BolgeXeber.Com » Ölkə » Bakı kinoteatrlarında film səfası niyə lüks sayılır?

Bakı kinoteatrlarında film səfası niyə lüks sayılır?

10-10-2016, 14:44
Oxunub: 3 245 Bakı kinoteatrlarında film səfası niyə lüks sayılır?Biletlər və xidmət baha olduğundan insanlar pirat disklərə üstünlük verir...

Həftə sonu bütün dünyada insanların istirahətə, kino və əyləncəyə vaxt ayırdığı gündür. Bu, Azərbaycanda da belədir. Amma bizdə hər şey lüks sayılır. Sıradan bir əyləncə - kinoteatr, bir nahar yeməyi, bir qədər gəzinti aylıq məvacibimizin əhəmiyyətli hissəsini təşkil edir. Bu səbəbdən də belə bir əyləncəni ailələr ayda ancaq bir dəfə həyata keçirə bilirlər. Filmlərə yaş senzi qoyulur, amma... 90-larda şəhərdəki kinoteatrlar həm az idi, həm də təyinatı fərqli idi. O baxımdan da insanlar ancaq kirayə kasetlərə üstünlük verir, bir-iki günlüyünə disk, kaset kirayə götürüb, evdə baxmağı tərcih edirdilər. İndi isə seçim bir qədər artıqdır. Şəhərdə sayı gündən-günə artan AVM-lər - alış-veriş mərkəzlərində kinoteatrlar da fəaliyyət göstərir. Amma burda kinoya baxmaq bir ailənin büdcəsi üçün ciddi məbləğ sayılır. “Metro Park”da gördüklərimizə keçək. Afişada əsasən Hollivud və Türkiyə istehsalı olan filmlər, eləcə də yerli istehsal olan bəzi filmlərin elanları yer alır. Üzərində yaş senzi göstərilsə də, onun hansı normalarla müəyyənləşməsi bir başqa müzakirənin mövzusudur. Şəxsən mən “Miss Pereqninin qəribə uşaqlar evi” adlı filmin +12 yaş senzi ilə yazıldığına şahid olsam da, qorxu filmi sayılan bu film heç də həmin yaş üçün xarakterik deyildi. Eləcə də “Müthiş bir film” adlı komediya üçün də yaş senzi +12 göstərilib, amma baxanlar bilir ki, ordakı bəzi zarafatlar və dialoqlar heç də 13 yaşlı yeniyetmələr üçün uyğun deyil. Anlamaq olmur ki, bu senzi müəyyən edənlər azərbaycanlı uşaqların hansı psixologiya və yetişmə tərzində olduğunu düşünürlər. Pop-korn bilet qiymətinə satılırsa... Kinoteatra ciddi axın olduğunu demək olmazdı. Daha çox “utancaq” cütlüklər, eləcə də tələbə qızlardan ibarət qruplar gözə dəyirdi. Sayın azlığına təsir göstərən isə heç şübhəsiz ki, qiymətlərin bahalığı idi. Məsələn, yuxarıda adını çəkdiyimiz filmə biletin qiyməti 6.50 AZN idi. Ən maraqlısı isə biletin üzərində üç dildə yazının olması idi: Azərbaycan, türkcə və rus dilində. Anormallıqlardan biri bu olsa da, illərdir bunu dəyişmək istəyən yoxdur. Amma “kino keyfi” üçün bilet almaq yetərli deyil. Bunun pop-kornu, suyu, meyvə şirəsi... var. Qiymətlərə diqqət: Duzlu və ya şirin pop-korn - 2 - 5AZN İce Coffee və cappuccino (eləcə də espresso) - 3 AZN Meyvə kokteyli - 3AZN Plastik qabda 0.5 litrlik su, fanta, kola- 1 AZN Seed Drink - 3AZN Dəmir qabda Fanta, Cola və pepsi - 2 AZN Qiymətləri müqayisə etmək üçün digər kinoteatrlara da baş çəkdik. “28 Mall”-da yerləşən “28 cinema”da biletlər ancaq səhər saatlarında çatımlı olur. Bəzi filmlərin 10.45 seansı üçün bilet qiyməti 3 AZN, 19.10 seansında isə 7 AZN-dir. “Park Cinema”da da qiymətlər bir qədər fərqlidir. Həftə sonları, qeyri-iş günlərində böyük tarifi ilə bilet qiyməti 7.80 AZN-dir. Uşaq tarifi 6.20 AZN-dir. Yeni ailə 3 tarifi ilə qiymətlər 18.60 AZN, yeni ailə 4 tarifi iləsə 24.80 AZN-dir. Bu qiymətlərə baxmaqla siz 3 nəfərlik bir azərbaycanlı