer üzündən silək. İstəyirsən lap Prezidentinə get şikayət et, o sənə iş tapsın, qorxmuruq. Burda bizik, Bağdadda kor Xəlifə”. Bunlar başa düşmürlər ki, Dövlətdə var, Dövlətin Başçısıda, qanunlarıda. Nəzərə almaq lazımdır ki, bu müəssisə strateji əhəmiyyətli bir müəssisədir. Hətta bu günlərdə Nizami Qəribov bir qrup şəxsin arasında bildirdi ki, “məni bura Maliytyə Naziri Samir Şərifov qoyub və deyib ki, sənə 5(beş) il heç kim heçnə deyə və işdən çıxara bilməz. Hansı anası-bacısı, var-yoxu .... neylədiyim ( yazılması mümkün deyil) məni işdən çıxara bilər?” Bundan əlavə hamıya hədə gələrək bildirir ki, Mədət Quliyev qohumumdur, Bəylər Əyyubovun qardaşı uşaqları dostumdur. Belə vəzifəli şəxslərin adından istifadə edərək hamıya hədə qorxu gəlir.

Ağır vəziyyətdə olan Şəki ipək kombinatının rəhbərliyi hündür maşınlarda (CİPlərdə) gəzir. Həmin CİPlər aylıq yüksək xərc tələb edir. Şəki İpək Kombinatı vaxtilə 7000 işçi ilə işləyən zaman bu qədər müəssisəyə məxsus minik avtomobili yox idi. Fəhlənin qazancı buna sərf olunur. Az qalıb ki, müəssisədə işçidən çox bahalı maşın olsun. “İşləməyən müəssisədə” bütün minik avtomobilləri sürücüləri ilə birlikdə fəaliyyət göstərir. Bu təşkilat sırf anarxiyadır. Burada rəhbər özbaşınalığı baş alıb gedir. Bir müəssisədə ki, rəhbəri (Nizami Qəribovu) sürücülər idarə etsin. Bunu başa düşmürlər ki, bu müəssisə fəhlə istehsalatıdır. Burada bütün pulu qazanan fəhlə əməyidir, CİPlər, NİVAlar deyil. Bu lazımsız maşınların illik xərci hesabına hansısa sayda işçi işə qəbul edib bu pulları insan resursuna xərcləmək olar. Çox təəsüf olsunki, bu müəssisənin rəhbərliyi daşa, kubikə, kərpicə, dəmirə və s. İnsandan (işçilərdən) daha çox qiymət verir. Çünki bu rəhbərliyin intellektual səviyyəsi bu qədərdir. Müəssisədə kadr məsələləri-insan resursları çox ağır vəziyyətdədir, qanunsuzluqlar baş alıb gedir. Çünki bu sahəyə da savadsız, təhsilsiz, iş bacarığı olmayan, qanunları bilməyən şəxs rəhbərlik edir.

2016-ci ilin oktyabr ayında İdarə heyətinin sədri Arif İbrahimov idarə heyətinin sədri vəzifəsindən gedərək yerinə Texniki və kommersiya üzrə diorektor Nizami Cahangir oğlu Qəribovu idarə heyətinə sədr təyin etdirdi. Dəyişən isə heç nə olmadı. Arif İbrahimov getməsinə baxmayaraq bu müəssisəni tam olaraq qeyri-rəsmi yolla onun özü idarə edir. Eyni dələduzluqla məşğul olan mafioz komanda, eyni maxinasiya, eyni haqsızlıqlar yüksələn dinamika ilə davam edir. Bu komanda Şəki ipək kombinatına və şəkililərə düşmən kəsilib. Özlərinin xoşbəxtlikklərini şəkililərin bədbəxtlikləri üzərində qururlar. Təcəvvür edin ki, işləməyən müəssisədə maliyyə direktoru varsa, maliyyə direktorunun müavininə ehtiyac varmı? Aydada vəzifə maaşı 2000 manat(rəsmi tərəfi) alsın. Bu da azmış kimi bu şəxs bu vəzifədən başqa bir çox məsul vəzifələri rəsmi qaydada icra edir. Özü də həmin kadr Gəncə şəhərindən gətirilib. Bu hal ondan xəbər verirki, sırf cinayət xarakterli əməllər baş alıb gedir. Həmin maaşa (2000 manat) Şəki şəhərindən olan yerli, daha yüksək savadlı kadrlara hərəsinə aylıq 200 manat əmək haqqı verməklə 10 nəfər işçi saxlamaq olardı və ondanda həm savad, həm də iş bacarığı baxımdan yüksək səviyyədə olan kadrlar baxımından. Bu da 10 ailə deməkdir. Bu nəyə bənzəyirki, lazım olmadığı halda Gəncəlilər gəlib 2000-2500 manat əmək haqqı alsınlar, yerli şəkililər isə kənardan baxaraq acından ölsünlər? Görünən budurki, “Gəncə mafiyası” adlanan bu qansızlar Şəkililəri hansı günə salıblar. Nizami Qəribov bu müəssisədə istənilən hərəkəti edir, hər biridə cinayət tərkibli. Bu müəssisə hal-hazırda sırf qanunsuzluqlar burulğanıdır. Maliyyə pozuntuları(yeyintiləri) yüksək peşəkarlıqla davam edir. Bu amansız hallar heç bir dövlət orqanlarını heç narahatda etmir. Bu bir qrup dələduzlar isə hər gün keyf-eyşrətdədirlər. Bir sözlə, Qarabağ erməni işğalçıları tərəfindən qeyri qanuni işğal edildiyi kimi, Şəki ipək kombinatıda bir qrup dələduz, mafioz dəstə tərəfindən qeyri-qanuni zəbt edilib və burada heçbir Azərbaycan qanunu işləmir. Çox təəsüf hissi ilə qeyd etmək lazımdır ki, Nizami Qəribov bu müəssisədə milli münaqişə yaradıb. Artıq burada sünni-şiyə məsələsi qabarıq şəkildə görünür. Şəki regionu sünnilərin yüksək çoxluq təşkil etdiyi bölgə olduğu üçün Nizami Qəribov demək olarki bütün Şəkililəri-əsasəndə sünni mənşəli insanları müxtəlif yollarla tam sıxışdıraraq məhv edir.