ailəsi üçün bir günlük “kino keyfi”nin necə lüksə çevrildiyini hesablaya bilərsiz. Su, pop-korn, bilet, parkinq pulunu üst-üstə gələndə azərbaycanlı ailənin bir kinoya baxmaq üçün minimum 40-45 AZN arasında xərc çəkməli aydındır. Bu məsrəfi heç də bütün azərbaycanlı ailəsi qarşılaya bilmir və pirat disk alanların, kino saytlarının yardımından istifadə edənlərin sayı da bu səbəbdən ildən-ilə artır. Ailə büdcəsini ciddi şəkildə tənzimləyənlər üçün 7 AZN ciddi məbləğdir və hətta bunu az qala 1 kilo mal ətinin qiyməti ilə müqayisə etmək mümkündür. O halda bunun adı lüks deyil, nədir? Qonşu Türkiyədə bilet qiymətləri ilə bağlı araşdırma aparılıb. “Takvim” qəzetinin mədəniyyət şöbəsinin araşdırmasına görə, qonşularımızda biletlərin orta qiyməti bizim pula çevirəndə 3.50 AZN-dir. Türkiyə ərazisində ümumən 2 min 58 kinoteatr fəaliyyət göstərir. Təbii ki, ortada stabil bilet qiymətindən söhbət gedə bilməz. Çünki kinoteatrın komfortu, texniki üstünlükləri, yerləşdiyi ərazi də qiymətə təsir göstərir. Amma İstanbulda yerli valyuta ilə 2.50 AZN-ə də bilet satılan kinoteatr tapmaq mümkündür. İstanbulun ən lüks səmtində, ən bahalı kinoteatrlarda isə qiymət 5 AZN-i ötmür. Və məhz bunun səbəbidir ki, azərbaycanlılar yeni filmlərə ən yaxşı halda internet, ən pis halda isə disk vasitəsilə baxırlar. Təbii ki, seçim sonuncunun xeyrinə olanda nəsibimiz pirat disklər olur. Piratçılıq üzündən bütün dünya musiqi bazarı hər il təxminən 4 milyard avro itirməkdədir. Bu rəqəm Yaponiya və ABŞ xaricindəki bütün ölkələrin hər birinin qanuni kaset satışlarından daha artıqdır. Bu gəlirin böyük bir qismi kriminal qruplaşmalarının maliyyələşməsinə sərf olunur. Pirat satışları son dönəmdə Yer kürəsində böyük bir artımla iki qata qədər artıb. Məsələn, adi müqayisə - 2010-cu ildə bu rəqəm 510 milyon idisə, 2012-ci ildə 1.7 milyarda qədər artıb. CD-lərlə yanaşı, kasetlərin də saxta satışının geniş yayıldığını nəzərə alanda, pirat məhsullar bütün musiqi satışlarının 40 faizini təşkil edir. Məsələn, bir ay öncə Latın Amerikasında həyata keçirilən bir əməliyyat nəticəsində 235 CD, 1 milyon ədəd CD-R və 500 min ədəd üzü yazılmış CD ələ keçirilib. Bu təsisin illik istehsal potensialı 14 milyon CD-R-dir. Araşdırmalar zamanı məlum olub ki, bu qara bazardan əldə edilən gəlir narkotik qaçaqmalçılığı və insan alveri kimi bizneslərə yönəldilir. Bazarda pirat disk məhsullarının faizi 70-80 faizdir Hazırda Azərbaycanda CD-DVD bazarında 75-78 faiz, kitab bazarında 45-50 faiz, kompüter proqramları bazarında 88-89 faiz pirat məhsullar var. Bu, Müəllif Hüquqları Agentliyinin açıqladığı rəsmi statistikada öz əksini tapıb. Məlumatlara görə, son zamanlar görülmüş tədbirlər nəticəsində piratçılığın səviyyəsi 2 faiz aşağı düşüb. Amma bu rəqəm arta da bilər. Xüsusi nəzarət holoqramları tətbiq olunduqdan, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun qəbul edildikdən, Əqli Mülkiyyət Mərkəzi yaradıldıqdan sonra təbii ki. Məlumatlara inansaq, bu halda piratçılığın səviyyəsini 15 faiz aşağı salmaq mümkün olacaq. Müəllif Hüquqları Agentliyi tərəfindən “Əqli mülkiyyət hüququnun təminatı və piratçılığa qarşı mübarizə haqqında” yeni qanun layihəsi hazırlanıb. Bu barədə məlumat verən agentliyin şöbə müdiri Natiq İsayevin sözlərinə görə, sənədin yaxın günlərdə parlamentə təqdim edilməsi nəzərdə tutulur: “Belə bir qanunun hazırlanması əqli mülkiyyətin qorunması və təminatı məqsədi daşıyır. Layihədə nəzərdə tutulur ki, əqli mülkiyyət obyektləri üzərinə müvafiq nəzarət markaları yapışdırılsın. Bununla bazarda olan məhsulların hansısının pirat, hansının isə qanuni olması müəyyən ediləcək. Beləliklə bazarda pirat məhsulların yığışdırılmasına nail olunacaq”. Şöbə müdirinin bildirdiyinə görə, agentlik tərəfindən eyni zamanda “Əqli mülkiyyətin İnkişafına dair Dövlət Proqramı” da hazırlanır. Azərbaycanda istifadə olunan proqram təminatının 90%-i piratdır. Bunu isə jurnalistlərə açıqlamasında USAİD-in Qafqaz üzrə regional direktoru Cek Konli bəyan edib. Onun sözlərinə görə, Azərbaycan pirat məhsulların istifadəsinə görə dünyada 6-cı yeri tutur: “Proqram təminatı sahəsində pirat məhsulların istifadəsi informasiya təhlükəsizliyinin zəifləməsinə gətirib çıxarır. Əgər ofis və banklar lisenziyalaşdırılmış məhsuldan deyil, pirat proqramdan istifadə edirlərsə, bu kompüterlərə haker hücumu təşkil etmək daha asan olur”. C.Konli ümidvar olduğunu bildirib ki, USAİD-lə “Microsoft-Azerbaijan” və “Softline” şirkətləri arasında imzalanan pirat proqram təminatı ilə mübarizəyə dair bugünkü memorandum Azərbaycanda informasiya təhlükəsizliyinin inkişafına və İT sektorunun artımına səbəb olacaq. Kim necə cəzalandırılır? Bəs qanunlar nə deyir? Əqli mülkiyyət hüququnu qorumaq üçün bizdə qurumlar və qanunlar necə işləyir? Bu sahə üzrə iki dövlət qurumu var. Biri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, digəri isə Müəllif Hüquqları Agentliyi. Əqli mülkiyyət hüquqları özü çox müxtəlif və geniş anlayışdır. Bu siyahıya elm, ədəbiyyat, incəsənət nümunələri, elektron proqram təminatı, ifalar, televiziya və radio verilişləri, kinolar, ixtiralar, sənaye mülkiyyəti formaları və s. aid etmək olar. Azərbaycanda əqli mülkiyyətin “sənaye formaları”nı Patent Agentliyi qoruyur, humanitar deyə biləcəyimiz qalan müəlliflik hüquqlarını isə Müəllif Hüquqları Agentliyi. Bu hüquqların qorunması üçün yetərincə qanunlar da var. “Patent haqqında”, “Əmtəə nişanları haqqında”, “Müəlliflik və əlaqəli hüquqlar haqqında” qanunlar da daxil olmaqla 20-yə yaxın hüquqi-normativ sənədlər var. Üstəlik, Azərbaycan əqli mülkiyyət hüququyla bağlı demək olar ki, bütün konvensiyalara da qoşulub. Hətta Qərb ekspertləri Azərbaycanda bu sahədəki qanunvericilik və mexanizmləri MDB və bəzi Avropa ölkələrindən də yüksək qiymətləndirirlər. Amma bununla yanaşı, Azərbaycanda əqli mülkiyyət hüquqlarının pozulması addımbaşı baş verir. Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun sözlərinə görə, Azərbaycanda müəlliflik hüquqları əsasən iki cür pozulur - qanunsuz istifadə və plagiat - özününküləşdirmə. Plagiat və qanunsuz istifadə - piratçılıqla bağlı misallar üçün uzağa getmək lazım deyil. Məsələn, kompüter proqramları istehsal edən “Microsoft”un araşdırmalarına görə, Azərbaycandakı kompüterlərin 95 faizə qədərinə lisenziyasız - pirat “Windows” proqramları quraşdırılıb. Hollivudda çəkilən bir filmin hələ Amerika və Avropada təqdimatı olmaya-olmaya, artıq Bakı mağazalarında 5 dollara açıq satılır. musavat.com