Bildiririk ki, bu komanda – Arif İbrahimov, Nizami Qəribov, Etibar Həsənov, Respublikada Pambıq maxinasiyaları ilə məşğul olan “MONOPOLİST” “İşbaz”lardır. Şəki İpək kombinatında Pambıq sexinin daimi işləməsinin (təqribən 30-40 işçi) əsas məqsədidə bu Pambıq İşbazlarının qeyri-rəsmi yollarla varlanması, cürbəcür maxinasiyaların edilməsidir. Bilmirik bu müəssisə İpək profilli müəssisədir, yoxsa pambıq? Adından gürünür ki, bu müəssisə yarandığı gündən adında həmişə “İpək” sözü olub, “Pambıq” sözü yox. Təbii ki, pambıq sexidə işləməlidir, ancaq bir qrup Monopolist İşbazların varlanması naminə yox. Nəzər yetirsək görərik ki, müəssisənin ipək profilli sahələri -Toxucu İstehsalatı, Burucu İstehsalatı, Boyaq-bəzək İstehsalatı, Xalça sexi və digər sahələrdən heç biri işləmir. Barama istehsalatı (2011-ci ildən iş dayandırılıb, 01.06.2016-cı il tarixdən müvəqqəti olaraq işə başlayıb)) istisna olmaqla, digər istehsalatlar və sahələrdə 2015-ci ilin iyun ayıdan etibarən iş tamamilə dayandırılmışdır. Azərbaycanın Milli dəyərlərindən biri olan İpəkçilik bu “İŞBAZ”lar və bir qrup dələduzlar tərəfindən tamamilə məhv olunaraq milli mədəniyyətimizə, sənayemizə və qeyri-neft sektorunun inkişafına böyük zərbə vuruldu. Ölkəmizin bu günündə - bahalaşmanın baş aldığı bir vaxtda belə bir müəssisənin – yəni, qeyri neft sektorunun bu günə salınaraq işləməməsi, insanların müxtəlif yollarla işdən kənarlaşdırılaraq işsiz qalması böyük bir günah və cinayətdir. Bu cinayət isə açılmır, əvəzində ört-basdır edilir.

Hörmətli cənab Prezident !

Nə qədər acınacaqlı olsa da, qazanc mənbələri Şəki ipək kombinatı olan çoxsaylı ailələr tam aclıq, dilənçilik, rəzalət, ölüm vəziyyətindədirlər. Uşaqlarımız, körpələrimiz bizdən yemək, digər zəruri təlabatlarını istəyirlər. Axı biz bunu edə bilmirik, övladlarımız qarşısında utanırıq. Şəki ipək kombinatının rəhbərliyi isə bunu başa düşmürlər, yalnız özləri və özlərinə yaxın olan şəxslər haqqında düşünürlər (yüksək məbləğli əmək haqqı alan şəxslər buna nümunədir). Çox təəssüf ki, Şəki ipək kombinatını, özlərinin şəxsi obyekti kimi hiss edən İŞBAZLAR - QARA ƏLLƏR Dövlət Başçımızın verdiyi sərəncamları, tapşırıqları, göstərişləri də saymırlar. İnsanların həyatları, taleləri ilə oyun oynayırlar. Müəssisəni normal qaydada işlətmək əvəzinə İnsanları cürbəcür yollarla işdən uzaqlaşdır, işsiz qoyurlar. İşləyənləri isə kölə vəziyyətinə salırlar. Bir sözlə “Şəki-İpək” ASC (Şəki ipək kombinaı)-nın çoxsayli fəhlə və işçilərinə qarşı GENOSİD həyata keçirirlər. Burada 1937-ci il təkrar olunur, Şəki xalqı represiyalara məruz qalır. Gəncə şəhərindən özünə yaxın olan isanları ışə gətirir, baxmayaraq ki, Şəkililər işdən rədd edilirlər. Bu hərəkətləri ilə insanları ölüm həddinə çatdırırlar. Nizami Qəribov və onun yaxın ətrafı çəkinmədən Şəkililərə qarşı bilərəkdən aqressiv hərəkətlər edir, Şəkililəri təhqir edir, Şəkililərin ünvanına biyabırçı söyüşlər söyürlər, Şəkililərin qanını içirlər. Belə vəziyyət isə ağır nəticələrə gətirib çıxara bilər. Belə hallar Preziderntlə, Dövlətlə, kasıb xalq arasında uçurum yaradılmasına, insanların hakimiyyətdən, Dövlətdən və Dövlət Başçısıdan narazı qalması kimi neqativ amillərə gətirib çıxarır. Bu hallar isə Şəki ipək ASC-nin rəhbərliyi tərəfindən bilərəkdən və məqsədli olaraq davamlı şəkilldə yüksələn dinamika ilə həyata keçirilir və uçurum daha da dərinləşdirilir. Bu vəziyyət isə Dövlətə və Dövlətçiliyimizə qarşı yönələn əməllərdir. Görünür Nizami Qəribov kimilərin arxasında hansısa yüksək vəzifəli şəxs dayanır. Bu real halların ciddi araşdırılmasına zərurət var.

Hörmətli cənab Prezident, bizə Gəncəliləşdirilmiş “Şəki-İpək” ASC (Şəki ipək kombinatı) lazım deyil, Şəkililəşdirilmiş “Şəki-İpək” ASC lazımdır. Şəki ipək kombinatının işçiləri işsiz və ac qaldığı halda nə üçün Gəncədən gətirilmiş işçilər Şəkidə yağ-bal içərisində yaşamalıdırlar(“Şəki-İpək” ASC-dən yararlanaraq)? Artıq Nizami Qəribov tərəfindən Şəkililərə qarşı edilən bu təhqirlərə dözmək mümkün deyil. Nizami Qəribov başa düşməlidirki, “Şəki-İpək” ASC (Şəki ipək kombinatı) ona atası Cahangir kişi tərəfindən miras qalmayıb. Bu müəssisə bütün Şəkiyə və şəkililərə xidmət edən müəssisə olub. Yox, əgər bu müəssisə Gəncəlilərə xidmət edəcəksə, xahiş edirik bu müəssisənin birdəfəlik Gəncə şəhərinə köçürüılməsinə köməklik edəsiz.

2000-ci illərin əvvəllərində Ulu Öndərimiz Heydər Əliyevin xüsusi qayğısı və tapşırığı nəticəsində Şəki ipək kombinatına yeni nəfəs verildi, müəssisə işə başladı. Belə ki, Azərbaycan Beynalxalq Bankından alınan yüksək məbləğli kredit vəsaitləri hesabına. Hal-hazırda müəssisə alınmış kreditlərdən düzgün və səmərəli istifadə etməməsi səbəbli 50 milyon ətrafında ABB-na kredit borcu var. Görünür həmin kreditlərdən yüksək mənimsəmələr baş vermiş, vəsaitlər təyinatı üzrə düzgün xərclənməmişdir. Bu hallarında düzgün və obyektiv araşdırılmasına ehtiyac var. Müəssisədə hal-hazırda da kredit oyunları davam edir. Məlumdur ki, müəssisənin bank hesabı sağlamlaşdırılma tədbirləri ilə əlaqədar müvafiq fərmana əsasən Aqrarkredit bank olmayan SKT-yə keçirilmişdir. 2016-cı ilin yanvar ayında həmin təşkilatdan Şəki ipək kombinatının adına 200000 (iki yüz min) manat kredit verilmişdir. Hal-hazırda da 500000 manat kredit alınmışdır. Bu nəyə xidmət edir? . Əvvəla bildirək ki, Şəki-ipək ASC-nin Müşahidə Şurasının Sədri Cahangir Həsənov (həmin şəxs eyni zamanda CTZ Aqro MMC-nin direktorudur) hal-hazırda həbsdədir və belə bir halda tez-tələsik müşahidə şurası necə qərar verib? Bəs bank (Aqrarkredit SKT) görmürki bu müəssisənin böyük bir məbləğdə borcu var və ödəyə bilmir? Görünür qara əllər yenə öz əvvəlki maxinasiyalarını cürbəcür yollarla həyata keçirirlər. Aqrarkredit SKT “Şəki İpək” ASC rəhbərliyi ilə əlbir olaraq güclü kredit oyunlarına girişmişdir. Ümumiyyətlə bu müəssisəyə bu vəziyyətdə(hazırki rəhbərliklə və hazırki müşahidə şurası ilə) kredit vermək tam təhlükəlidir. Çünki bu kredit reallıqda bu müəssisənin dirçəldilməsi, işçilərin işlərinə bərpa edilməsi üçün deyil, bir qrup dələduzların dələduz əməllərinə xidmət etmək üçündür. Əvvəllər Beynalxalq Bankdan götürülmüş kredit borcunun taleyi necə oldusa, bu 200000 və 500000 manatında taleyi ondan fərqlənməyəcək. Sonda isə bu borcu yazıq, yoxsul fəhlə qaytaracaq. Bir məqamda çox maraqlıdır ki, Şəki ipək kombinatı nə üçün CTZ Aqro MMC tərəfindən (əsasəndə Arif İbrahimov) tərəfindən qeyri-rəsmi qaydada idarə olunur? Ümumiyyətlə burada görünməyən gizli və cinayətlə dolu olan məqamlar (pambıq maxinasiyaları), gələcək üçün çox təhlükəli hallar çoxdur. Şəki ipək kombinatı reallıqda CTZ Aqro MMC-nin for-postuna çevrilmişdir. Bunların hamısının hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmasına ehtiyac var.

Bu müəssisə barədə ancaq bu müəssisənin tarixini, keçmişini - yəni 7-8 min işçi ilə işlədiyi vaxtları bilən və görən insanlar düşünə bilərlər.

Hörmətli cənab Prezident!

Biz sıradan olan vətəndaşlar Şəki ipək kombinatının rəhbərliyi tərəfindən əzilirik, təhqir olunuruq və bu barədə möhtərəm cənab Prezidentə bir neçə dəfə müraciət etsək də, bu günədək heç bir real nəticə olmayıb. Ola bilsin ki, bizim məktubumuzun çatdırılmasında da müəyyən əngəlliklər olub. Güman edirik ki, cənab Prezidentə “Şəki-İpək” ASC haqqında əsl real məlumatlar çatdırılmır. Hörmətli cənab Prezident , bizim yeganə ümidimiz Sizsiniz. Yuxarıda göstərdiyimiz və göstərə bilmədiyimiz (çünki bu rəhbərlik sözünü demək istəyən insanı ölümlə hədələyir) bütün faktları nəzərə alaraq, mövcud vəziyyəti şəxsən öz nəzarətinizə götürərək aşağıdakılara dair köməkik etməyinizi Sizdən xahiş edirik:

1. Şəki-İpək ASC(Şəki ipək kombinatının) rəhbərliyi – “İşbaz”lar - “QOÇU” komandası – Nizami Qəribov və onun komandası (tam idarəedici orqan) tam olaraq yarıtmaz fəaliyyətlərinə görə tutduqları vəzifələrdən azad olunsun və fəaliyytləri kompleks şəkildə tam dəqiqliklə yoxlanılaraq barələrində ciddi tədbir görülsün;

2. Şəki-İpək ASC(Şəki ipək kombinatı)-na ipəkçiliyi və toxuculuğu yüksək səviyyədə bilən, intellektual səviyyəsi yüksək və insanlarla işləmək qabiliyyəti olan ixtisaslı mütəxəssis rəhbər təyin olunsun;

3. Bütün qannsuzluqlara, özbaşınalıqlara və haqsızlıqlara son qoyularaq müxtəlif bəhanələrlə, o cümlədən aldadılaraq işdən azad olunmuş və işdən azad olunmaq həddində olan işçilər öz vəzifələrinə bərpa edilsinlər;

4. Müəssisədə təcili olaraq bütün işçilərin yenidən öz işlərinə qaytarılması və bütün iş ahənginin yenidən bərpa olunmasına təcili olaraq yüksək səviyyədə köməklik etməyinizi Sizdən xahiş edirik.

Hörmətlə,
Şəki İpək kombinatının çoxsaylı işçiləri.
12.09.2016

DİA.AZ